Oğuz rayonu

Mənbə: google.az

Başlıq: Oğuz rayonu

Oğuz sakini: ''Həm döyüblər, həm də həbs etdirmək istəyirlər''

Elgün Salamzadə deyir, rayonun baş notariusunun qardaşı onu döyüb, ancaq sonradan işi qərəzli şəkildə onun özünə qarşı çeviriblər.

“Məni döyən adam rayonumuzun baş notariusunun qardaşı olub. Bu baş notarius da rayonun polis rəisi, prokuroru, hakimiylə dostdur, birlikdə işlər görürlər, birlikdə nahar edirlər. Bütün rayon bilir ki, sıx münasibətləri var. Bu səbəbdən də bir neçə aydan sonra cinayət işini özümə qarşı çevirdilər. Məni döyəni zərərçəkmiş, özümü isə təqsirləndirilən şəxs elan edib məhkəmə qarşısına çıxartdılar. Üstəlik, qardaşımı da bu işə qatdılar”.

Oğuz rayonunun Xaçmazqışlaq kənd sakini Elgün Salamzadə Meydan TV-yə danışır ki, ötən il iyulun 13-də həmkəndlisi olan Telman Məmmədovla aralarında yaranmış məişət mübahisəsi zəminində döyülüb. Bütün sübutlar və dəlillər onun döyülərək xəsarətlər aldığını təsdiqləsə də, nəticədə özünü və qardaşını cinayət məsuliyyətinə cəlb ediblər.

Ərizə

Ərizə

Mənbə: meydan.tv

“Qolumu sındırdı, köynəyimi cırdı, təpiklər ilişdirdi”

“İyulun 13-də axşam saatlarında bağı suvarmaq üçün bənd qurub su kanalından öz istifadəm üçün su götürmək istədim. Rayonun baş notariusu Vaqif Məmmədovun ailəsinə məxsus traktor da ərazidə idi. Bir də gördük ki, traktorun sürücüsü traktorla bəndi dağıdıb. Qonşu qadın da əlinə daş alıb ki, onu qovsun. Sürücü traktoru sürüb aradan çıxdı. Qurduğumuz bəndi dağıtmasının səbəbini öyrənmək üçün dalınca getdim, kənd çayxanasındaydı. Baş notariusun qardaşı, həmkəndlimiz Telman Məmmədov da ordaydı, ona iradımı bildirdim. Dedi ki, traktor mənim deyil, qardaşımındır. Dedim, hər kimindir, belə özbaşınalıq olmaz. Sürücünüz qurduğumuz bəndi dağıdır, adamlara su götürməyə imkan vermir. Telman da qışqırdı ki, bizim sürücüyə söz deyənin var-yoxunu... Bundan da mübahisəmiz başladı, ilk yumruğu ağzımın üstündən ilişdirdi, qan fışqırdı. Özümü müdafiə eləmək istəyəndə qolumu sındırdı, köynəyimi cırdı, təpiklər ilişdirdi. Ora yığışan kənd sakinləri məni əlindən zorla aldılar. Pivə şüşəsini götürdü ki, başıma vursun, adamların köməkliyi ilə ordan qaçıb uzaqlaşdım,”- Elgün Salamzadə deyir.

“Ekspertiza xəsarətlərimi təsdiqləyib”

Elgün Salamzadənin sözlərinə görə, elə həmin gün rayon mərkəzi xəstəxanasına gedib, müayinədən keçib, sınıq qoluna kips qoyulub, üzündəki və bədənindəki xəsarətlərinə görə tibbi yardım alıb. Oradan da rayon polis şöbəsinə yollanıb:

İttiham Aktı

İttiham Aktı

Mənbə: meydan.tv

“Şöbəyə çatanda gördüm ki, binadan çıxır. Məni görən kimi yenə üstümə cumdu, söyüş, təhqir... Binadan çıxan polislər onu məndən ayıra bilmirdi. Həmin gün İlkin adlı təhqiqatçı məndən qısa izahat aldı. Növbəti gün ekspertizadan keçmək üçün göndəriş verdi. Daha bir gün sonra yenə çağırdı, dedi ki, Telman da DİN-in 102 xidmətinə zəng vurub, səndən şikayət edib”.

“Dedilər, rüşvət verməsən, işi bağlayacağıq”

Şikayətçinin iddiasına görə ondan 500 manat rüşvət alınıb:

“Dedilər ki, qarşı tərəfin arxasında vəzifəli qardaşı var. Ya 1500 manat gətir ki, qarşı tərəfə cinayət işi açaq, ya da “kifayət qədər sübut yoxdur” yazıb işi bağlayacağıq. Danışıqlarla məbləği 500 manata endirdim və 500 manat verdim. Pulu alandan sonra söhbəti çevirdilər, bildirdilər ki, qarşı tərəf sənə 3 min manat təklif edir, götür, barışıq ərizəsi yaz... Razılaşmayandan sonra döyəni zərərçəkmiş elan eləyib məni və işə yaxından, uzaqdan aidiyyəti olmayan qardaşımı cinayət məsuliyyətinə cəlb elədilər. Halbuki şahidlər mənim döyüldüyümü, söyüldüyümü yazmışdılar, bununla belə, işi özümüzə tərəf çevirdilər, guya mən qardaşımla əlbir olub Telman Məmmədovu döymüşəm”.

“Cinayət işi başlandı, ancaq özümüzə qarşı çevrildi”

Əvvəlcə fakt üzrə Cinayət Məcəlləsinin 127 (Qəsdən sağlamlığa az ağır zərər vurma) və 221 (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. Daha sonra rayon prokurorluğunda istintaqın gedişatında Elgün Salamzadəyə qarşı tərəflə barışıq təklif olunsa da, razılaşmayıb. 4 aydan sonra həm ona, həm də qardaşına qarşı 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsiylə cinayət işi açılıb:

Elgün Salamzadə

Elgün Salamzadə

Mənbə: meydan.tv

“Dəfələrlə çağırıb təklif elədilər ki, gəl barış, söhbət bitsin, razılaşmadım. Qanunsuzluqlarla bağlı Baş Prokurorluğa şikayət yazdım. Bir müddətdən sonra cavab gəldi ki, şikayətim araşdırılması üçün Oğuz rayon Prokurorluğuna göndərilib. Halbuki, mənim şikayətim elə həmin prokurorluqdan idi. Noyabrın 27-də prokuror məni və qardaşımı yanına çağırdı, dedi, mən pul-filan görməmişəm, mənə heç nə verilməyib. Gəl barış, bu iş bitsin. Qardaşım da, mən də ona qəti şəkildə qərarımızı bildirdik. Dedi, bundan sonra daha özünüz bilin. Dekabrın 13-də bizi növbəti dəfə istintaqa çağıranda məlum oldu ki, qardaşımla məni cinayət məsuliyyətinə cəlb ediblər, qarşı tərəfi isə zərərçəkən ediblər. Həmin gün dövlət hesabına vəkil təyin etdilər”.

“Bakıda olduğumuz tarixdə guya rayonda ittihamla tanış olmuşuq”

Şikayətçinin sözlərinə görə, dekabrın 22-də müstəntiq növbəti dəfə onun adından ittiham aktı ilə tanış olması ilə bağlı sənəddə qeydlər aparıb:

“Zəng vurdu ki, qardaşını da götür, təcili gəl, sənədlər var, imzalamalısız, iş məhkəməyə gedir. Dedim, Bakıda toydayıq. Rayona qayıdandan sonra - dekabrın 26-da getdik ki, ittiham aktıyla tanış olaq, gördük, özü yerimizə yazıb. Biz də sənədin arxasına ittihamların saxta olduğunu və qəbul etmədiyimizi yazıb imzaladıq. Məhkəmədə dedim, gətirək, toyun çəkilişinə baxış keçirin, orda tarix qeyd olunub. Mobil telefonlarımızın həmin tarixdə əhatə dairəsini araşdırın, biz rayonda olmamışıq, Bakıda olmuşuq. Hakim vecinə də olmadı. Prokurora etiraz etdik, hakimə etiraz etdik, protokollarla tanış olmaq üçün vəsatətlər verdik, heç bir vəsatətimiz təmin olunmadı. Səkkiz şahid məhkəmədə hakimə bildirdi ki, ibtidai istintaqa verdikləri ifadələr saxtalaşdırılıb. Qarşı tərəfin saxta şahidlərindən ikisi elə ifadə verəndə ifşa olundu, biri isə həmin traktorun sürücüsüdür, ailədən maddi asılılığı olan adamdır”.

Oğuq Rayon Məhkəməsində iki qradaşın – Elgün və Elvin Salamzadələrin məhkəməsi yekunlaşmaq üzrədir. Telman Məmmədov ifadəsində göstərib ki, Elgün və Elvin Məmmədov qardaşları kənddəki çayxanada mübahisə zəminində sifətinə və başına yumruqla vurublar, belindən təpikləyiblər, söyərək təhqir ediblər.

Martın 19-da hakim məhkəmə iclasının yekunlaşdığını elan edib. Növbəti məhkəmə iclasında dövlət ittihamçısı qardaşlara cəza istəyəcək.

Oğuz Rayon Polis Şöbəsindən bildirilib ki, Elgün Salamzadənin rüşvətlə bağlı dedikləri həqiqətəuyğun deyil. Bu iş üzrə ibtidai istintaqı polis şöbəsinin müstəntiqi Səid Abbasi aparıb. İstintaq ötən ilin dekabr ayında başa çatıb. Bu il yanvarın 2-də rayon prokuroru ittihamı təsdiq edərək məhkəməyə göndərib. Hazırda məhkəmə prosesi davam edir və son sözü də məhkəmə deyəcək.

Zərərçəkmiş kimi tanınan Telman Məmmədovdan məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/xh5vru

Ən çox baxılan