None

Mənbə: 

Şəkidə: 450 manata görə qardaşımı əməliyyat etdilər, uğursuz alındı

Həkim: ''Ağızlarına gələni deyirlər, çox tərbiyəsiz insanlardırlar''

“450 manatdan ötrü qardaşımı lazımsız əməliyyata saldılar. İndi yarımcan olub. Xəstəxananın həkimləri yiyə durmurlar. Deyirlər, bizlik deyil, aparın evə”.

Şəkinin Baş Göynük kəndinin sakini Kamran Saatov belə deyir. O, Şəki Rayon Mərkəzi Xəstəxanasının həkimi Aqil Ədilov və cərrah Yusif Əbdürrəhmanovun onun qardaşı İmran Saatovu yanlış əməliyyat etdiklərini və nəticədə vəziyyətinin ağırlaşdığını deyir:

“Ayın 11-də qardaşımı ağrı ilə Şəki Mərkəzi Xəstəxanasına gətirdik. Məlum oldu ki, sidik kisəsində 6 mm böyüklükdə daş var. Bizə dedilər ki, təcili əməliyyat edilməlidir. Aqil və Yusif həkim onu əməliyyat etdilər. Əməliyyatda sidik kisəsini və sidik yollarını, oradakı kapilyarları zədələyiblər, cinsiyyət orqanı göyərib, qan da gəlir. Qardaşım ağır vəziyyətə düşüb”.

K.Saatov deyir ki, həkimlər əməliyyatı tələm-tələsik, 450 manatdan ötrü ediblər. Nəticədə 41 yaşlı xəstənin gələcəyini təhlükə altına alıblar:

“Desəydilər ki, bizlik deyil, aparın Bakıya, vallah, aparardıq. Boyunlarına götürüb, əməliyyat ediblər. Nəticədə adamı yarımcan ediblər. İndi də deyirlər, bizlik deyil, heç nə edə bilmərik, aparın evə. Xəstə pis gündədir, hərarəti də düşmür. Biz onu hara aparaq? Bir tərəfdən də tutdurublar ki, əməliyyatın pulunu verin. Nə əməliyyat ediblər ki, hələ bir pul da istəyirlər? Daşa görə qardaşım açıq əməliyyat edilməməli idi. Əməliyyatdan sonra Yusif həkim, ümumiyyətlə, gəlib baxmadı da. Aqil həkim isə gəlib “mənlik deyil” – söyləyib, getdi. İndi biz nə edək?”

İmran Saatovun dayısı Sərdar Əmiyev üzləşdikləri problemlə bağlı günlərdir döymədikləri qapının qalmadığını söyləyir. Şəki şəhər Prokurorluğuna, polisə, icra hakimiyyətinə müraciət edilib:

“Hələlik, nəsə nəticəsi yoxdur. Heç araşdırmağa da başlamayıblar. Bir insanın həyatını bircə günün içində məhv ediblər. Hələ bir baxmırlar da. 450 manatdan ötrü 41 yaşlı, evli bir insanı kəsib, tökmək olarmı? Dövlət orqanları da bilsinlər, insanları hakimiyyətdən narazı salanlar bir qrup insanlardı”.

S.Əmiyev deyir ki, hələ utanmadan onlardan əməliyyat pulu da tələb edilir. Ancaq onlar bunu verməkdən imtina ediblər:

“Dedik ki, xəstə ayağa qalxmayınca, sizə bir qəpik verən deyilik. Onu da deyim ki, həkimin biri Şəki rayon Mərkəzi Xəstəxanasında çalışır, ancaq digəri təqaüddədir. Çağırıblar, gəlib əməliyyat edib. Sanki yoldan keçən bir həkimi götürüblər ki, qəssabxana açmışam, gəl bərabər kəsək. Belə də dərd olar? Bu işdən baş həkimin xəbəri olmayıb. Harda görülüb ki, bir xəstəxanada əməliyyat edələr, baş həkimin məlumatı olmaya? Danışanda da deyirlər ki, təcili əməliyyatdır”.

S.Əmiyev deyir, yeni öyrəniblər, məlum olub ki, əslində bu əməliyyat lazerlə edilməliymiş. Açıq əməliyyata gərək yox imiş:

“Həkimlər deyirlər ki, xəstənin axırı yaxşı görünmür. İndi ona baxan həkim də deyir ki, vəzifəsini edir, amma nəsə olsa, onluq deyil. Xəstəxanaya gələn kimi ona 18 ölçülü kateter yeridiblər. Baxmaq istəyirmişlər ki, orada maye var, ya yox. Sonra ora maye vurub, aparata salıblar. Görüblər ki, 6 mm daş var. Bundan ötrü əməliyyata da gərək yox idi. Bu daş ona görə düşmürmüş ki, sidik kanallarında daralma varmış. Dediyim odur ki, əməliyyatdan sonra görüblər ki, həmin daralma olan hissədə yara da yaranıb. Sonra da həkim deyib ki, əməliyyat etməzdim, mən xəstəni yıxdım”.

Xəstənin anası Nəsibə Saatova deyir ki, bir normal əməliyyat etməyiblər, ancaq səhərisi günü də 450 manat pul istəyiblər:

“Pensiyamı alıb, verərəm dedim. Ondan sonra da oğlumun vəziyyəti daha da ağırlaşdı. Getdikcə daha da pisləşir. Uşağın önü qaranlıqdı, görmürəm heç nə. İndi də deyirlər, Bakıya aparmalısız və s. Nə ilə aparaq, necə aparaq onu da bilmirəm. Kasıb adamlarıq”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlayıb. Xəstəxanadan Yusif Əbdürrəhmanovun başqa binada çalışdığını söyləyiblər. Aqil Ədilov isə bildirib ki, onlar yanlış heç nə etməyiblər. Hər şeyi doğru ediblər. Xəstə xəstəxanaya gələndə kifayət qədər ağır vəziyyətdə olub:

“O adamın başı işləmir. O adam kəskin sidik ləngiməsi ilə gəlmişdi. Sidik kanallarında kəskin daralma var idi. Gələndən bütün xəstəxananı ayağa qaldırıb, məni təhqir edib, ağzına gələni deyib. Gecə 3-də çağırırlar, gündüz çağırırlar, ağızlarına gələni deyirlər. Mən də baş həkimin müavini səviyyəsində onlardan şikayət etdim, dedim, daha bu xəstəyə baxmaq istəmirəm. Hələ bir mənə deyirlər ki, sənin borcundu, 3-də də çağırsaq, gəlməlisən, 5-də”.

Aqil Ədilov xəstənin və onun yaxınlarının günlərdir onu təhqir etdiklərini, artıq buna dözmədiyini də deyib:

“Ağızlarına gələni deyirlər, çox tərbiyəsiz insanlardırlar. Mən onlarla ağız-ağıza vermək istəmirəm. Bütün etdiklərimiz də xəstəlik tarixçəsində qeyd edilib. Məndən başqa bütün növbətçi həkimləri də bezdiriblər. O insanlar üçün cibimdən pul vermişəm ki, gedin, çatışmayan dərmanlarınızı alın. Hələ bir məni də hədələyirlər ki, sənin başına oyun açdıracağıq”.

Aqil Ədilov deyir ki, İmran Saatov xəstəxanaya gələndə sidik kanalında daralma olub. Buna görə də sidik ləngiməsi yaşayırmış:

“Xəstəxanaya ikiqat vəziyyətdə gəlmişdi. Biz “trupka” qoyduq ki, oradan rahat sidiyə gedə bilsin. Birinci sutkada xəstə məni o qədər bezdirdi ki, onu təhvil verməli oldum. İndi bilmirəm, vəziyyəti necədir. İkinci əməliyyat istəyirlər. Deyirəm ki, həmin o lazer əməliyyatı lazımdır, onu mən icra edə bilmirəm. Deyirlər, onda öz maşınınla bizi Bakıya apar, orada əməliyyat etdir, xərcini də sən çək. Günah etdim, salam verdim bu insanlara”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/kzt2gv

Ən çox baxılan