None

Mənbə: Zərdab Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, kəndlilərin istifadələrində pay torpaqları var

Şahhüseynlilər: Torpaqlar əlimizdən alınıb, heyvandarlıq məhv edilib

Məqalə yeniləndi:  28 Fevral 2019

“5-6 il əvvələdək kəndlilərin istifadəsində olan 700 hektardan çox sahə satılıb. Kəndlilər iribuynuzlu və xırdabuynuzlu heyvanları həyətyanı sahələrindəki tövlələrdə saxlamaq məcburiyyətində qalıb. Buna görə də doyunca ot yeməyən, hava görməyən heyvanlar baladan, süddən kəsilib. Nəticədə zərərini kəndli çəkir”.

“Olan-qalan heyvanları tövlədə saxlayırıq” - Sakinlər

Zərdabın Şahhüseynli kənd sakinləri Meydan TV-yə danışırlar ki, uzun illərdir faktiki istifadələrində olan örüş sahələri rayonun vəzifəli şəxsləri tərəfindən hissə-hissə olmaqla dörd nəfərə satılıb. Həmin şəxslər bu ərazilərin bir hissəsində fermalar tikib, bir hissəsini əkin sahələrinə çeviriblər. Bununla da kəndlilərin əsas məşğuliyyəti və dolanışıq yeri olan heyvandarlıq iflasa uğrayıb. Heyvan saxlamaq üçün şəraiti olmayan kəndlilərin bir qismi heyvanlarını satmaq məcburiyyətində qalıb. Tövlələrdə saxlanan heyvanlardansa əvvəlki kimi ət, süd, bala götürmək mümkün deyil. Kənd sakinlərinin sözlərinə görə, bu problemləri ictimailəşdirmək istəyəndə rayondakı vəzifəlilərin təhdidləri ilə üzləşirlər:

“Kim danışırsa, hədələnir” - Sakinlər

“Kim şikayət edir, ya ailə üzvünü, ya hansısa qohumunu işdən çıxarırlar, incidirlər, qohumları üz-üzə qoyurlar. Bu yaxınlarda kəndə hansısa internet tv-dən çəkiliş gəldi, çəkdi, icra hakimiyyətinin işçiləri tutub kamerasını əlindən aldılar, çəkdiyini sildilər, yola saldılar. Sonra da adamları hədələdilər. Prezindentə, Birinci vitse-prezidentə, prokurorluğa yazdığımız şikayət məktubları cavabsız qalandan sonra anladıq ki, hər şey mənasızdır. Yazdıqlarımız rayonun vəzifəli şəxslərinə göndərilir, ara yerdə incidilirik. Ona görə də şikayətimizi ümumi kənd sakinlərinin adından işıqlandırın ki, başımız bəlaya girməsin.

Sadəcə, bu məsələnin ictimailəşməsini istəyirik, görsünlər ki, kəndimizdə nələr baş verir”.

Bu torpaqda 400 ailə heyvan otarırmış

Sakinlər deyir, satılan ərazi 700 hektardan çoxdur. Əslində ərazi əkin üçün nəzərdə tutulub, ancaq su olmadığından əkib-becərmək mümkün olmayıb. Ona görə də otlaq sahəsinə çeviriblər. 400 ailə öz heyvanlarını burada otarırmış:

“Su olmadığına görə pay torpağı kimi bölünmədi, mal-qara üçün otlaq sahəsi elədik. Kənddəki hər ailəyə 1 hektardan çox yer düşmüşdü. 400 ailə illər idi ki, çox mehriban qaydada bu torpaqlarda mal-qara otarırdılar. Sonra sahələrə su çəkildi, onda da gəlib əlimizdən aldılar. İndi hamı heyvanı tövlədə, həyətdə saxlayır, heyvanlar doyunca ot yemir, süd vermir, kökəlmir, xəstəlik tapır. Ot tayası da bahadır, kəndlidə hər dəfə taya almağa imkan olmur. Nə əkin yerimiz var, nə otlaq yerimiz... Nə də hökumət iş verir ki, işləyib dolanaq. Əlimizdən alınan torpaqlarda ferma tikilib, yonca, taxıl, pambıq əkilib. Özümüzü sahələrə yaxın buraxmırlar”.

İş orasındadır ki, kəndlilərin heyvan otardıqları ərazilərə kənardan yox, elə kənddən əl qoyulub. Torpaqları alanlar kəndin bir neçə imkanlı sakinidir.

“Yulğun ağaclarını kəsib sahədə istifadə edirlər” - Sakinlər

“Bizi aldadırlar ki, arxayın olun, yaxın vaxtlarda torpaqlar boşaldılıb özünüzə qaytarılacaq, yenə heyvanlarınızı orada otaracaqsız. Ancaq 6 ildən çox vaxt keçir və hər il eyni vədləri eşitməkdən doymuşuq. Məmurlar bizi aldatdıqca, torpağı alanlar o tərəfdə öz əkin işlərini genişləndirirlər, fermalarını artırırlar”.

Kəndlilərin əlindən alınmış alınmış torpaqlarda xeyli sayda yulğun agacları olub. (Bu ağaclar Qırmızı Kitaba düşüb, kəsilməsi qadağandır). Kəndlilərin deməsinə görə, torpaqlar alınandan sonra həmin ağaclar da qırılaraq əkin sahəsində istifadə olunur.

Şahhüseynlinin əhalisinin sayı 2 mindən çoxdur. Kəndlilər deyir, bir tərəfdən işsizlik, bir tərəfdən də kənd təsərrüfatı ilə məşğuliyyətə yaradılan əngəllər üzündən əhalinin iş qabiliyyətli təbəqəsi Rusiyaya köçüb və orada işləyib, yaşayır:

“Kəndimizdən Rusiyaya gedənlərin sayı 500-dən çoxdur, ən acınacaqlısı odur ki, gedənlər orda öz işlərini, həyatlarını qurublar, həmişəlik orada yaşamağa qərar veriblər. Vəziyyət belə davam edərsə, qısa vaxtda kənd boşalacaq. Adamlar yeməyə çörək tapmır, yeganə ümidi torpağadır, onu da əlindən alırlar”.

Prezidentə məktub və...

Kənd sakinləri bu aralar növbəti dəfə ölkə başçısına müraciət ediblər: “Cənab prezident, kəndimizdə bütün sahələr bir neçə nəfərin əlində birləşib. Yalınız onlar əkir, biçir, faydalanırlar. Biz heç pay torpaqlarımızı da əkib becərə bilmirik. Çünki su, texnika, mineral və üzvi gübrələr bir qrup adamın əlindədir, bizə verilmir. Su lazım oldu-olmadı, yalnız onların sahələrinə axıdılır. Bizsə hərtərəfli korluq içindəyik. Əsas fəaliyyətimiz əkinçilik və heyvandarlıq olmalıdır, ancaq sadaladığımız səbəblərdən heç biriylə məşğul ola bilmirik. Nəticədə onsuz da acınacaqlı durumumuz getdikcə daha da pisləşir. Bunlar o qədər acgözləşiblər ki, kənddə bir qarış da torpaq sahəsi qoymurlar, hamısını ələ keçirirlər. Örüş sahələrimizi ələ keçirib özləri üçün əkin sahələrinə, fermaları üçün yataq yerinə çeviriblər. Cəmi 3-4 nəfər ciblərə rüşvətdən basıb kənddə sənədli-sənədsiz, zor hesabına hər yerə, hər şeyə sahiblənib”.

Sakinlər prezidentdən kənddəki bu durumun araşdırılmasına göstəriş verməsini, məsələni nəzarətə götürməsini istəyiblər. Ancaq demələrinə görə, prezidentdən səs çıxmasa da, yerli icra hakimiyyətindən səs çıxıb. Sakinlər, bir də yuxarılara yazarlarsa, yaxın qohumlarının işsiz qalacağı, əllərindəki olan-qalan imkanlardan da məhrum olunacaqları ilə hədələniblər.

Zərdab Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, kəndlilərin istifadələrində pay torpaqları var. Pay torpaqlarını əkmək üçün hər cür imkanları mövcuddur. Onların istifadəsində olan torpaqların satılmasına gəlincə, qurumdan bildirilib ki, kəndlilər həmin torpaqlardan sənədsiz və qanunsuz istifadə ediblər. Hazırda istifadə edənlər də eyni kəndin sakinləridir, fərq ondadır ki, torpaqdan indiki istifadəçilər işlərini qanuni qurublar, həmin sahələrə görə icarə müqavilələri bağlayıblar: “Kəndlilərin narazılığı varsa, həmin şəxslərə qarşı məhkəmə iddiası qaldırsınlar, məhkəmə araşdırsın, kimin sənədi var, kimin yoxdur, kimin fəaliyyəti qanunidir, ya qanunsuzdur, hüquqi qiymət verilsin”. Otlaq sahəsi qıtlığının yaranması ilə bağlı deyilənlərə isə qurumdan belə cavab verilib ki, kənddə heyvan otarmaq üçün kifayət qədər sahə var.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  28 Fevral 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/n0qw8x

Ən çox baxılan