SABOTAJ VƏ TƏXRİBAT

Deməli, əhvalat vaqe olur Azərbaycanın şimal-qərb bölgəsində

Source:

On-on beş Musa Şəkiliyev ictimai hiddətin şiddətini o həddə çatdıracaqlar ki, məzlum xalq dönüb olacaq şirü-pələng…

Son bir ildə yerli media hakimiyyət daxilində parçalanma və cəbhələşmə barədə mütəmadi yazır.

Hakimiyyətşünas olmasam da, mən də bu didişmənin əlamətlərini görürəm və bu təzahürü gerçək sayıram. Bu barədə fikrimi məqalələrimdə yazılı bildirmişəm.

Bu günlərdə deputat Fazil Mustafa belə fərziyyənin əsassız olduğunu söyləyib. Onun dediklərinə inansaq, hakimiyyət, Xəlil Rza Ulutürk demişkən, “monolitdir” (“Yaşasın Azərbaycan xalqının monolit birliyi! Ura!”- 1988-1989-cu illərin mitinqlərindəki çıxışlarından).

Azərbaycanın Milli Məclisinin əksər deputatlarının sözlərinə əhəmiyyət vermək lazım deyil. Niyə? Çünki çoxu cəfəngdir, bəziləri isə 30 ildir ki, ümumiyyətlə, ağzını açmır. Açmırsa, fikir vermək də lazım deyil.

Lakin Fazil Mustafa, hər halda bu açıqlamasına qədər, hər dediyi sözün məna daşımasına çalışırdı. Bəs nə oldu ki, gerçəkliyə söykənməyən söz dedi?

Niyəsini onun özündən soruşmaq lazımdır. Mənə isə qalır onun sözlərinin nə üçün gerçəklikdən uzaq olduğunu əsaslandırmaq.

Deməli, əhvalat vaqe olur Azərbaycanın şimal-qərb bölgəsində. Qax rayonunun Musa Şəkiliyev namlı icra başçısı 40 fermerin təsərrüfatını dağıtmağa başlayıb, bunun üçün heyvandarlıq sahəsində ixtisaslaşan təsərrüfatların otlaq sahələrini onların əllərindən alıb və çox hissəsini şumlatdırıb. Bu barədə məlumatı gəncəli vətəndaş cəmiyyəti fəalı Aslan Vəliyev verib və 40 fermerin nümayəndəsi kimi Bakıya gəlmiş üç kiçik biznesmen özləri bu sözləri təsdiqləyib. 1275 nəfərin imzası ilə Prezident Aparatına göndərilmiş müraciət, bütün dövlət idarələrinə şikayətlər və onların əksəriyyətindən gələn əbləh və hiyləgər, vətəndaşı ələ salan və alçaldan cavablar, məhkəmə iddiaları və çəkişmələri…

Bütün bunları diqqətlə dinləyib və təhlil edib Fazil Mustafanın qənaətini tam inkar edən fərqli bir nəticəyə gəlirəm.


1.

İlham Əliyev bütün dünyaya göstərmək istəyir ki, Azərbaycan mədəni ölkədir, xalqımız mədəni, təbiətin qədrini bilən xalqdır. Buna görə Acınohur qoruğuna vaxtilə orada yaşamış, lakin sonra insanların etinasızlığı və tamahı ucbatından qırılmış ceyranları təkrar qaytarır, televiziya prezidentin qəfəsləri açıb ceyranları qoruğa, azadlığa buraxmasını çəkir və bu çəkiliş Azərbyacanın müsbət imicinə xidmət edən nadir və insanpərvər kadrlar kimi bütün dünyada göstərilir.

Əla? Əla! İlham Əliyev Azərbaycanın şənini yüksəldən iş görür və TV bunu çəkib dünyaya göstərir.

Ə, bəs Fazil Mustafanın mövcudluğunu inkar etdiyi, lakin həqiqətən mövcud olan və İlham Əliyevin bütün müsbət təşəbbüslərini baltalayan pərdələnmiş mafiya nə edir?

Acınohur qoruğunun otlaq sahələrini şumlayır və orada, elmin bütün tələblərinə rəğmən, dənli bitkilər əkir. Milyon illər kotan görməmiş torpaqda olan yabanı otlar mədəni dənli bitkilərin cücərtilərini üstələyib gur qalxır, Bakıdan çapa-çapa Qaxa gəlmiş naməlum MMC öz dənli bitkilərini alaqdan qorumaq üçün sahəyə pestisid (zəhər!) səpir. Bizim sərhəd və kimya bilməyən ceyranlar gəlib bu zəhər səpilmiş sahələrdə (başqası yoxdur!) otlayır və… zərif canlarını tapşırırlar Musa Şəkiliyevə və onun Prezident Administrasiyasındakı hamının tanıdığı adlı-sanlı qocaman hamisinə.

Beləliklə, Azərbaycanda aparılan təbiətin qorunması sahəsindəki nəcib əməliyyatı izləyən beynəlxalq ekoloji təşkilatlar yazırlar ki, İlham Əliyevin bu nəcib təşəbbüsü tam iflasa uğrayır, çünki bu ölkədən fayda yoxdur, Azərbaycan xalqı mədəniyyət və təbiət, qoruq və çəmən nədir, bilmir.

1915-ci ildə Rusiya Dövlət Dumasında ölkədəki biabırçı vəziyyət barəsində acı həqiqətləri bir-bir sadalayan deputat Pavel Milyukov hər bir faktdan sonra ucadan soruşurdu: “Cənablar, bu nədir? Bu, səfehlikdir, ya xəyanət?” Mən də onun ardınca soruşuram: “Musa Şəkiliyevin fermer təsərrüfatlarına, qədim çəmənlərə və ceyranlara qarşı əməliyyatı fitri səfehlikdir, yoxsa məkrli xəyanət?”


2.

Vitse-prezident Mehriban Əliyeva dövlət büdcəsindən milyonlar xərcləyib ümumdünya miqyaslı tədbirlər keçirir və bütün dünyaya sübut etməyə çalışır ki, düşmənlərimizin iddialarına rəğmən, Azərbaycan xalqı tolerant xalqdır, multukulturalizm xalqımızın mədəniyyətinin üzvi hissəsidir və dövlətimiz heç vaxt bu ərazidə əzəldən yaşayan heç bir xalqı, ilk növbədə azsaylı xalqları incitmir, onların hüquqlarını pozmur.

Nəcib işdirmi? Şübhəsiz. Lakin Mehriban xanım Əliyeva öz işini görməkdə olsun, görək hakimiyyətin yuxarı səfində yuva qurmuş bədxahlar nə iş görür.

Musa Şəkiliyevin torpaqlarını əlindən alıb müflis vəziyyətə saldığı fermerlərin əksəriyyəti Zaqatalada yaşayan saxur milli azlığına mənsub insanlardır və onlar hakimiyyətdən, xüsusən də Prezident Administrasiyasından, Nazirlər Kabinetindən və məhkəmələrdən onların şikayət və tələblərinə etinasız münasibəti görüb tam haqlı olaraq soruşurlar: “Bu dövlət kimə qulluq edir? Çörəyini ağır zəhmətlə qazanan saxurlara, yoxsa milli azlığın haqqını yeyən müftəxor qeyri-saxurlara?”

Onların belə düşünməyə və belə sualı verməyə əsasları varmı? Əlbəttə vardır. Məncə, bu əsası onlara həmin sabotajçı və təxribatçı mafiya verir.


  1. İlham Əliyev kiçik biznesə qayğı barəsində xüsusi fərmanlar verir, xüsusi pullar ayırır və xüsusi qurumlar yaradır. Məqsəd nədir? Çox sadədir. Neftdən asılı olmayan, işsizliyi aradan qaldıran kiçik və orta sahibkarlığı inkişaf etdirmək.

Bu Zaqataladan Bakıya şikayətə gəlmiş heyvandarlar kimdir? Əsl kiçik sahibkardırlar. İynə ilə gor qaza-qaza, banklardan ağır kreditlər götürə-götürə, balalarının boğazından kəsib kreditləri qaytara-qaytara onlar elə indilərdə rentabelli iş rejiminə keçirdilər ki, bəli, Musa Şəkiliyev onlara hücum edib torpaqlarını alır, onları müflis vəziyyətinə gətirir.

400 ailə çörək ağacını itirir, hər ailədə azı beş nəfər saysaq, hakimiyyət 2 000 adamın ruzusuna bais olur. Belə şəraitdə bu insanlar və bu insanların acı taleyini izləyən minlərlə digər insan, haqlı olaraq soruşur: “Bu kiçik və orta sahibkarlığa qayğı proqramları həqiqətənmi kiçik sahibkarlara xidmət edir, yoxsa büdcə pullarının bir ovuc dələduz məmur tərəfindən yağmalanması üçün məharətlə uydurulmuş fırıldaqdır?”


  1. Fermerlər mənə dövlət büdcəsinə icarəyə götürdükləri torpaq müqabilində hər il ödədilkəri yüz minlərlə manatın qəbzlərini göstərdilər. Məndə sual yaranır: “Dövlət qeyri-neft gəlirlərinin artırılmasında maraqlı deyil?” Mənə aydındır ki, dövlət maraqlıdır, lakin dövlətin yuxarı səfində yuva qurmuş sabotajçılar və təxribatçılar, əlbəttə ki, bunu istəmirlər.


5.Qəziyyənin mahiyyəti gün kimi aydındır. Hakimiyyət nümayəndəsi Musa Şəkiliyev hansısa özəl maraq naminə xalqın və cəmiyyətin marağını ayaqlayır, sadə zəhmət insanlarını dövlətdən narazı salır. Bu qanunpərəst insanlar dövlətin ali qurumlarına, nəhayətdə, məhkəməyə üz tutub ədalətin müdafiəsini tələb edirlər.

Hakimiyyətdə əyləşib “əl əli yuyar, əl də üzü” meyarı ilə işləyib sadə insanlara qara qəpiklik hörmət qoymayan məmurların siyasi korluğunun və əndazəsiz tamahkarlığının nəticəsi nə olacaq?

Aydındır, nə olacaq. “Ac qılınca çapar” deyib müdrik atalarımız. Kişilər görəndə ki, bu dövlətdə ədaləti qoruyan heç bir qurum yoxdur, əmin olanda ki, qanuni və dinc yollarla öz hüquqlarını qorumaqda acizdirlər, əl atacaqlar nəyə?

Ay sizə qurban kəsim, uzağa niyə gedirik, bizə ərəb baharı-zadı lazım deyil, gül kimi Quba üsyanını yada salın, İsmayıllı iğtişaşını xatırlayın, Gəncənin harın icra başçısı Elmar Vəliyevin vurulmasını gözünüzün önünə gətirin. Azərbaycana heç bir radikal islamçılar lazım deyil, on-on beş Musa Şəkiliyev ictimai hiddətin şiddətini o həddə çatdıracaqlar ki, məzlum xalq dönüb olacaq şirü-pələng…

İndi insanlardan daima məntiq və ağıl uman məne-biçarə soruşuram: “Dövlətimizin ali səflərində hakimiyyəti içəridən gəmirən, onu silkələyib laxladan qüvvə varmı? Yüz minlərlə hektar sahədə naməlum ərbablar üçün “Avropa aqroparkları” quran insafsız və bisavad məmurlar sadə fermerlərin qurulu təsərrüfatlarını dağıdarkən, nəyi düşünürlər?”

Sonda, Fazil Mustafanın siyasi təhlil qabiliyyəti barədə bir neçə kəlmə kəsmək istəyirəm. Bu hadisəni mənə dəyərli insan və gözəl hüquqşünas Aslan İsmayılov danışıb. Ondan izn almasam da, güman edirəm ki, söhbəti açıqladığıma görə günahımdan keçər.

Aslan bəy mənə danışıb ki, 1993-cü ilin əvvəlində AXC Baş Prokuroru İxtiyar Şirinin rüşvət müqabilində cinayət işlərini dağıtmasına etiraz olaraq oradakı işindən çıxır və keçir Prezident Aparatına. Hüquq sahəsində təcili islahatlar barəsində bir sənəd hazırlayıb gəlir şöbə müdiri Fazil bəyin qəbuluna. Katibədən soruşur ki, “Fazil bəy məni qəbul edərmi?” Katibə deyir: “Keçin içəri”. Aslan bəy daxil olur kabinetə, görür ki, orada “mitinq” gedir. Otağın içində 20 adam topa-topa söhbət edir, kimi kətildə, kimi masada əyləşib, ağız-deyəni qulaq eşitmir, hamı siqaretini tüstülədir. Fazil bəyi dəvət edir ki, kabinetdən çıxsın. Fazil bəy şirin söhbətdən ayrılıb çıxır dışarı, Aslan bəy ona deyir ki, bu, nə iş qaydasıdır? Bu, nə hərc-mərclikdir? Fazil bəy deyir ki, biz cəbhəçilər həmişə belə işləmişik. Aslan bəy deyir: “Xub, onda gözləyin, sizi bu yaxınlarda devirəcəklər”. Fazil bəy də deyir ki, “elə şey yoxdur, biz möhkəm oturmuşuq”.

Yəni yolumuz Elçibəy yoludur…

On gündən sonra Gəncədə qiyam başlayır və Fazil bəy digər cəbhədaşları ilə birlikdə möhtəşəm ağ mərmər sarayı tərk etməli olur.

Sözümün canı nədir? Sözümün canı odur ki, bir başda plüralizm ola bilməz, bir başın bir hissəsi kiçik sahibkarlığı, qanunun aliliyini, kiçik xalqların hüquqlarını və təbiətin bəzəyi olan ceyranları müdafiə edirsə, o biri hissəsi bu hüquqları tapdalayıb hansısa məmurun cibi xətrinə fermer təsərrüfatlarını dağıdırsa, multikulturalizmi baltalayırsa, ceyranları məhv edirsə, bu başa sağlam baş demək çətindir.

Nə isə, görürəm ki, hakimiyyətdən xalqa imdad yoxdur, ya Allah, sənə təvəkkül!

Gördünüzmü, radikal islamçılığa yuvarlanmağın yolu haradan başlayır!?

Ana səhifəXəbərlərSABOTAJ VƏ TƏXRİBAT