Redaktordan şikayət edən qadınlar hansı məqalədən təsirləndiklərini deyə bilməyiblər

Anar Məmmədovun məhkəməsində şikayətçilər bloger Orduxan Bəbirovdan danışıblar

Source:
Anar Məmmədov
Anar Məmmədov


Anar Məmmədovun məhkəməsində şikayətçilər bloger Orduxan Bəbirovdan danışıblar

Bakı Şəhər Prokurorluğunda “criminalaz.com” saytının təsisçisi və baş redaktoru Anar Məmmədovun əleyhinə ifadə verərək, saytda Gəncə hadisələri haqqında yazılardan qorxub, narahatlıq keçirdiyini iddia edən ana-bala – Məlahət Məmmədova və Samirə Canıyeva Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib. Onlar məhkəmədə sualları cavablandırarkən nə şikayətçi olduqları saytın adını düz deyə biliblər, nə də qorxuya düşdükləri yazıların nədən ibarət olduqlarını açıqlayıblar.

Hakim Eldar Mikayılovun sədrliyilə keçirilən məhkəmədə əvvəlcə Məlahət Məmmədova şahid qismində ifadə verib. O bildirib ki, Anar Məmmədovu tanımayıb, məhkəmədə ilk dəfə görür. Xəzər rayonu, Mərdəkan qəsəbəsi 11 ünvanında yaşadığını, “Şüvəlan” ASC-də kadrlar şöbəsinin müdiri işlədiyini söyləyən M.Məmmədova hakimin “sizə nə məlumdursa, danışın” deməsindən sonra ifadə verib:

“Axşamlar “criminalaz.com”a girirəm, baxım görüm nə var, nə yoxdu. Mən sözün açığı, qorxuram. Ay müharibələr olacaq, ay aləm qarışar bir-birinə… Onsuz da o qədər şəhid vermişik. Tək qızım var, iki nəvəm var. İstəmirəm, uşaqların başı belə şeylərlə dolsun. Xahiş etmişəm ki, bu kanal yığışdırılsın, başqa heç nə. Sözüm budur… Qorxuram da. Sözün açığı, yaşlı qadınam, ürəyim xəstədir, İrana müalicəyə gedirəm. Belə şeylərdən qorxuram. Buna görə gəlib şikayət etmişəm ki, bu kanal bağlansın, ya da bu kanalın böyüyü varsa… Açırsan, bir yaxşı şey görə bilmirsən”.

Şahid M.Məmmədova məhkəmədə sosial şəbəkələrdə fəal olan bloqer Orduxan Bəbirov haqqında danışıb, lakin onun bu işə hansı aidiyyəti olduğunun izahatını verməyib:

“Cavan oğlandı, saçını arxadan bağlayıb gəzir şəhərdə. Mən filan şəhərdəyəm, ay camaat, oyanın, mitinq edək. Mən adi vətəndaşam. Girib bu şeyləri görürsən, adam istər-istəməz pis olur. Birinə baxırsan, ardınca başqa xəbərlər çıxır. Çıxırsan, ardınca Orduxan danışır. Çox ayıb olsun, əl qatırlar prezidentimizə. Cürbəcür şeylər, siz məndən yaxşı bilirsiz”.

Cinayət işinin materiallarına əsasən, M.Məmmədova qızı ilə birlikdə Bakı Şəhər Prokurorluğuna “criminalaz.com” saytında gedən iki yazıdan narahatlıq keçirdikləri haqda şikayət ediblər. Şikayətdə məqalələrin adları, məzmunu da qeyd olunub. Lakin məhkəmədə onlar heç ümumi şəkildə də həmin yazılarda nədən söhbət getdiyini deyə bilməyiblər.

Məhkəmədə şahidlə vəkil arasında dialoq:



– Məqalədə sizi qorxudan ifadələr hansılardır?



– Məni qorxudan budur ki, istəmirəm dava-dalaş olsun. Qorxuram ki, mitinqlər olacaq, dava-dalaşlar olar. Uşaqlar üçün qorxuram. Allaha şükür məktəbə gedən uşaqlardı. İnternetə girirlər. Orada saytlar var, orada dərs axtarırlar. İstəmirəm belə şeylər görsünlər. Bu yoldaşla heç bir şəxsi-qərəzim yoxdur. Heç onu tanımıram. Mən bitərəf adamam.





– Hansı məqalələr, hansı ifadələr sizi qorxudub?



– Yadımda deyil.



– Həmin məqalələr nə barədə idi?



– Hamı istəyir sakit yaşasın.



– Mən soruşmuram ki, kim sakit yaşamaq istəyir. Deyirəm ki, məqalə nə barədə idi?



– Mən gəlmişəm Bakı Şəhər Prokurorluğuna. Xahiş etmişəm ki, bağlayın də bu saytları.



– Məqalələr nə barədə idi?



– Mən mitinqlərdən qorxuram, şəhidlikdən qorxuram. Mən bunlardan qorxuram, yoldaş hakim.

Daha sonra digər şahid, M.Məmmədovanın qızı Samirə Canıyeva ifadə verib.

M.Məmmədovanın qızı Samirə Canıyeva şahid qismində dindirilərkən bildirib ki, işdən evə gələndə anasının saytlarda oxuduğu yazılara görə narahatlıq keçirdiyini görüb. Anasına tövsiyə edib ki, belə yazıları oxumasın. Özü də jurnalist Anar Məmmədovdan şikayətçi olub, amma onun rəhbərlik etdiyi saytda yazılanları oxumayıb. Daha doğrusu, əvvəlcə, saytdakı məqalələri oxumadığını desə də, sonra “gözucu baxdığını” söyləyib: “Yox, yox, oxumamışam. Gözucu baxmışam. Dəqiq məlumatlı deyiləm, anama görə narahat oluram. Yalandan nə deyim ki, ay filan tarixdə, filan məqalə, nə bilim nə. Mən bunları yalan deyərəm. Mən özüm də xəstəxanada işləyirəm. 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında. Gəlirəm evə, görürəm, anam narahatdır. 21 dekabr hadisəsi oldu, dedilər, ay dünya dağılacaq, nə bilim, nə. Bununla da əlaqədar bizə zənglər olurdu. Xəstələr zəng vururdu ki, belə bir şey doğrudan olacaq? Özüm də gərginəm. İstəyirəm sakitçilik olsun. Evdə söz-söhbətlər… Anam xəstə adamdır. Heç kəsi tanımıram, heç kəslə şəxsi münasibətim, problemim, qərəzim də yoxdur”.

Məhkəmə prosesi fevralın 8-nə qədər təxirə salınıb.

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı 2018-ci il iyulun 3-də törədilmiş sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi.

Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı.

İyulun 12-də A.Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindirilmişdi. Bundan sonra ölkə daxilində bir neçə sayta, o cümlədən “Criminal.az” saytına girişə məhdudiyyət qoyulmuşdu.

Dekabrın 12-də Anar Məmmədov haqqında açılmış cinayət işinin istintaqı başa çatıb. A.Məmmədov Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Ana səhifəReportajRedaktordan şikayət edən qadınlar hansı məqalədən təsirləndiklərini deyə bilməyiblər