Püstə Orucova

Mənbə: meydan tv

Başlıq: Püstə Orucova

Pambıqçı: Prezidentə dedikləri qədər qazansaydım, qışda acından ölməzdim

''Kartof qaynatması yeməkdən bezmişdim, indi onu da tapmıram''

“Pambıq mövsümü ilə birgə bizim dolanışığımız, yaşayışımız da bitir. Rayonda başqa iş tapmaq mümkün deyil. Bircə pambıqdır, o da mövsümdən mövsümə. Mən yalandan, bəzəkli-düzəkli cümlələr qura bilmirəm, qış aylarını yeməyə çörək tapmamışıq”.

Kürdəmir sakini, 53 yaşlı Püstə Orucova belə deyir. Bildirir ki, imkansızlıqdan ailəsi ona təhsil verə bilməyib. Erkən yaşda ailə qurmalı olub. Həyat yoldaşının da bir peşəsi, sənəti olmadığından ilk gündən yoxsulluq çəkib. Ölkədə kütləvi pambıq əkininə start verilənədək yoldaşı fəhləlik edib, ailəni dolandırırmış. Sonradan bir ayağı tutulub, işlədə bilməyib. Bununla ailənin dolanışığı çətinləşib. Son 2 ildə evin xanımı Püstə Orucova qonşu qadınlarla birgə pambıq sahələrinə alağa, pambıq toplmağa getməyə başlayıb. “İndi nə pambıq, nə iş, nə də pul var”, - deyir. Mövsümündə günü 7-8 manatdan işləyir, sonra qışla birgə qara günlərinin də gəldiyini söyləyir.

Mövsümündə 7-8 manat qazanc, başqa vaxtı acından öldürən pambıq

2016-cı ildən pambıqçılıq hökumətin əsas diqqət ayırdığı sahələrdən birinə çevrilib. Hökumət bu sahəni inkişaf etdirməklə həm yeni iş yerlərinin açılmasını, həm də ölkəyə valyuta axınını artırmağı düşündüyünü bəyan edib.

mətbəx

mətbəx

Mənbə: meydan.tv

Ölkə prezidenti İlham Əliyevin 2017-ci il 13 iyul tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı” da təsdiq edilib və məqsəd 2022-ci ilədək pambıq istehsalını 500 min tona çatdırmaqdır. Proqram demək olar ki, bütün dövlət qurumları, xüsusi ilə də Maliyyə və İqtisadiyyat nazirliklərinin üzərinə pambıqçılığın inkişafına xüsusi diqqət ayırmaqla bağlı öhdəlik qoyub.

Bu sahəyə 2016-cı ildən başlayaraq dövlət büdcəsidən subsidiya da ayrılır.

Prezident İlham Əliyev çıxışlarından birində deyib ki, 2017-ci ildə pambıqçılıqda 200 mindən çox insan işlə təmin olunub.

“Cənab prezident, günə 100 kiloqram yığsalar, axşam evlərinə 100 manat pul aparırlar”

Ötən ilin sonu İlham Əliyev Ağcabədi rayonundakı pambıq sahələrindən birinə getmişdi. Buradakı çıxışında isə bildirmişdi ki, pambıqçılıqda 190 min insan işləyir, pul qazanır, həm öz ailə büdcəsini yaxşılaşdırır, həm də dövlətə xeyir verir. Prezidentin adambaşına orta hesabla nə qədər pambıq yığırsınız? – sualına pambıqçılar gündə 110-120 kiloqram cavabını vermişdilər. Bu zaman İlham Əliyev onların gündəlik qazanclarını xəbər almışdı. Pambıqçılardan öncə Ağcabədinin icra başçısı Şahin Məmmədov hər pambıqçının günə 24 manat gəlir götürdüyünü söyləmişdi. Əlavə etmişdi ki, bir evdən tarlaya beş adam çıxırsa, hərəsi 100 kiloqram yığsa, axşam evlərinə 100 manat pul aparırlar. İlham Əliyev bunun çox yaxşı olduğunu söyləmişdi.

Pambıqçının evi

Pambıqçının evi

Mənbə: meydan.tv

“Biz bir gündə 7 manat qazananda sevinirik”

Püstə Orucova isə deyir ki, özünü öldürsə, günə 50-60 kilodan çox pambıq toplamaq mümkün deyil:

“Bizdə bir xanım var, ən çox o toplayır. Əli görünmür, özünü öldürür. Onun ən çox topladığı 72 kilo olub. Televiziyada deyirlər, günə 120 kilo toplamaq mümkündür. Həmin pambıqçıların əynində xüsusi geyim, başlarında papaq da vardı. Əslində elədirmi? Əliyalın, üzümüzə də evdən tapdığımız köhnə bezdən, parçadan bağlayıb, gedirik. Elə buradan da hər şeyin yalan olduğu görünür. Deyirlər, günə 20 manatdan çox qazanırıq. Adamın lap gülməyi gəlir. Onlar hansı ölkədə yaşayır, bilmirəm, amma biz bir gündə 7 manat qazananda sevinirik”.

“Kim itirib o 20 manatı ki, pambıqçı tapsın?”

P.Orucova deyir ki, evində nə işığı, nə də qazı var. Yeməyini, çayını həyətdəki ocaqda hazırlayır. Odun almağa belə imkanı olmadığından, bütün günü küçələrdən çör-çöp toplayır, bununla qışı birtəhər yola verir:

ev

ev

Mənbə: meydan tv

“İşıq çəkdirmək istədik, dedilər rüsum ödəməlisiniz. Biz 20 qəpik tapmırıq ki, çörək alaq. Rüsumu haradan tapaq? Qaz üçün də deyirlər ki, boruları alın, gələk çəkək. Mən günə 20 manat qazansaydım, bunları edə bilməzdimmi? Kim itirib o 20 manatı ki, pambıqçı tapsın? Prezidentə dedikləri qədər qazansaydım, qışda acından ölməzdim”.

“Pambıq toplandı, bitdi, yetim Püstənin qara günləri başladı”

P. Orucova evini işıqlandırmaq üçün qonşudan uzadıcı ilə elektrik çəkib. Deyir, ona da utandığından əlavə heç nə taxa bilmir. Bircə lampa taxır ki, gecələr qaranlıqda oturmasınlar:

“Yaşayışımı, dolanışığımı görürsünüz də. Heç yerdən köməyim, bir qəpik alacağım yoxdur. Pambıq toplandı, bitdi, yetim Püstənin qara günləri başladı. Qazancım iş olan vaxtlar ac qalmamağa yetir. Vallah, kartof qaynatması yeməkdən bezmişdim, indi onu da tapmıram. Bir baxın də, qazsız, işıqsız bir evdə qışı başa vurmaq nə deməkdir?”

“Aclıq məni xəstə salıb”

Püstə Orucova deyir ki, bugündən sabaha ümidi olmayan insanlardılar. İndi də ümidini pambığa bağlayıb. Gözləyir, toxum səpilsin, alaq çıxsın, yenə gedib təmizləsin:

“O ağır işi bilirsiniz necə həsrətlə gözləyirəm? Vallah, aclıq məni xəstə salıb. Arada dedim gedib onun-bunun qapısını təmizləyim. Bəlkə 3-4 manat verən tapıla. Kimə dedim, “ehtiyacımız yoxdur” - cavabını aldım. Camaat o qədər pis vəziyyətdə yaşayır ki, artıq ağır işlərini də özləri görürlər. Adam tutub iş gördürmək dövrü də arxada qalıb”.

Pambıqçının həyəti

Pambıqçının həyəti

Mənbə: meydan.tv

“24 rayonun pambıq tarlalarında 70 minə yaxın insan işləyəcək”

Prezident İlham Əliyev tez-tez yeni iş yerlərinin açılaması ilə bağlı açıqlamalar verir. Sonuncu çıxışlarından birində o bildirmişdi ki, son 13 il ərzində 1 milyon 300 min yeni iş yeri yaradılıb:

“Pambıqçılığın inkişafı iqtisadi məsələlərin həlli ilə yanaşı, eyni zamanda, sosial məsələdir. Mənə verilən məlumata görə, bu il 24 rayonun pambıq tarlalarında 70 minə yaxın insan işləyəcək və bu, məşğulluğun artırılması deməkdir. İşsizliyin aradan qaldırılması istiqamətində çox ciddi addımlar atılıb. Elə pambıqçılığın inkişafı da yeni iş yerlərinin yaradılması deməkdir. Hesab edirəm ki, gələn il əkin sahələri daha da artacaq və beləliklə, işləyənlərin sayı da artmalıdır. Pambıq əkilən rayonlarda yüz minlərlə insan bu işlərə cəlb ediləcək”.

Prezidentin, eləcə də dövlət rəsmilərinin açıqlamalarına görə, pambıqçılıq siyasətindən daha çox bəhrələnənlər region əhalisi olmalı idi. Ölkədə 200 mindən çox iş yerlərinin yaradılacağı gözlənilirdi.

“Mövsümidir deyə, faktiki işsiz sayılırsan”

Püstə Orucova deyir ki, pambıq yığmaq, alaq təmizləmək həm çox əziyyətli, həm də gəlirsiz sahədir. Düzdür, işsiz qalmaqdan yaxşıdır, amma həm də mövsümidir deyə, faktiki işsiz sayılırsan. Bölgələrdə başqa yerdən iş tapmaq isə əməlli-başlı zülmdür:

Pambıqçı P.Orucova

Pambıqçı P.Orucova

Mənbə: meydan.tv

“Mənim kimi təhsilsiz, əlində bir peşəsi olmayan insan üçün başqa çarə yoxdur. Bacardığım pambıq toplamaq, alaq etməkdir, o da ki, mövsümündə. İlin çox ayını işsiz qalıram”.

Real vəziyyət, bu sahədə çalışanların fikirləri və son illər hökumətin atdığı addımlar göstərir ki, əslində pambıq əkini ölkəyə xeyirdən çox ziyan gətirib. Pambıqçılara gəlincə, əziyyətləri, zəhmətləri çox, gəlirləri isə qəpik-quruşdur.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu da deyir ki, pambıqçılıq həqiqətən də əmək tutumlu sahədir. Bu sahədə istehsal zənciri həmçinin yeni iş yerlərinin yaradılmasına gətirib çıxarır. Lakin burda çox vacib məsələrdən biri əməyin dəyərinin layiqli ödənilməsi üçün qazanılan gəlirlərin ədalətli paylanmasıdır.

ev

ev

Mənbə: meydan tv

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/m75p6q

Ən çox baxılan