Siz Adil İsmayılovu da müdafiə etməyib, başqa kimi müdafiə edəcəksiniz?!

Nədir bu qəbristanlıq sükutunun səbəbi?

Foto: Meydan Tv

Nədir bu qəbristanlıq sükutunun səbəbi?

Bir neçə vəkillə şəxsi söhbətimdə dediyim sözü indi burdan hamıya, bütün həmkarlarıma ünvanlayıram: Siz Adil İsmayılovu da müdafiə etməyib, daha başqa kimi müdafiə edəcəksiniz?!

Ola bilər, onun xarakteri kiminsə xoşuna gəlməsin, ola bilər, o, sizə bəzən çox tündməcaz və sərt adam təsiri bağışlasın, ancaq o, həmişə, hər situasiyada özü olmağa çalışıb, nə artırıb, nə də əskildib, nə oynayıb, nə də hansısa konyukturaya uyub, hərçənd indi onun şəxsi keyfiyyətlərinin qaldırdığı çox ciddi problemlərə də heç bir dəxli yoxdur.

Adil müəllimin Vəkillər Kollegiyasının rəhbərliyindən cavabını tələb etdiyi suallar (məncə, bu suallardan da daha çox, İsmayılovu qayğılandıran bir nömrəli məsələ Azərbaycan vəkilliyinin bugünkü rəzil durumudur və elə buna görə də o tez-tez təkrar edir: “Mən vəkil kimi öz peşəmdən zövq ala bilmirəm”, Vəkillər Kollegiyasının rəhbərliyi ilə konfliktin kökündə də məhz bu amil dayanır) vəkillərin fəaliyyətini tənzimləyən qanunvericilik normalarından irəli gəlir, hətta istəsəniz həmin normaları da tapıb, bura köçürə bilərəm. Ancaq, əminəm ki, həmin normaları da, həmin normaların şərhini və ifadə elədiyi şəffaflıq və hesabatlılıq tələblərini də çox gözəl bilirsiniz.

Belədirsə, nədir bu qəbristanlıq sükutunun səbəbi? Bu ölkədə vəkil deyəndə, göz önünə gələn bir neçə vəkildən biri olan, vəkillik adına yalnız nüfuz və hörmət gətirən nadir peşəkarı Vəkillər Kollegiyası sədrinin və onun dəstəsinin təşkilatlanmış, bir mərkəzdən idarə olunan şər maşını, troll qrupları qarşısında tək-tənha buraxmağı vicdanımızın və vicdanınızın hansı küncünə yazaq? Adil müəllim onların öhdəsindən özü də təkbaşına layiqincə gəlir, əminəm ki, axıradək də gələcək, amma yenə də.

Cavablarınızdan birini bilirəm.

Ancaq bu da inkar olunmaz həqiqətdir ki, heç bir təhlükəyə və təhdidə baxmayaraq, adamın iş yerinə münasibəti onun azadlığının həqiqi ölçüsünü, miqdarını, çəkisini müəyyən edir.

Biz çox bağ belə, bostan belə deyə bilərik, amma iş yerimizi, rəhbərliyimizi rahatca tənqid edə bilmiriksə, haqlı və qanuni bildiyimiz tərəfi onu deyən adama şəxsi münasibətimizdən asılı olmayaraq tutmuruqsa, bu bağ belə, bostan belənin bir damcı da olsun mənası qalmır.

Yeri gəlmişkən, Kollegiyada yaradılmış bu anormal duruma görə vəkilin təmsil olunduğu qurumu tənqid edə bilməməsi, alternativ mövqenin və fikir plüralizminin faktiki ləğvi və düşüncələrə total nəzarət (absurda baxın, bütün avtoritar sistemlərin bir nömrəli qənimi olan vəkillik institutunun özü totalitarizm qoxuyur) onun rəhbərliyini də narahat etməlidir. Ən azından bir gün özlərinə də lazım ola bilər.

Cavablardan o biri də tanışdır.

Ancaq bildiyim odur ki, bu yemək, içmək dərdi, ailə dolandırmaq qayğısı, “çörək ağacı” funksiyası axırda, hamınızı, elə üstündə əsdiyiniz, həyatınızın mənasına çevirdiyiniz yemək-içməksiz və “ağacsız” qoyacaq. Sabahkı gün üçün qayğı çəkəndə, bugünkü gün də ölür, çünki yazılmışdır: “Sabahkı gün özü üçün qayğı çəkəcəkdir”.

Üstəlik, deyilir: “göyün quşlarına baxın, onlar nə əkir, nə biçir, nə də ambarlara toplayırlar. Siz onlardan daha dəyərli deyilsinizmi?”

Cavablardan üçüncüsü də ürəyimə gəlir. Öz başıma da gəlib, yəni, “başına gələn başmaqçı olar” söhbəti, elə buna görə də deyirəm, üç-beş vəkili bir yerə toplamaq, yığmaq mümkün deyil, müşkül və çətin məsələdi. Əksinə, Anar Bağırovun sədrliyinin ilk aylarında qulağa ağlımıza gətirmədiyimiz adamların təzə-tər tərifləri dəyirdi, köhnə-yeni rəhbərin yaxşı oğlan olması, üstəlik islahatçı olması, ciddi islahatlar aparacağı, vəkilliyi sevdiyi və vəkilliyi dirçəldəcəyi barədə uzaq və yaxınmənzilli söhbətlər, çoxbaşlı difiramblar eşidilirdi. Nəticə göz önündədi, köhnədən qalan xırda-para müsbət şeylər belə əldən çıxdı, müstəqil vəkillik adına olan-qalan hər şey itirildi, indi daha itiriləsi nəsə qalmayıb.

Amma hətta on-on beş kişi, kürək-kürəyə versəydi, indi çox ciddi korrupsiya sualları qarşısında başını itirib, girinc qalan sədr və yalnız maddi maraqların bir araya gətirib, birləşdirdiyi dəstəsi yox ey, onun mütəmadi sifariş aldığı, onu təlimatlandıran və ona instruksiya verən şəxslər belə qarşımızda və qarşınızda tab, duruş gətirə bilməzdi, aciz qalardı.

Hər kəs özünə münasibətdən hadisəyə münasibətini, baş verənlərə reaksiyasını, mövqeyini müəyyən edəndə, bütövlükdə hamıya zərərli, axmaq və əndrabadi situasiya yaranır. Necə ki yarandı və necə ki indi belədir! Və özü də, bu, özünü qoruma, manevr-filan da deyil. Çünki daha manevrlik də bir şey qalmayıb.

Bütün bu zahiri məğlubiyyətlərin kökündə ya müdafiə olunmamaq, ya da lazımınca müdafiə olunmamaq problemi dayanır.

Başqa cavabları da təxmin edirəm. Amma bu və yuxarıdakı cavabları toparlayıb, tərəzinin bir gözünə tullasaq, inanın ki, yenə sizin qəbristanlıq sükutunuz çox yüngül gələcək.

Hələ heç onu demirəm ki, tarixin və vicdanın tərəzisində pərsəngi heç vaxt tarazlaşdırmaq olmur ki, olmur…

Ana səhifəXəbərlərSiz Adil İsmayılovu da müdafiə etməyib, başqa kimi müdafiə edəcəksiniz?!