Plesetsk faciəsi

Şahid ifadələri və istintaq materialları baş verən faciə zamanı hərbi xidmətçilərin nümayiş etdirdikləri qəhrəmanlıqları aşkar edir

Foto: Meydan Tv


Şahid ifadələri və istintaq materialları baş verən faciə zamanı hərbi xidmətçilərin nümayiş etdirdikləri qəhrəmanlıqları aşkar edir

1980-ci ilin Novruz bayramı günlərində beş azərbaycanlı ailəsinə qara xəbər gəldi. SSRİ-nin saysız-hesabsız məxfi obyektlərinin birində hərbi xidmət keçən övladları baş vermiş bədbəxt hadisə nəticəsində həlak olmuşdular. Hadisənin detalları açıqlanmırdı, cəsədlər də ailələrinə təhvil verilməyəcəkdi.

***

1957-ci il yanvarın 11-də kod adı "Anqara" olan hərbi obyektin yaradılması barədə Sovet Kommunist Partiyasının və Nazirlər Sovetinin birgə qərarı qəbul olundu. Obyekt SSRİ-də qitələrarası ballistik R-7 və R-7A raketlərilə silahlanmış ilk hərbi birlik olacaqdı.

Obyektin yerinin seçilməsi üçün üç amil əsas götürülürdü.

– mümkün düşmənin (Qərbi Avropa və ABŞ) ərazisini vurmaq imkanı;

– Kamçatkadakı Kura poliqonuna ballistik raketlə sınaq atəşi aça bilmək üçün yetərli dərəcədə uzaq məsafədə yerləşməsi;

– xüsusi gizlilik və məxfilik zərurəti.

Nəticədə hərbi obyekt Arxangelsk şəhərindən təxminən 200 kilometr cənubda, tayqanın içində salındı. Qitələrarası ballistik raketlər kimi ölümsaçan silahların yerləşəcəyi obyektin yaxınlığında salınan yaşayış məntəqəsinə yaxşı yumor hissinə malik kimsə Mirnıy (dinc) adını verdi.

1963-ci ildə sovet hökuməti kosmik fəaliyyətin genişləndirilməsi məqsədilə sözügedən hərbi obyektdəki start qurğularından həm də kosmik aparatların uçuşu üçün istifadə etmək barədə qərar qəbul edildi. Beləcə, hərbi hissə, yaxınlıqdakı Plesetsk qəsəbəsinin adı ilə Plesetsk kosmodromuna çevrildi.

1966-cı il martın 17-də Plesetskdən ilk kosmik uçuş həyata keçirildi. "Vostok-2" daşıyıcı raket "Kosmos-112" adlı Yerin süni peykini orbitə çıxardı. SSRİ-də kosmonavtların istifadə etdiyi Baykonur kosmodromu daha məşhur idi, lakin süni peyklər və digər kosmik aparatlar Plesetskdən daha çox qalxırdı.

1970-ci illərdə dünyadakı bütün kosmik uçuşların 40%-i Plesetskin payına düşür. Təsadüfi deyil ki, ölkənin "müdafiə qabiliyyətinin möhkəmlənməsindəki böyük xidmətlərinə görə" kosmodrom 1968-ci ildə Qırmızı Bayraq ordenilə təltif edilir.

Yaranmasının 20 illiyi qeyd olunan 1977-ci ildə isə kosmodrom Qırmızı Əmək Bayrağı ordeninə layiq görülür, onun rəisi, general-leytenant Yuri Yaşin Dövlət mükafatı alır.

Qeyd edək ki, SSRİ-nin məxfilik planları o qədər də baş tutmadı. Sonralar aydın oldu ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi hələ 1950-ci illərin sonlarında Plesetskdə qitələrarası ballistik raketlərin buraxılışı üçün obyekt tikildiyindən şübhələnirmiş.

Kosmodromdan baş tutan ilk kosmik uçuşdan sonra İngiltərən Ketterinq gimnaziyasının fizika müəllimi Ceffri Perri "Kosmos-112" peykinin uçuş istiqamətini təhlil edərək Baykonurdan qalxmadığı qənaətinə gəlir və sovetin məxfi kosmodromunun yerini müəyyən edir.

1967-ci ildə ABŞ peyki Plesetsk kosmodromunun şəklini çəkir. 1969-cu il oktyabrın 6-da kosmodromdan "Meteor-1-2" peykini kosmosa çıxarmaq üçün həyata keçirilən uçuş isə Finlandiyanın ərazisindən müşahidə olunur. Beləcə, Plesetsk kosmodromundan məxfi bir şey qalmır.

***

1980-cil martın 18-də kosmodromda növbəti kosmik uçuş həyata keçiriləcəkdi. "Vostok-2M" raketi bu dəfə orbitə "İkar" adlı radiotexniki kəşfiyyat peykini, sadə dillə desək, casus peykini çıxaracaqdı.

Raket və peyk bir gün öncədən 43/4 saylı start kompleksinə yerləşdirilmişdi. Uçuş öncəsi sınaqlar normal keçmiş, heç bir qeyri-adi hal qeydə alınmamışdı. Start yerli vaxtla saat 21.16-ya təyin edilmişdi.

Saat 19.00-da isə raketin hələ yanacaqla doldurulması gedirdi. Ağ neft artıq doldurulmuşdu. Maye oksigen, maye azot və hidrogen peroksidlə doldurulma isə davam edirdi. Lakin saat 19.01-də qəfildən əvvəlcə bir, sonra isə daha üç silsilə partlayışlar baş verdi.

Qısa müddət ərzində bütün qurğunu alov bürüdü. Bu zaman ştat cədvəli üzrə 141 nəfərdən ibarət döyüş heyəti raketin yaxınlığında öz işlərini yerinə yetirirdilər. Hər şey o qədər sürətlə baş verir ki, heyət həyəcan siqnalı verməyə macal tapmır.

Tonlarla yanacağın axması nəticəsində metal konstruksiyalar, hətta beton belə yanmağa başlayır. Sonrakı araşdırmalar hərarətin 300 dərəcədən artıq olduğunu təxmin edir. Döyüş heyətindən 44 nəfər hadisə yerində həlak olur, 43 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alırlar. Onlardan dördü hospitalda vəfat edir.

Şahid ifadələri və istintaq materialları baş verən faciə zamanı hərbi xidmətçilərin nümayiş etdirdikləri qəhrəmanlıqları aşkar edir. Alovun tüğyan etdiyi, hər yeri tüstü bürüdüyü zaman göstərilən qəhrəmanlıqlar nəticəsində xeyli insan xilas edilir, qurbanların sayının daha çox olmasına imkan verilmir.

Mənbələrin birində 1960-cı ildə Beyləqan (o vaxt Jdanov) rayonunun Bünyədli kəndində anadan olan, Sumqayıt hərbi komissarlığından xidmətə çağrılan Asif Yusif oğlu Bəşirovun ağır yanıqlar alan kapitan (başqa yerdə baş leytenant göstərilir) Lavrentiyevi xilas etdiyi yazılır.

***

Baş verən hadisəni araşdırmaq üçün SSRİ Nazirlər Sovetinin sədr müavini (baş nazirin müavini) Leonid Smirnovun rəhbərlik etdiyi hökumət komissiyası təşkil edilir. Komissiyaya ümumi maşınqayırma naziri S.Afanasyev də daxil idi.

Hərbçilərdən isə komissiyaya strateji təyinatlı raket qoşunlarının komandanı V.Tolubko, müdafiə nazirinin müavini N.Alekseyev daxil idilər. Raket-kosmos sənayesinin Baş konstruktorları V.Barmin, V.Qluşko, D.Kozlov da komissiyanın tərkibində qəzanın səbəblərini araşdıracaqdılar.

Komissiya qəzanın iki versiyasını araşdırır. Bunlara şərti olaraq "aşağı versiya" və "yuxarı versiya" adları verilmişdi. Raketin aşağı hissəsində yerləşən çənlərə hidrogen peroksidi doldurulurdu. Raketin ortasında yerləşən, üçüncü pillə və ya E bloku deyilən yerdəki çənlərə isə maye oksigen vurulurdu.

Komissiya belə bir qənaətə gəldi ki, qaydalara zidd olaraq maye oksigen şlanqı çənin ağzına germetik oturmadığından yanacağın kənara sızması baş verib. Döyüş heyəti, daha konkret olaraq yefreytor Yarullo Velikoredçanin bunun qarşısını almaq üçün suya salınmış parçanı sıxaraq şlanq və çənin ağzı birləşən yerə dolayıb və parçanın nədənsə alışması səbəbindən partlayış baş verib.

Komissiyanın həlak olan hərbçilərin özünü günahkar çıxarması hamının ürəyincə olmur. Qəza vaxtı raketə hidrogen peroksidi vurulmasına rəhbrlik edən, ağır yanıqlara baxmayaraq sağ qalan podpolkovnik Yuri Dyomenko yanğının onun sahəsindən başladığını deyir. Lakin komissiya episentrə ən yaxın olan canlı şahidi dinləməyi lazım bilmir.

Başqa hərbçilər maye oksigenin sızmasının qarşısını yaş əski ilə alınması kimi kustar üsulun geniş yayıldığını, lakin heç zaman qəzaya səbəb olmadığını vurğulayırlar. İllər sonra Rusiya telekanallarının birində Plesetsk faciəsinə həsr olunan verilişdə şahidlərdən biri hətta SSRİ Baş Konstruktorlar Şurasının sədri Sergey Korolyovun müavininin də eyni üsuldan istifadə etdiyini söyləyir.

Bir sözlə, hökumət komissiyası əslində etməli olduğu işi – qəzanın səbəbini tapıb analoji halın bir daha baş verməməsi üçün tədbirlər görülməsi – etmir. Bunun əvəzində daha sərfəli olan, daha az adamın mənafeyinə toxunan "günah öləndədir" versiyasına üstünlük verilir.

Lakin o zaman rəy verən komissiya həddindən artıq nüfuzlu idi. Hökumət üzvlərinin, ali sərkərdələrin, başlarının üzərində müqəddəslik haləsi dolaşan konstruktorların ziddinə getmək ağlasığmaz idi. SSRİ-də buna cəhd edən adam çox ciddi problemlərlə üzləşə bilərdi. Lakin növbəti ildə baş verən hadisə rəsmən də olmasa faktiki olaraq hərbçilərə bəraət qazandrdı.

Plesetsk qurbanlarının cəsədləri 3 gün ərzində toplandı. Ən yuxarı səviyyədə qəbul olunan qərara görə qəzanın məxfiliyini qorumaq üçün vətənlərinə göndərilmədilər, Mirnıy şəhərində dəfn olundular. "Pravda" qəzeti isə 19 mart tarixli nömrəsində kosmosa növbəti peyk çıxarılmasının uğurla baş tutduğunu yazdı.

***

1981-ci ili iyulun 23-də Plesetsk kosmodromunda növbəti raket uçuşa hazırlanırdı. Bu zaman hidrogen peroksidi dolduran heyətdən şlanqın qızması barədə həyacanlı xəbər gəlir. Hərbçilərin çevik reaksiyası sayəsində yanacaq doldurulma əməliyyatı dayandırılır və növbəti fəlakətin qarşısı alınır.

Şahidlər söyləyirlər ki, şlanq qızan zaman reaktiv təyyarəni xatırladan səs eşidirlər. Bir il öncəki qəzanın raketin birinci pilləsində baş verdiyini iddia edən Yuri Dyomenko da partlayışdan öncə eyni səsi eşitdiyini söyləmişdi.

Növbəti araşdırma zamanı məlum olur ki, çənlərə hidrogen peroksidi doldurmaq üçün istifadə olunan şlanqlardakı filtrlər tələb olunan qaydada hazırlanmayıb. Bu filtrlərin lehimlənməsində istifadə olunan material xalis qalaydan hazırlanmalı olduğu halda, 30% qurğuşun və 1% mis qatışığı ilə hazırlanıb.

Olduqca təhlükəli maddə olan hidrogen peroksidi üçün isə həm qurğuşun, həm də mis katalizotor rolunu oynayırlar. Nəticədə peroksidin ayrılması baş verir. Ehtimal edildi ki, 1980-ci il martın 18-də də hidrogen peroksid artıq şlanqda ikən qızmağa başlayıb və raketin daxilində partlayış baş verib.

Araşdırmanın ən maraqlı cəhəti isə ondan ibarət idi ki, lehim materialının sözügedən qatışıqla hazırlanmasına icazə verən kağıza tanınmış konstruktor Vladimir Barmin qol çəkmişdi. Həmin Barmin ki, Plesetskdə baş verən qəzanı araşdıran komissiyanın üzvü idi. İndi komissiyanın nəyə görə inadla "yuxarı versiya"ya üstünlük verərək hərbçiləri günahkar çıxarması aydınlaşırdı.

Lakin bununla belə qəzanın səbəbləri barədə hökumət komissiyasının rəyi rəsmən dəyişmədi. Buna formal səbəb ki, qəza vaxtı hidrogen peroksid şlanqında hansı filtrlərin olduğunu müəyyən etməyin qeyri-mümkünlüyü göstərildi.

Əsl səbəb isə yəqin ki, SSRİ-nin ən məşhur konstuktorlarından biri, EA-nın akademiki, Sosialist Əməyi Qəhrəmanı, bir Lenin və dörd Dövlət mükafatları laureatı, altı Lenin ordeni kavaleri olan Vladimir Barminin nüfuzu idi.

SSRİ-nin süqutundan sonra və rəsmi mövqeyə etiraz etməyin əvvəlki kimi qorxulu olmadığı dövrdə Plesetsk veteranları hərbi heyətə bəraət verilməsi yönündə ciddi fəaliyyətə başladılar. 1993-cü ildə Barmin də vəfat etdi, artıq həqiqətin ortaya çıxmasına mane ola bilməyəcəkdi.

Rusiya müdafi naziri Pavel Qraçovun 6 fevral 1996-cı il tarixli sərəncamında 1980-ci il Plesetsk faciəsində hərbi heyətin günahkar olmaması əksini tapdi. 1999-cu il dekabrın 11-də isə Rusiya hökumətinin hərbi-sənaye məsələləri üzrə komissiyası Plesetsk kosmodromunun hərbi heyətinin tam bəraəti ilə bağlı qərar qəbul etdi.

***

Plesetsk faciəsində beş azərbaycanlı həlak oldu. Onlar aşağıdakılar idilər.

  1. Abbasxanov Tofiq Sadatxan oğlu, 1959-cu ildə Beyləqan şəhərində anadan olan.
  2. Əkbərov Süleyman Məcid oğlu, 1960-cı ildə Ağsu şəhərində anadan olan.
  3. Əliyev Əli Ömər oğlu, 1960-cı ildə Gürcüstanın Saqareco rayonunun İormuqanlo (az. Muğanlı) kəndində anadan olan.
  4. Qənbərov Fəzail İsmayıl oğlu, 1960-cı ildə Tovuz rayonunun Sarıtala kəndində anadan olan.
  5. Tağıyev İslam Sadıq oğlu, 1960-cı ildə Sumqayıt şəhərində anadan olan.

Tofiq Abbasxanovun bacısı Tamella xanım hazırda Türkiyə vətəndaşıdır, bir müddət Eskişehir universitetində çalışdı, hazırda Muş Universitetində yeni yaradılan jurnalistika fakültəsinin dekanıdır. Qardaşı, Oqtay Sumqayıtda yaşayır, BDU-nun hüquq fakültəsinin məzunu olsa da, heç zaman ixtisası üzrə işləməyib.

Tofiqin atası 1960-cı illərin ortalarında ailəsindən boşandıqdan sonra işi ilə əlaqədar Lənkərana köçür. Burada ikinci dəfə ailə qurur, lakin qəfil ürək tutmasından vəfat edir. Bir neçə ay sonra dünyaya gələn övladına bu səbəbdən Yadigar adı qoyulur. Yadigar Abbasxanovun anasının bir neçə ildən sonra yenidən ailə qurduğu kişinin övladlığa götürməsi səbəbindən Yadigar Sadıqova çevrilir.

Yəni söhbət məndən gedir və Plesetskdə faciəvi həlak olan azərbaycanlılardan biri mənim qardaşım idi.

Bu məqalə qardaşım Tofiqin və silah yoldaşlarının xatirəsinə həsr olunur.

Ana səhifəXəbərlərPlesetsk faciəsi