Mənbə: meydan tv

Son samuray

Məqalə yeniləndi:  10 Mart 2019

Məğlubiyyətdən sonra vətənə dönmək istəməyən əsgərlər uzun illər cəngəlliklərdə yaşayır

1941-ci il dekabrın 7-də yapon donanması ABŞ-ın Sakit okean donanmasının hərbi-dəniz bazası olan Perl Harbora qəfil hücum etdi. Əsasən aviadaşıyıcı gəmilərdən qalxan təyyarələr və kiçik sualtı qayıqlar vasitəsilə həyata keçirilən hücum amerikalılar üçün tam gözlənilməz oldu və ciddi itkilərlə müşayiət edildi.

Lakin hücum özünün heç də bütün hədəflərinə nail olmadı. ABŞ-ın müasir aviadaşıyıcı gəmiləri həmin vaxt başqa yerdə olduqlarından zərər görmədilər. Əsas xəsarət alan gəmilər isə artıq köhnəlmiş, müasir müharibədə elə də önəmli rol oynamayan linkorlar oldu.

Bununla belə, Perl Harbor əməliyyatı Sakit okean teatrında bir müddət Yaponiyanın hegemonluğunu təmin etdi və müxtəlif ərazilərə müdaxilələr üçün əl-qolunu açdı. ABŞ-a isə öz yaralarını sağaltmaq üçün müəyyən zaman lazım gəldi.

Artıq dekabrın 8-də Yaponiya o zaman ABŞ-ın muxtar ərazisi olan Filippinə və Britaniya imperiyasına daxil olan Malayziyaya müdaxiləyə başladı. Bir neçə ay davam edən əməliyyatlardan sonra hər iki ərazi yaponların nəzarətinə keçdi. 1942-ci ilin yanvar-mart aylarında aparılan əməliyyatlardan sonra Niderland müstəmləkəsi olan İndoneziya ələ keçirildi.

Ancaq bu və digər müzəffər hücumların ömrü çox çəkmədi. Artıq 1942-ci ilin iyununda Miduey adası yaxınlığında baş verən dəniz döyüşündə amerikalılar yaponları ağır məğlubiyyətə uğratdılar.

Dörd aviadaşıyıcı gəmi və xeyli təyyarə itirən Yaponiya dəniz donanmasının qüdrəti sarsıldı və bir də əvvəlki həddə bərpa olunmadı. Bundan sonra Sakit okeanda təşəbbüs ABŞ-ın əlinə keçdi, Yaponiya isə müdafiə olunmağa başladı.

İkinci dünya müharibəsi Yaponiyanın daxil olduğu hərbi blokun məğlubiyyəti ilə nəticələndi. İmperator ordusunun Baş qərargah rəisi Umezu Yosizironun 1945-ci il sentyabrın 2-də ABŞ-ın "Missuri" gəmisində təslim aktını imzalamasıyla İkinci dünya müharibəsi rəsmən sona çatdı.

***

Lakin bir zamanlar Yaponiyanın işğal etdiyi ərazilərdə mübarizələrini davam etdirən xeyli əsgərlər vardı. Məsələn, Saypan adası hələ 1944-cü ilin iyulunda amerikalıların nəzarətinə keçmişdi. Lakin burada müqavimət göstərən son hərbi birlik yalnız 1945-ci il dekabrın 1-də təslim oldu.

1947-ci ilin martında kiçik leytenant Ey Yamaqutinin rəhbərlik etdiyi 33 nəfərlik dəstə Peleliu adasında Amerika hərbi bazasına hücum etdi. Dəstə bir ay sonra yapon admiralının müharibənin bitməsi xəbərdarlığından sonra təslim oldu.

Hələ 1940-cı ildə, Fransanın məğlubiyyətindən və təslimindən sonra onun müstəmləkəsi olan Vyetnama Yaponiya nəzarət etməyə başladı. Öz növbəsində Yaponiyanın təslimindən sonra isə oradakı hərbçilərin bir hissəsi Vyetnam müstəqillik hərəkatına qoşuldular.

1950-ci ilin mayında yapon ordusunun keçmiş mayoru Takuo İsii fransızlarla döyüşlərin birində həlak oldu. Leytenant Kikuo Tanimoto isə 1954-cü ildə Vyetnamın müstəqillik elanından sonra Yaponiyaya döndü.

Sonradan əldə olunan məlumatlara görə Malaya Kommunist Partiyasının rəhbərliyi altında Britaniya ağalığına qarşı aparılan partizan müharibəsində 200-ə qədər yapon hərbçisi və mülki şəxsləri iştirak ediblər.

1960-cı ilin mayında Quam adasında sıravi Bunzo Minaqava amerikalılara təslim oldu. Ondan bir neçə gün sonra isə komandiri, serjant Tadasi İto eyni addımı atdı.

Belə nümunələrini sayını daha da artıqma olar. Lakin məqaləmizdə bu yöndə daha məşhur olan üç nəfərdən bəhs edəcəyik. Onlardan biri elə Quam adası ilə bağlı olan şəxsdir.

***

Marian adalarının ən cənubunda yerləşən Quam adası Perl Harbor əməliyyatından cəmi üç gün sonra yaponlar tərəfindən işğal olundu. 1944-cü ildə isə iyulun 2-də amerikalılar adaya desant çıxardılar. İyirmi gün davam edən döyüşlərdən sonra adadakı yapon hərbçilərinin demək olar ki, hamısı həlak oldu. Cəngəlliklərə üz tutaraq gizlənənlərdən başqa.

Söiti Yokoi 1943-cü ilin fevralında Quam adasına göndəriləndə 28 yaşında və kapral rütbəsində idi. Adaya nəzarəti itirəndən sonra Yokoi 10 nəfərlik qrupun tərkibində cəngəlliklərə çəkilirlər. Ancaq dəstənin 7 üzvü az sonra geri dönərək amerikalılar təslim olurlar.

Kapral və daha iki əsgər 20 il müddətində cəngəlliklərdə gizlənirlər. Onlar ayrılıqda yaşasalar da, bir-birlərinə tez-tez baş çəkirlər. Lakin 1964-cü ildə digər iki nəfər baş verən qasırğa nəticəsində həlak olurlar.

Bundan sonra Söiti Yokoi 8 il təklikdə gizlənir. Onun sığınacağı özünün qazdığı bir çala idi. O, meşədə gəmiricilər, çayda ilanbalığı və qurbağa ovlayır, onları yeməklə keçinirdi. Bitkilərdən isə özünə paltar, yataq hazırlayır. Zatən gəncliyində bir müddət dərzi şagirdi olmuşdu. Məişətdə istifadə etdiyi əşyaları da özü hazırlayır.

1972-ci il yanvarın 24-də krevet toplayan iki yerli sakin Yokoi ilə rastlaşırlar. Həyatının təhlükədə olduğunu düşünən yapon onlara hücum edir, lakin qısa çarpışmadan sonra zərərsizləşdirilir.

Dindirilərkən məlum olur ki, Yokoi və iki yoldaşı müharibənin bitməsi barədə 1952-ci ildən xəbərdar imişlər. Ancaq təslim olmağı əsgər şərəfinə uyğun hesab etməyiblər. Kapral "Biz yapon əsgərlərinə əsir düşmək rüsvayçılığındansa, ölümü üstün tutmaq tapşırılmışdı", - söyləyir.

O, fevralın 2-də Yaponiyaya qayıdarkən də sevinc əvəzinə məyusluğunu ifadə edir: "Mən qayıtdığım üçün çox utanıram". Sonrakı illərdə bu ifadə Yaponiyada xeyli populyar olur və hər fürsətdə işlənilir. Hərtərəfli müayinə 28 il cəngəlliklərdə yaşayan əsgərdə heç bir ciddi xəstəlik tapmır.

Öz populyarlığından siyasi karyera qurmaq üçün istifadə etməyi düşünən Yokoi 1974-cü ildə Yaponiya parlamentinin yuxarı palatasına keçirilən seçkilərdə müstəqil namizəd kimi iştirak edir, lakin uğur qazanmır. Yapon seçicilər hərbi şücaətin siyasi bacarığa aidiyyatı olmadığı barədə müdrik qərar qəbul edirlər.

Bundan sonra Yokoi daha sakit həyat yaşamağa başlayır. 1977-ci ildə haqqında "Söiti Yokoi və Quam adasında onun 28 ili" adlı sənədli film çəkilir. Sadiq əsgər 1997-ci ildə infarkt keçirərək 82 yaşına vəfat etdi. 2006-cı ildə Naqoya şəhərində onun Xatirə zalı açıldı.

***

Teruo Nakamura milliyətcə yapon deyildi. O, Tayvan adasının aborigenlərindən olan ami (və ya amis) qəbiləsinə mənsub idi. Mənbələrdə də üç adı çəkilir - artıq yazdığımız yapon variantı, çin variantı (Li Quanxuey) və etnik variant (Suniuo). Biz daha çox tanındığı yapon adından istifadə edəcəyik.

Tayvan 1895-ci ildən Yaponiyanın hakimiyyəti altında idi və sakinləri də imperator qarşısında hərbi mükəlləfiyyət daşıyırdılar. Nakamura 1943-cü ilin payızında 24 yaşında ikən hərbi qulluğa cəlb edilir. 1944-cü ilin iyulunda isə İndoneziyanın Morotay adasına göndərilir.

Morotay 1942-ci ilin əvvəllərindən yapon əsarəti altında idi. Nakamuronun gəlişindən iki ay sonra isə amerikalılar adaya hücum etdilər. Təxminən iyirmi gün davam edən əməliyyatlardan sonra adanın əsas obyektləri ABŞ-ın nəzarətinə keçdi. Lakin cəngəlliklərdə gizlənərək partizan müharibəsi aparan yaponların müqaviməti müharibənin sonlarına qədər davam etdi.

Bəzi əsgərlərin müqaviməti isə hətta müharibədən sonra da dayanmadı. Onlardan biri də Teruo Nakamuranın daxil olduğu dəstə idi. Nakamura 1956-cı ilə kimi bu dəstə ilə birlikdə yaşayır, daha sonra isə ayrılaraq tənha həyat sürməyə başlayır. O, dağların arasındakı bir vadidə koma quraraq yaşayır.

Nakamura özünün düzəltdiyi tor vasitəsilə balıq tutur, tələ quraraq qaban ovlayır, hətta kartof əkir. O, günəş şüalarını böyüdücü şüşənin köməyilə barıta yönəldərək od əldə edir, quru odunlar vasitəsilə bu odu bacardıqca çox saxlamağa çalışır.

İkinci dünya müharibəsindən əvvəl İndoneziya Niderlandın müstəmləkəsi idi. Yaponlar işğal etdikləri digər ərazilərə nisbətən indoneziyalılarla daha mülayim davranır və onlara özünüidarə hüququ verirlər. Nəticədə yerli əhali də yaponlara loyal münasibət bəsləyir.

Nakamura da yerli sakinlərdən biri ilə əlaqə saxlamaqda davam edir. Həmin sakin il ərzində bir neçə dəfə keçmiş əsgərə baş çəkir, ona duz, şəkər, dəniz balığı gətirir. Bu görüşlərin hər birində indoneziyalı Nakamuraya müharibənin çoxdan bitdiyini söylərək təslim olmasını təklif edir. Lakin əsgər yapon ordusunda amerikalıların əsirlərə qarşı törətdikləri işgəncələr barədə şayiələrə hələ də inanaraq imtina edir və sirrini pozmamağı tapşırır.

Yerli sakin 1968-ci ildə ölüm ayağında olarkən yanındakılara əhvalatı danışır. Bundan sonra gizlənən yapon əsgəri barədə xəbərlər bütün Morotay adasına yayılır. Lakin hökumət strukturları buna inanmadığındanmı, yoxsa başqa səbəbdənmi, heç bir tədbir görmürlər.

1974-cü ilin payızında yapon ordusunun keçmiş mayoru, 1944-cü ildə buradakı qarnizonun komandiri olmuş Takenobu Kavaşima Morotaya gəlir. Gizlənən yapon əsgəri barədə xəbərlər ona da yetişir. Kavaşima İndoneziya hərbçilərini axtarışa başlamağa razı sala bilir.

Dekabrın 17-də hərbi təyyarəçilər Nakamuranın komasını müəyyən edirlər. Ertəsi gün isə 11 nəfərdən ibarət dəstə həmin yerə yollanır. Gizlənən əsgərin tutulmasını müxtəlif cür nəql edirlər, ən maraqlısı aşağıdakı variantdır.

Dəstə sığınacağa yaxınlaşarkən Nakamura çılpaq halda bambuk ağacını kəsirmiş. Onlar qəfildən Yaponiya himnini oxumağa başlayırlar. Heyrətlənən əsgər farağat duruşunu alır, bu zaman sol əli ilə ayıb yerini örtür. Bunun ardınca müharibədən əvvəl və zamanında Yaponiyada populyar olan vətənpərvərlik marşı oxunur. Nəhayət, Nakamuranı saxlayaraq özləri ilə sivilizasiyaya qayıdırlar.

Dekabrın sonlarında Nakamura İndoneziyanın paytaxtı Cakartaya gəlir və buradakı xəstəxanada müayinə olunur. Maraqlıdır ki, məhz xəstəxanada o, soyuqlayır, öz dediyinə görə, son 30 ildə ilk dəfə olaraq.

Teruo Nakamuro İndoneziyadan Yaponiyaya deyil, İkinci dünya müharibəsindən sonra de-yure Çinin tərkibində, de-fakto isə müstəqil idarə olunan vətəni Tayvana qayıdır. O, normal həyata adaptasiya olmaqda çətinlik çəkir, gününü içki içməklə və çoxlu siqaret çəkməklə keçirir. 1979-cu ildə ay ciyər xərçəngindən vəfat edir.

***

Oxşar nümunələr arasında Hiroo Onoda daha məşhurdur. Çünki bu məqalədə bəhs etdiyimiz Yokoi və Nakamuradan fərqli olaraq təkcə gizlənməyib, fəal əməliyyatlara rəhbərlik edib.

Onoda 1942-ci ilin dekabrında, 20 yaşında hərbi xidmətə çağırılıb. İki il ərzində müxtəlif yerlərdə xidmət edib, kəşfiyyat üzrə zabirlər hazırlayan kurslarda təhsil alıb. Burada o, bir çox diversiya üsullarına yiyələnib ki, sonrakı fəaliyyətində onlardan uğurla istifadə edəcək.

1944-cü ilin dekabrında kiçik leytenant rütbəsində diversiya dəstəsinə rəhbərlik etmək üçün Filippinin Lubanq adasına göndərilib. Yola düşməzdən öncə diviziya komandiri Sidzuo Yokoyama ona sona qədər mübarizə aparmağı əmr edir.

"İntiharı qəti surətdə qadağan edirəm! 3-5 il duruş gətir. Mən mütləq sənin dalınca gələcəyəm. Əgər heç olmasa bir əsgər sağdırsa, mübarizəni davam et, lap palma bəhərini yeməklə də keçinsən. Təkrar edirəm, intihar qəti qadağandır".

1945-ci ilin fevralında ABŞ ordusu Lubanqa desant çıxarır. Sayca az olan, texniki cəhətdən geri qalan, xüsusən də gəmi artilleriyasının öldürücü atəşi qarşısında aciz olan yaponlar ciddi müqavimət göstərə bilmirlər. Onoda tabeçiliyində olan üç əsgərlə (Yuisi Akasu, Kinsiti Kodzuka, Şöiçi Simada) cəngəlliklərə çəkilir.

Müharibənin bitməsindən az sonra Amerika təyyarələri 14-cü yapon ordusunun (Filippində döyüşən hərbi hissələr bu orduya daxil idilər) komandirnin təslim olmaq barədə əmri yazılmış kağızları cəngəlliklərə səpirlər. Lakin Onoda və dostları bunu dezinformasiya kimi qiymətləndirərək inanmırlar.

Bununla belə, 1950-ci ildə Yuisi Akasu dəstədən ayrılaraq təslim olur və Yaponiyaya dönür. Onun sayəsində Onoda və daha iki əsgərin sağ olması məlum olur. Həmin dövrdə belə nümunələr haqqında məlumatlar tez-tez eşidildiyindən Yaponiya hökuməti xaricdə gizlənən əsgərlərin axtarılması üçün xüsusi komissiya yaratmışdı.

Amma yenicə müstəqillik əldə etmiş Filippində 1950-ci ilin əvvəllərində qeyri-sabitlik hökm sürürdü. Kommunist partizanlar amerikayönümlü hökumətə qarşı partizan müharibəsi aparırdılar. Buna görə də Onodanın qrupunun axtarışı ilə məşğul olmaq bir müddət mümkün olmadı.

1954-cü ilin mayında qrup ilə polis arasında baş verən döyüşdə Şöiçi Simada öldürülür. Bundan sonra yaponlara Onoda və Kodzukanın axtarışına icazə verilir. Lakin Akasunun ifadələrinin də nəzərə alındığı bir neçə axtarış ekspedisiyası nəticəsiz oldu. Görünür, Onoda partizan müharibəsinin qaydalarını mükəmməl mənimsəmişdi.

1959-cu ildə aparılan son axtarışlardan 10 il sonra yapon hökuməti hər iki hərbçini ölmüş elan etdi və onlar ölümlərindən sonra 6-cı dərəcəli Doğan Günəş ordeni ilə mükafatlandırıldılar. Lakin onlar nəinki sağ idilər, üstəlik Filippin hərbçilərinə və polisinə qarşı hücumlar təşkil edirdilər.

Bu illər ərzində Onoda qrupu ilə və təklikdə adadakı ABŞ radar bazasına, Filippin gc strukturlarının nümayəndələrinə yüzdən çox hücum təşkil edir, nəticədə mülki şəxslər də daxil olmaqla 30 nəfər qətlə yetirilir, ağır yaralananların sayı isə yüzdən artıq olur.

Qrup əsasən təbiətdə əldə edə bildiklərilə qidalanırlar. Bəzən kənd mağazalarına hücum edib düyü və konservlər götürürlər. İldə bir dəfə əhaliyə məxsus inək güllələyirdilər. Bunu leysan mövsümündə edirdilər ki, güllə səsi eşidilməsin. Əti qurudaraq istifadə edirdilər, piylə isə tüfənglərini yağlayırlar.

1972-ci ilin oktyabrında Onoda və Kodzuka özlərində qalan son minanı polis patrulunun keçdiyi yolda basdırırlar. Lakin illər ərzində rütubətin göstərdiyi təsirdən mina partlamır. O zaman onlar polislə atışmaya başlayırlar və nəticədə Kodzuka həlak olur (Başqa mənbələrdə atışmanın Onoda və Kodzumanın kəndlilərin əkdikləri çəltik plantasiyasını yandırmaq istəyərkən başladığı yazılır).

Bu insidentdən sonra yapon hökumətinin nümayəndələri Onodanın qohumlarını da cəlb etməklə yenidən axtarışlara başlayırlar. Ancaq mahir diversantı tapmaq yenə də mümkün olmur. Meşədə onun oxumağı üçün yapon qəzetləri, qohumlarının məktubları qoyulur. Lakin Onoda onları düşmən hiyləsi hesab edib inanmır.

Filippin polislərinin və xüsusi təyinatlılarının axtarışları da nəticəsiz qalır. Onoda sonralar söyləyəcək ki, quşların səsindən cəngəllikdə yad adamların olduğunu duymağı öyrənmişdi və buna görə də vaxtında gizlənirdi.

İki dövlətin nümayəndələrinin görə bilmədiyi iş bir yapon tələbəyə müyəssər olur. Norio Sudzuki bəzi mənbələrə görə kəpənək kolleksiyası topladığı üçün Lubanqa gedib çıxmış və burda qəfildən Onoda ilə rastlaşmışdı. Bəzi mənbələr isə onun məhz Onodanı axtardığını iddia edirlər. Məqsəd nə olur olsun, 1974-cü il fevralın 20-də onlar görüşdülər.

Sudzukinin sözlərindən sonra Onoda nəhayət müharibənin bitdiyinə inanır, lakin bildirir ki, rəhbərlik tərəfindən göstəriş olmadığı halda öz xidməti yerini tərk edə bilməz. Ölkəsinə qayıdan Sudzuki bu haqda məlumatı və çəkdiyi fotoşəkli kütləvi informasiya vasitələrinə ötürür.

Məlumat Yaponiyada böyük rezonans doğurur. Axtarışlar nəticəsində Onodanın bir zamanlar daxil olduğu birliyin, 14-cü ordunun xüsusi qrupunun komandiri, indi kitab mağazasında işləyən mayor Yosimi Tanaquti tapılır.

Hərbi forma geyindirilərək Lubanqa gətirilən Tanaquti Onodaya təslim olmağa əmr edir. Martın 10-da Onoda nimdaş hərbi formada, əlində ideal vəziyyətdə olan tüfəng, beş yüzə qədər patron, bir neçə əl qumbarası və samuray qılıncı ilə təslim olur.

O, qılıncını ABŞ radar bazasının komandirinə təslim edir. Komandir isə Onodanı "hərbi sədaqət nümunəsi" adlandıraraq qılıncını geri qaytarır. Filippin prezidenti Ferdinand Markos dinc dövrdə törətdiyi qətllərə görə yapon hərbçini əfv edir və martın 12-də o, otuz illik fasilədən sonra ölkəsinə qayıdır.

Onodanı müayinə edən həkimlər tam sağlam olduğunu qeyd edirlər. Hətta dişlərində bircə kariesin belə olmadığına heyrətlənirlər. Onoda bunu hər gün səhər və axşam dişlərini palma qabığı ilə təmizləməsilə izah edir.

Öz ölkəsində ona münasibət birmənalı olmur. Bir tərəfdən heyranlıq ifadə olunur, hətta Baş nazir onu qəbul edir. Digər tərəfdən sol mətbuat onu ölkəni saysız-hesabsız bəlalara, o cümlədən atom bombardmanına məruz qoyan yapon militarizmin örnəyi hesab edərək tənqid edirlər. Üstəlik, 30 illik cəngəllik həyatından sonra Tokionun şəhər həyatına alışmaq da asan olmur.

O, sonrakı müsahibələrinin birində deyir: "Sanki bir dövrdən başqasına düşmüşdüm: göydələnlər, qızlar, neon reklamlar, anlaşılmaz musiqi. Hər şey çox əlçatan idi - su krandan axırdı, yemək mağazada satılırdı. Mən çarpayıda yata bilmirdim, daim döşəməyə uzanırdım".

Psixoterapevtin məsləhətilə Hiroo Onoda 1975-ci ildə Brazilayaya köçür, burada maldarlıqla məşğul olur. Tezliklə 1200 hektar ərazisi və 1800 baş iribuynuzlu malqarası olan varlı adama çevrilir. Burada "Braziliya yaponları" təşkilatını yaradır və onun ilk prezidenti olur.

O, 1984-cü ildə Yaponiyaya qayıdır. 1996-cı ildə yenidən Lubanqı ziyarət edir, buradakı məktəbə 10 min dollar ianə edir. 1999-cu ildə onun "Təslim olmamaq. Mənim otuzillik müharibəm" adlı kitabı çıxır.

Hiroo Onoda 2014-cü ildə 92 yaşında vəfat etdi.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  10 Mart 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/mqu7pz

Ən çox baxılan