Sumqayıtlı sahibkarlar: Zakir Fərəcov bizə vəd verdi

66 sahibkara məxsus ticarət obyektləri 2017-ci ilin mayında Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən sökülüb.

Source: Foto: Meydan.tv


''Biz nə zaman işə başlayıb, ailəmizi dolandıra biləcəyik?''

Sumqayıtın icra başçısı dükanları sökülmüş 66 sahibkara onlara yeni mağazaların tikiləcəyini söyləyib.

Bu barədə Meydan TV-yə sahibkarlar məlumat veriblər. Bildiriblər ki, aprelin 2-də keçirdikləri etiraz aksiyasından sonra icra başçısı Zakir Fərəcovla görüşüblər. Ərazidə tikinti işlərinin aparılması istiqamətində ümumi şifahi razılıq əldə ediblər.

“Bizimlə 2 saatdan çox söhbət edən Zakir Fərəcov vəd verdi ki, məsələ öz müsbət həllini tapacaq. Bildirdi ki, mayın 1-dən ərazidə ticarət mərkəzinin tikintisinin başlanılması üçün müvafiq sərəncam verəcək”.

Şikayətçilər bildirirlər ki, əslində 2017-ci ilin sentyabrında həmin ərazidə tikiləcək ticarət mərkəzində onların hər birinə yer veriləcəyi vəd edilmişdi. Lakin ötən müddətdə burada hər hansı tikinti işi aparılmayıb.

img_20190402_095853.jpg
Şərq Bazarı

Sahibkarlar dükanların sökülməsindən 2 il keçdiyini, amma hələ də onların xeyrinə bir irəliləyiş olmadığını söyləyirlər.

“Şəhər rəhbərliyinə müraciət edirik. Hər dəfə problemin tezliklə həll ediləcəyini deyirlər. Ancaq heç bir nəticəsi yoxdur”.

Sahibkarla bildirirlər ki, söküntüdən sonra onlara 19 may 2017-ci il tarixli 554 saylı sərəncama əsasən, yeni obyektin tikilib veriləcəyinə dair zəmanət məktubu verilib. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyevin imzaladığı zəmanət məktubunda deyilir ki, Sumqayıt şəhərinin baş planına, memarlıq və şəhərsalma prinsiplərinə riayət edilməsi, şəhərsalmanın nizamlı inkişafının təmin edilməsi məqsədilə şəhərdə aparılan bərpa, yenidənqurma və abadlıq işlərinin davamı olaraq 9-cu mikrorayon ərazisində yerləşən müasir memarlıq tələblərinə cavab verəcək yeni Ticarət Mərkəzinin tikintisi layihələndirilir:

“İnşa olunacaq yeni Ticarət Mərkəzində hazırda mülkiyyətinizdə olan 9 kv. m ticarət sahəsinin əvəzinə sizin mülkiyyətinizə 18 kv. m təmirsiz ticarət mərkəzi veriləcək”.

sahibkar.jpg
sahibkarlar

Şikayətçilər bildirirlər ki, həmin müddətdən isə 2 ilə yaxın vaxt keçib:

“Bəs nə zaman verəcəklər? Biz nə zaman işə başlayıb, ailəmizi dolandıra biləcəyik? Dəfələrlə Prezident Administrasiyasına da müraciət etmişik. Oradan isə bizə problemimizin yaxın zamanlarda həllini tapacağı ilə bağlı ümidverici vəd veriblər. Hələ də gözləyirik”.

Aprelin 2-də, səhər saatlarında Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən “Şərq bazarı”nda obyektləri sökülən 66 sahibkar aksiya keçirib. Onlar mağazalarını geri istəyiblər. Aksiyaya səbəb kimi isə onlara göstərilən laqeyd münasibət olduğunu bildirən sahibkarlar mağazaları söküləndən sonra ailələrini dolandıra bilmədiklərini, müraciət etdikləri aidiyyatı qurumların onları dinləmədiklərini söyləyiblər.

b7136918-a40c-48ef-998c-2aabdcdda8c3.jpg
bazar ərazisi

66 sahibkara məxsus ticarət obyektləri 2017-ci ilin mayında Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən sökülüb. Sahibkarlar deyirlər ki, sənədləri tam qaydasında olan dükanlarının məhkəmə qərarı olmadan sökülməsi qanunsuzluqdur:

“Buna baxmayaraq, antisanitariya, şəhərin görünüşünə xələl gətirməsi adı ilə bizim mağazaları tezbazar sökdülər. İndi bu ərazi daha da xarabalığı xatırladır və əvəllkindən beşbetər antisanitariya vəziyyətindədir. Üstəlik, şəhərin görkəmini korlayır”.

Ana səhifəBölgəSumqayıtlı sahibkarlar: Zakir Fərəcov bizə vəd verdi