”Oğluma əvvəl işgəncə verilib, sonra həbsə salınıb”

Salyan polisi rayonun Qarabağlı kəndindəki oğurluğun üstünü belə ”açır”

Source:
47164
Vüsal Qəhrəmanov


Salyan polisi rayonun Qarabağlı kəndindəki oğurluğun üstünü belə ”açır”

“Vüsalı əl izini götürmək və izahatını almaq üçün polis şöbəsinə çağırıblar. İşləri ilə əlaqədar Bakıda olub, deyib, iki günə gələcəm. Polis gözləməyib, 60 yaşlı atasını evdən aparıb, 2 sutka şöbədə ac-susuz saxlayıb. Vüsal bundan xəbər tutanda şöbəyə gedib. Atasını şöbədən azad edib özünü içəri atıblar, cinayəti boynuna qoymaq üçün işgəncə veriblər, istədiklərinə nail olmayanda məhkəməyə aparıb 20 sutkalıq inzibati həbs verdiriblər. Salyan polisi oğrunu axtarmaqdansa, kəndin gənclərinin gününü qara eləyib”.

Fevralın 12-dən 13-nə keçən gecə Salyanın Qarabağlı kəndindəki “Qarabağlı” marketindəki “MilliÖn” ödəmə aparatından oğurluq olub. Kənd sakinləri Meydan TV-yə danışırlar ki, Salyan polisi qarşısına çıxan gəncləri, əllərinə gənclər keçməyəndə onların valideynlərini polis şöbəsinə aparır.

Məni şöbədə 1 sutka ac-susuz saxladılar

Polisə aparılanlardan biri də kənd sakini, 60 yaşlı Qadir Qəhrəmanov olub. Oğlu Vüsal Qəhrəmanova görə iki sutka polis şöbəsində ac-susuz saxlanılan Qadir Qəhrəmanov şöbədən buraxılandan sonra prezidentə, ombudsmana, daxili işlər nazirinə müraciət edib:

“Fevralın 13-də günorta saat 3-4 radələrində kəndin sahə müvəkkilinin Miri adlı köməkçisi gəlib oğlum Vüsalın polis şöbəsinə çağırıldığını bildirdi. Mən də dedim ki, Vüsal xəstə əmisini müalicə üçün Bakıya aparıb, gələndə xəbər edərəm, şöbəyə gedər. Sahə müvəkkili getdi, bir azdan 4-5 maşın polis gəldi, həyətə girib oğlumun ünvanına təhqiredici sözlər deyərək, oğlumu həyətə çağırmağımızı tələb etdilər. Biz bildirdik ki, bir az əvvəl sahə müvəkkili gəlmişdi, ona oğlumuzun Bakıda olduğunu demişik. Digər oğlum Əlibəy eşitmə qüsurludur, polis işçisi buna görə onu lağa qoydu, bu, bizə çox pis təsir etdi. Polislərə oğlumun əlaqə nömrəsini verdim ki, özləri zəng vurub sözlərini desinlər. Polis əməkdaşı İntiqam Dəmirov oğlumla danışdı. Vüsal ona bildirdi ki, Bakıdadır, ayın 14-də rayona qayıdan kimi polis şöbəsinə gedəcək. Ancaq polis əməkdaşı oğluma dedi ki, elə şey yoxdur, bu dəqiqə ailə-uşağını yığıb aparıram şöbəyə… Dedi və elədi… Məni aldatdılar ki, gedək, rəisə özün de ki, oğlun Bakıdadı, sabah qayıdan kimi şöbəyə gələcək. Mən də onlara qoşulub getdim. Məni binanın ikinci mərtəbəsində – əməliyyatçıların otağında əsassız, səbəbsiz, qanunsuz və ac-susuz saxladılar. Yaşlı, xəstə adamam, o bir sutkada ac-susuz, üstəlik də həyəcan, stress yaşadım. Səhərə qədər masa arxasında stulda oturdum. İşgəncə təkcə insanı döyməkdən ibarət deyil. Xəstə insana qarşı bunlar özü də bir işgəncə idi. Oğluma xəbər çatan kimi növbəti gün özünü şöbəyə çatdırdı, məni azad edib, onu saxladılar”.

Cinayəti oğlumun üstünə yıxmaq istəyirlər


Atanın sözlərinə görə, elə həmin gün Vüsala işgəncə verilib, sonra da İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə sənədləşdirərək onu rayon məkəməsinə aparıblar. Məhkəmə Vüsal Qəhrəmanova 20 sutka həbs cəzası kəsib. Vüsalın ailəsi narahatdır. Atası deyir, Vüsala işgəncə verməklə cinayəti onun boynuna qoymaq istəyirlər:

“Oğrunu tapa bilmirlər, günahsız insanları incidirlər. Biz qanun qarşısında boynu tükdən nazik olan insanlarıq. Axı Heydər Əliyev deyib ki, “Dövlət iki şeydən sarsıla bilər: günahsız cəzasız qalanda və günahsıza cəza veriləndə”. Mənim oğlum günahsızdır, polis əsl oğrunu üzə çıxarmaqdansa, günahsız insanları döyüb cinayəti boynuna qoymağa çalışır”.

Xəbəri eşidən kimi ürəyi dayanıb


Oğurluq faktına görə polisə aparılanlardan biri də kənd sakini Sahət Qafarov olub. Onu da polis şöbösinə həmin vaxt Bakıda olan oğlu Bəhlula görə girov kimi aparıblar: oğlun gəlsin, səni buraxaq… Ancaq budəfəki aparılma faciə ilə bitib. Bəhlul Qafarov Meydan TV-yə danışır:

“1 aydan çoxdur ki, Salyandan çıxmışam, müalicəmlə əlaqədar xəstəxanaya gedib-gəlmək yaxın olsun deyə, Bakıda kirayə ev tutub qalıram. Fevralın 13-də mənə Salyan Rayon Polis Şöbəsindən zəng gəldi. Tələb etdilər ki, təcili şöbəyə gəlim. Bildirdim ki, xəstəyəm, müalicə alıram, iki gündən sonra gələrəm. Razılaşdıq… Sabahı gün eşitdim ki, mənimlə danışandan sonra axşam saat 9 radələrində atamı evdən polis şöbəsinə aparıblar. Bildiriblər ki, oğlun gəlməyincə səni buraxmayacağıq. Gəlsin, əl izlərini götürək, izahatını alaq, getsin. Ürəyi xəstə əmim atamın gecə polisdə saxlanmasını eşidəndə ürəktutmasından vəfat edib, səhəri gün rəis işə gələndə atamı buraxıb. Mən bundan xəbər tutanda atama zəng vurdum, dedi, kənddə oğurluq olub, hamını aparırlar”.

Başa düşdüm ki, məni də şərləyəcəklər, getmədim

Beləcə, Bəhlul Qafarovun ailəsi yasa batıb. O, rayona qayıtmaq istəyərkən həmkəndlisi Vüsal Qəhrəmanovun da eyni səbəblə şöbəyə çağırıldığını, orada cinayəti boynuna qoymaq üçün işgəncə verildiyini və 20 sutkalıq həbsə atıldığını biləndə fikrindən daşınıb:


“Bilirəm ki, gedəcəm, mənə də işgəncə veriləcək, hər yolla cinayəti boynuma qoymağa çalışacaqlar. Ona görə də hələ qəti qərar verə bilmirəm. Polis şöbəsindənsə hər gün zəng vurub hədə-qorxu gəlirlər, əsasən də ailəmlə hədələyirlər. Deyirlər, gəlməsən, adına kiloyla narkotik sənədləşdirəcəyik, əlli-ayaqlı gedəcəksən “sroka”. Bax belə…”

Salyan Rayon Polis Şöbəsindən bildirilib ki, Qarabağlı kəndində mağazadakı “MilliÖn” ödəniş aparatından pul oğurlanıb. Polis şübhəli şəxs qismində bir neçə kənd sakininin izahatını və əl izlərini götürmək üçün şöbəyə dəvət edib. Vüsal Qəhrəmanov əvvəl çağırışdan yayınıb, daha sonra şöbəyə gələndə isə polisin qanuni tələblərinə tabe olmayıb. Polis Vüsal Qəhrəmanova qarşı hər hansı fiziki zor tətbiq olunması ilə bağlı deyilənləri təkzib edib. Bəhlul Qafarova gəlincə, polis şöbəsindən bildirilib ki, təhqiqat şöbəsindən ona zəng vuraraq şöbəyə gəlib izahat verməsi deyilib, ancaq vətəndaş çağırışa gəlmir. Hər iki şəxsin valideynlərinin şöbədə saxlanmasını isə polis şöbəsindən təkzib ediblər.

Ana səhifəBölgə”Oğluma əvvəl işgəncə verilib, sonra həbsə salınıb”