Tzin imperiyasının imperatriçası – “Əjdaha” Tsı Si

Ölkədə yollar çəkilir – amma xalq üçün yox, bayram tədbirləri keçirmək üçün

Source:
Tsi Si
Tsi Si



(II hissə) – Yazının ilk

hissəsi


Tezliklə Su Şu da həbs edilir. Bəzi mənbələrdə görə, ölüm ayağında o, belə deyir: “Mənim məsləhətimə qulaq asıb bu qadını öldürsəydiniz, indi bu vəziyyətdə olmazdıq”. Amma başqa variant da var – guya Su Şu “dul imperatriçanın” sevgi təklifinə rədd cavabı verdiyi üçün “qara siyahı”ya düşdüyünü, Tsı Sinin onunla düşmənçiliyinin bundan başladığını açıqlayıb.

Hərçənd o dəqiqələrədə Su Şunu bundan qat-qat ağır ittiham da xilas edə bilməzdi: o, Tsı Sinin hakimiyyətə gedən yolunun üstündəki son maneəydi və məhv edilməliydi. Məhz bu səbəbdən “sevimli cariyə”nin sadiq dostu Jun Lu “xain” Su Şunu öldürür (Əsas rəqibini “dul imperatriçanın” şəxsən özünün öldürdüyünü bildirənlər də var) və beləliklə də, Tsı Si özünün ən təhlükəli rəqibindən qurtulmuş olur. Üstəlik, onun böyük varidatını da ələ keçirir.

Artıq Tsı Si ölkəni zəif iradəli xəstə imperator Syanfenin cariyəsi kimi əl alıntdan yox, Syanfenin rəsmi arvadı Tsianla birlikdə 5 yaşlı imperatorun həmregenti olaraq idarə edəcəkdi. Bundan sonra 1500-ə yaxın qulluqçu, dərzi, zərgər və saç ustası onun qulluğunda duracaq, ən kiçik xətaya görə Tsı Sinin xədimləri onları çubuqla döyəcək, öldürəcək, ya da göldə boğacaqdılar. Regent Tsı Sinin qəbuluna gələn hər kəsdən ona imperator səviyyəsində sayğı göstərmək, imperatorla olduğu kimi, onunla da diz üstə və alnını yerə vuraraq danışmaq tələb ediləcəkdi. Həm dövlət xəzinəsinin vəsaitləri, həm də rüşvət hesabına böyük varidat toplayacaq “dul imperatriça”nın 70 yaşı olanda təkcə titullarından qazandığı illik gəlir 1 milyon 600 min lyana çatacaqdı. Amma onun ac gözü heç vaxt doymayacaq, kisələrlə ləl-cəvahirat, zinət əşyası ona azlıq edəcək, şəxsən özü üçün saraylar tikdirəcək, bunun üçün xəzinəni boşaltmaqdan belə çəkinməyəcəkdi.

Bütün 43 illik hakimiyyəti boyu o, xədimlərlə iş birliyində olacaq, intiqam planlarını onların dəstəyilə reallaşdıracaq, onların əliylə rüşvət alacaq, düşmənlərini onların vasitəsilə öldürəcəkdi. Elə bir gün gəlib çatacaqdı ki, “dul imperatriça”nın baş meneceri olan baş xədim Li Lyanyin ölkənin ikinci adamına çevriləcək, dövlət işlərinə müdaxilə edə biləcək, aldığı böyük məbləğdə rüşvətlər müqabilində hətta ölüm hökmü kimi ciddi qərarları da ləğv etdirəcəkdi.

Haşiyə: Həmin illlərdə “dul imperatriça”nın çox sayda insanın ölümünə fərman verdiyi, qulluqçularını döymək üçün getdiyi hər yerə çubuqlarla dolu kisə apardığı deyilir.

Xidmətçilərindən biri (Yuy Delin) onun haqqında xatirələrində yazır ki, bir dəfə Tsı Si ona taykeş corab gətimiş qulluqçuya 20 şillə vurmağı başqa bir qulluqçuya həvalə edib, sonra da şillələrin kifayət qədər güclü olmamasından hirslənib rolları dəyişərək onun özünü şillələdib. Saçı darananda telinin dartılmasını xoşlamayan Tsı Si bir dəfə də kiçik bir ehtiyatsızlığa yol vermiş xədimi çubuqla döyüb öldürməyi əmr edir. Bir dəfə də yemək xoşuna gəlmədiyi üçün aşbazı bu şəkildə cəzalandırır. Tsı Sidən sonrakı imperator Pu İnin xatirələrindəki bir fakt bu deyilənlərdə doğruluq payının olmaması ehtimalını azaldır: “Bir dəfə bir xədim Tsı Si ilə şahmat oynayırdı. Oyunun bir yerində xədim dedi ki, “Qul möhtərəm böyüyünün atını vurur”. Tsı Si qəzəblənib qışqırdı: “Amma mən sənin bütün ailəni vururam!” Xədimi bayıra çıxarıb ölüncə döydülər”.

****

1873-cü ildə “dul imperatriça”nın regentlik müddəti başa çatır – oğlu Tunçjinin 17 yaşı tamam olur və o, taxta çıxır. Dövlət işlərinə çox maraq göstərməsin deyə Tsı Si onu Alute adlı gözəl bir qızla evləndirir, amma Tuncji məhz arvadının təsirilə ciddi fəaliyyətə başlayır. Çox keçmir ki, Tsı Si oğlunun yanına cariyələr göndərməklə onların arasını vurur. Tuncji gecələr sarayı tərk edib fahişəxanalara getməyə başlayır, xədimlərin onu bu işə Tsı Sinin tapşırığıyla həvəsləndirdikləri deyilir. Tuncjinin hakimiyyəti cəmi iki il davam edir, 1875-ci ilin əvvəlində imperator “təsadüfən” vəbaya yoluxur və iki həftə sonra vəfat edir. Tsı Si yenidən uzun müddət regent ola bilmək üçün imperatorluğa yeni azyaşlı namizəd axtarır və tapır. Bu dəfə “dul imperatriça” dörd yaşlı Quansyuyu (bacısı oğlunu) seçir. Avropa saraylarının nümayəndələrinin də dəvət edildiyi tacqoyma mərasimi balaca imperatorun elə-hey ağlayıb anasına sarı dartınmasıyla müşayiət olunur.

Sonrakı 5 il nisbəyən sakit keçir, Tsı Si ölkəni yenə həmregent olaraq idarə edir. Amma günlərin birində sadəlövh Tsian mərhum imperatorun ölməzdən əvvəl ona “dul imperatriça”nı öldürmək hüququ verdiyini deyir. Çox keçmir ki, Tsı Si gözəl bir qutunun içində Tsiana şirniyyat göndərir, imperatriça o şirniyyatdan yeyəndən bir az sonra vəfat edir. Bütün despot rejimlərdə olduğu kimi, heç kim buna görə ondan hesab soruşmur. Yalnız Tsianın qardaşı şəhər darvasının qabağında dayanıb bacısının zəhərlənərək öldürüldüyünü qışqırmağa başlayır (Qədimdən gələn adətə görə, orda hər kəs istədiyini deyə bilərdi, onu qovmaq və ya həbs etmək qadağandı), amma ona məhəl qoyan olmur və çox keçmir ki, qəzəbdən və çarəsizlikdən onun başına hava gəlir.

Bir müddət sonra gənc imperatriça Alute də ölür. Bəzi mənbələrdə onun öz atasına məktub yazıb “qızıl əsarətdən” qurtulmaq üçün ondan yardım istədiyi qeyd edilir. Cavab məktubunda Aluteyə hər hansı ehtiyatsız hərəkətinə görə (intihar da daxil) ailəsinin də məhv ediləcəyi xatırladılır, qapalı otaqda əsir saxlanılan gənc qadın təbii ölüm görüntüsü verəcək variantı – ac qalaraq ölməyi seçmək məcburiyyətində qalır.

****

Artıq Tsı Si ölkəni təkbaşına idarə edirdi. Yeganə rəqibi knyaz Qun idi. Çox ağıllı olduğu deyilən və Məsləhət Şurasında tərəfdarları olan bu adamı zərərsizləşdirmək, eyni zamanda Şuranın dövlət işlərinə müdaxiləsini məhdudlaşdırmaq üçün fürsət axtaran “dul içperatriça” buna 1984-cü ildə nail olur. Həmin il Şimali Vyetnamı öz təsir dairəsinə salmaq istəyən Fransa Çinə müharibə elan edir və qalib gəlir. Tsı Si bu nüfuz davasındakı məğlubiyyətin məsuliyyətini Qunun boynuna qoyur: “Karyerasının ilk illərində knyaz Qun bizə ciddi şəkildə kömək etməyə çalışırdı, amma zaman keçdikcə, o, sadəcə hakimiyyətdən zövq almağa başladı, özündən razılığı artdı, yüksək mövqedə olmasından qürurlanıb ədəbazın birinə çevrildi”. Tsı Si Qunun tərəfdarlarını da tənqid edir, elə həmin açıqlamada yazır ki, “onların təcrübəsi yoxdur, həyata baxışları məhduddur, üstəlik, şəxsi reputasiyaları da pisdir”. Beləliklə, “xalq düşmənləri”nin kimliyi bəlli olur və tezliklə onların hamısı istefaya göndərilir.

Zamanla “dul imperatriça” özünə hüdudsuz hakimiyyət təmin edir. Amma bu sərt despotik rejim ölkədə tam sabitlik yarada bilmir. Həmin illərdə xalq üsyanları baş verir, Tsı Sini hakimiyyətdən uzaqlaşdırmaq istəyən islahatçılar qrupu fəaliyyət göstərir, ayrı-ayrı adamların təşəbbüsüylə çevriliş planları hazırlanır, tənqid etmək hüququ verilmiş (amma tez-tez də cəcalandırılan) senzorlar etiraz çıxışları edirlər. Tsı Si onlardan bəzilərinin statusundan məhrum edilməsinə, bəzilərinin cəzalandırılmasına, bəzilərininsə hətta qətl edilməsinə nail olur.

Amma bunun elə də faydası olmur, çünki sağ qalıb iradəsini itirməyənlər onu daha sərt tənqid edirlər. Onlardan biri – Tzya Do hələ An Dehay baş xədim olan dövrdə sarayı bədxərclikdə ittiham etmiş, xədimlərin özbaşınılığına qarşı çıxmışdı. Tsı Si dərhal araşdırma haqda fərman verib ictimai rəydə özünə müsbət xal qazanmış, amma öz bildiyi kimi davranmaqda davam etmişdi.

Tunçjinin arvadı Alute öləndə senzor Quan An saraya etiraz edib “dul imperatriça”nı qətldə günahlandırmış, Tsı Si dərhal onu işdən qovdurmuşdu. Amma üç il sonra başqa bir senzor – U Kedu vəliəhdin qanunsuz seçilməsinə sərt etiraz memorandumu yazıb özünü Tunçji və Alutenin qəbri üstündə öldürəndə daha çox əziyyət çəkmək lazım gəlmişdi – çoxlu qurban kəsilib camaata paylanmış, bir neçə yarmarka açılıb gəlirləri kasıblara verilmişdi.

İslahatlarla bağlı memorandumları dəstəkləyən senzor Tu Jenşou da işdən çıxarılmış, amma iki il sonra yenidən bərpa edilib “saray banketləri idarəsinin müdir müavini” vəzifəsinə təyin edilmişdi.

Rəsmən senzor olmayan Kan Yuvey belə dözməyib Tsı Si və Quansyuyu açıq tənqid etmişdi: “Nə üçün siz dövlətin təhlükəsizliyini artırmaq əvəzinə, möhtəşəm sarayların tikintisinə bu qədər pul xərcləyirsiz? Nə üçün əmk sərf edib dövlətin işlərini qaydaya salmaq əvəzinə avaraçılıq edib lüks həyat yaşayırsız?”

“Dul imperatriça”nın hakimiyyətinin son illərində xədim Kou Lyantsay da onu ifşa etməyə başlamış (1906), Tsı Si onu dəli bilib saraydan qovandan sonra xidmət müddətində etdiyi qeydləri qohumlarına vermiş; memorandum yazıb Tsı Sidən pozğunluğa, imperator Quansyuyu sıxışdırmağa, dövlət xəzinəsini talamağa və saraydakı teatr tamaşalarına son verməyi tələb etmişdi. Tsı Si onun döyülüb öldürülməsini əmr etmiş, vur-tut 18 yaşı olan bu gənc son ana qədər mətinliyini qoruyub saxlamışdı.

“Dul imperatriça”nın ən qətiyyətli müxalifləri Sun Yatsenin rəhbərliyi altında birləşmiş çinli inqilabçılar olmuşdular – onların inqilab cəhdi Tsı Sinin ölümündən üç il sonra baş tutmuş, Çin, nəhayət ki, mancur zülmündən xilas olmuş, ölkədə respublika üsul-idarəsi qurulmuşdu. Nəticələrinin tezliklə məhv edilməsinə rəğmən, köhnə qaydalara tam qayıdış baş verməmiş, az müddətə və müəyyən qədər də olsa xalqın vəziyyətini yüngülləşdirmişdi.

****

Məşhur müasirləri Tsı Sinin dövlət işlərindən heç nə anlamadığını, vaxtının çoxunu əyləncələrdə keçirməklə ölkəyə böyük ziyan vurduğunu düşünürdülər. Bəzi mənbələrdəki bu qeyd xüsusilə diqqət çəkir: 1900-cu ildə – İxetuan üsyanının pik vaxtında Tsı Si artilleriya atəşini durdurmağı əmr edir – topların səsi onun qayıq gəzintisinə mane olurmuş. O ərəfədə Tsı Si üsyançılardan qaçıb sığındığı Sian şəhərində yaşayırdı və lüks həyat tərzini orda da davam etdirirdi: hər səhər xədimlər onun süfrəsinə balıq, ördək və çolpalardan hazırlanmış 100 növ yemək düzürdülər.

Çinin özünütəcrid dönəminə xas konservatizm “iliyinə işləmiş” Tsı Si xarici dövlətlər haqqında, demək olar ki, heç nə bilmirdi. O inanırdı ki, başqa ölkələrdə ağaclar və dağlar çox eybəcərdir, əcnəbi həkimlər dərmanları çinli uşaqların gözlərindən hazırlayırlar və sairə.

Amma o, Tzen Qofanın texniki elmləri öyrənmək üçün gəncləri Avropaya göndərmək təklifinə yox deməmişdi və bu “iltifat” sayəsində Çində müasir həyat elementləri yaranmışdı. Fotoaparat, elektrik işığı, miniatür qatar, üçtəkərli velosiped və hətta avtomobil saraya qədər gəlib çıxmışdı. Xədimlərin sıx əhatəsində sürdüyü velosiped Tsı Sinin çox xoşuna gəlmişdi, amma maşında gəzmək ömrünün axıra qədər ona nəsib olmamışdı, çünki xədimlər avtomobil idarə edə bilmirdilər, bunu bacaran şəxsinsə saraya girmək hüququ yoxdu. Xoşbəxtlikdən, sarayda fotoaparatdan başı çıxan biri vardı, amma Çin sarayının qədim ənənələri bu yeni texnologiyadan istifadə komik prosesə çevirmişdi, cünki həmin şəxsin imperatriçanın yanında ayaq üstə durmaq hüququ yoxdu.

Portretini çəkən amerikalı rəssam K.Karla saatlarla poz verməmək üçün Tsı Si ona icazə verir, amma məlum olur ki, kadrın yaxşı alınması üçün həmin şəxs stula çıxmalıdır. Xədim bunun da icazəsini alır. Sonra fokus tutmaq üçün ona eynək taxmaq lazım gəlir, amma imperatorların yanında eynəkli durmaq da qadağanıydı deyə Tsı Sidən bunun üçün də razılıq almaq lazım gəlir (Yeri gəlmişkən, onun yataq otağında çoxlu stul varmış və hər birini öz kiçik taxtı hesab edən Tsı Si heç kimə bu stullarda oturmağa icazə vermirmiş).

Tsı Sinin portret sevdası da xeyli “əyləncəli” yekunlaşır. Əvvəlcə o, rəssamın seçdiyi ölçünü özünə qarşı hörmətsizlik sayaraq bu ölçünü bir neçə dəfə böyütməyi tapşırır, sonra portretin Amerikaya göndəriləcək nüsxəsinin ünvana ancaq şaquli vəziyyətdə çatdırılmasını tələb edir. Bu nüsxə saraydan hətta imperatorun da iştirak etdiyi xüsusi mərasimlə yola salınır, yol boyu düzülmüş əhali isə portreti dərin təzimlə qarşılayır.

Müasirlərinin dediyinə görə, Tsi Si özü də şəkil çəkə bilirmiş, amma sadəcə gül şəkilləri. Bu “haqsızlığı” imperatriça öz fəndgirliyilə aradan qaldırmışdı – başqaları çəkir, o, möhür vurub öz adına çıxırdı.

Tsı Si kompliment eşitməyi də çox sevirmiş. Eyni zamanda, özü-özünü tərifləməkdən də utanmırmış. İngiltərə kraliçası Viktoriyanın 18 yaşından 82 yaşına qədər hakimiyyətdə olduğunu eşidəndə taxtda ondan daha çox oturmaq fikrinə düşən Tsı Si yaxınlarına belə deyibmiş: “Tez-tez fikirləşirəm ki, mən indiyə qədər yaşamış qadınların ən ağıllısıyam. Kraliça Viktoriya haqqında çox eşitmişəm, onun çin dilinə tərcümə edilmiş bioqrafiyasını da oxumuşam və görmüşəm ki, onun həyatı mənimkinin heç yarısı qədər də maraqlı və əhəmiyyətli deyil”.

****

Syanfen öləndə 27 yaşı olan Tsı Si sonrakı illərdə özünü ancaq xalqın mənafeyini düşünən, mənəvi dəyərlərin alovlu qoruyucusu olan asket kimi tanıtmağa çalışsa da, o dövrə aid memuar və araşdırmalarda bunu təkzib edən xeyli sayda fakt var. “Dul imperatriça”nın favoritləri kimi bilinən şəxslər ən müxtəlif zümrələrə aid olublar – gənc işsizlərdən, aktyor və müğənnilərdən tutmuş məşhur zadəgan-məmurlara qədər.

Tsı Sinin 1870-80-ci illərdə Çinin məşhur dövlət xadimi və diplomatı Li Hunçcanla sevgili olduğu deyilir (Bu iddianı Linin hətta şəxsi katibi də təkzib etməyib). Bəzi Çin tarixçiləri daha əvvəl onun böyük knyaz Qunla yaxın münasibətdə olduğunu və bu münasibətlərin qısqanclıq zəminində (Qun Tsı Sinin saraydakı ən yaxın adamı, xədim olmadığı barədə şaiyələr dolaşan baş xədim An Deahemi öldürəndən sonra) pozulduğunu ehtimal edilər. Zabit Jun Lunu isə (Tsı Sinin ata evindəykən nişanlı olduğu və Syanfenlə bağlı ilk xəyal qırıqlıqları dönəmində sevgili olduğu iddia edilən qohumunu) Tsı Si özü qısqanmış, xəyanət etdiyi üçün onu saraydan uzaqlaşdırmışdı.

Yao Baoşen adlı gəncin də “dul imperatriça”nın favoritlər siyahısında olduğu qeyd edilir. Deyilənə görə, dövlət imtahanlarından kəsilib yeməkxanalarda mahnı oxumaqla pul qazanan bu gənci xədim Li Lyanyin saraya təbib kimi gətirib Tsı Siyə təhvil verir, bir müddət sonra qadın hamilə qalır, daha sonra da “təbibi” və yeni doğulan oğlan uşağını saraydan uzaqlaşdırırlar, müasirləri isə Yao Boşenin saraya gətiriləndən bir müddət sonra naməlum səbəbdən ölən digər gənc və yaraşıqlı oğlanlar kimi məhv edilmədiyini Tsı Sinin onu sevməsiylə izah edirlər. Bəzi tarixçilər Tsı Sinin baş xədim An Dehaydan da bir oğlan dünyaya gətirdiyini və Tzyu Min adlı bu uşağın ən azı 20 yaşına qədər yaşadığını düşünürlər.

Tsı Sinin aktyorlara qarşı da xüsusi marağı varmış. Bəzi Çin tarixçiləri hesab edirlər ki, bu marağın Fransayla müharibə zamanı xüsusilə qabarması Çinin o savaşdakı məğlubiyyət səbəblərindən biridir.

“Dul imperatriça”nın sevimli əyləncə yerlərindən biri olan Arzuların Reallaşması Studiyasında (həm məşhur rəssamların əsərlərinin toplandığı qalereya, həm də kitabxana olan studiyada) rəsm çəkməyi bacaran gənc oğlanlar xidmət edirmiş. Quan xidmət üçün müsabiqəyə qatılmış 170 gəncdən biriymiş, sonda Tsı Si məhz onu bəyənmişdi. Onların münasibəti haqqında deyilənlərin sadəcə şayiə olmadığını təsbit edən sənəd də mövcuddur. “Quanın qısa bioqrafiyası”nda qeyd edilir ki, Tsı Siylə yaxın tanışlıqdan sonra gənc rəssam hədsiz varlanır, “dul imperatriça” ona böyük villa bağışlayıb illik gəlir təyin edir, sonra da öz agenti kimi əsir imperator Quansyunun yanına göndərir.

Bu, siyasi intriqalar ustası Tsı Sinin ən məsum fəndiydi. Çin tarixçilərinin qeydlərindən məlum olur ki, mancurların hakimiyyətini çin əyan və generallardan qorumaq üçün “dul imperatriça” daim onların arasına ədavət toxumu səpib, Şərqi və Cənubi Çin mülkədarları arasındakı ənənəvi qarşıdurmanı qızışdırıb, Mərkəzi və Şimali Çin feodalları və bürokratlarını bir-biriylə dalaşdırıb. Liberal islahatçılar hərəkatını amansızlıqla darmadağın edəndən sonra islahat siyasətinə keçdiyini elan edib və buna hətta qatı düşmənləri Kan Yuvey və Lyan Tsiaçonu da inandıra bilib – onlar İmperatoru Müdafiə İttifaqını (hakimiyyətdən kənarlaşdırılmış imperator Quansyuyun müdafiəsi üçün yaradılmış birlik) buraxıb təhlükəsiz Siyasi Xəbərlər Cəmiyyəti yaradıblar və… Tsı Sinin “xeyirxah idarəçiliyini” tərifləməyə başlayıblar.

“Dul imperatriça”nın fəndləri bir neçə dəfə hətta əcnəbilərə də inandırıcı gəlib. Hakimiyyəti Quansyuya ötürüb (1989) “gənc imperatorun rəhbəri vəzifəsinə müvəqqəti olaraq sahibləndiyini” deyən imperatriça Məsləhət Şurasından regentliyin faktiki davamını təklif edən senzorun işdən dərhal çıxarımasını xahiş edib.

****

Getdikcə zəifləyən və çalxalanan ölkənin tək “yiyəsi” olmaq “dul imperatriça”nın reallıq hissini zəiflədir. Bu, ona gətirib çıxarır ki, 1894-cü ildə – siyasi enişin sürətləndiyi dönəmdə Tsı Si 60 illik yubileyinin bütün imperiyada qeyd olunması haqda fərman verir.

Ölkədə yollar çəkilir – amma xalq üçün yox, bayram tədbirləri keçirmək üçün. Heç bir praktik əhəmiyyəti olmayan zəfər tağları tikilir – “dul imperatriça”nın şəninə təriflər yağdırmaq üçün. Bütün bunlar üçün həm büdcədən vəsait ayrılır, həm də əhalidən pul yığılır, imtina edənlərin aqibəti ağır olur. Yollara buddizmə aid sutraların həkk olunduğu qurbangahlar ucaldılır. Və elə bu arada Yaponiya Çinin de-fakto nəzarət etmədiyi Koreyanı “qoparmaq” üçün ona müharibə elan edir. Ölkəni yarımmüstəmləkə halına salmış iki tiryək müharibəsi, Şimali Vyetnamın itirildiyi Fransa-Çin müharibəsi, indi də donanmanın darmadağın edilməsinə gətirib çıxaran növbəti müharibə. Amma artıq Quansyuyun 23 yaşı var və məğlubiyyətin əsas günahkarı kimi onu nişan vermək olar. Tsı Si öz bərbad idarəçiliyi “sayəsində” ölkəni zəiflətdiyini bu dəfə də etiraf etmir, çinlilərin vətənpərvərlik duyğusuna “oynayır”: “Kim inanardı ki, cırtdanlar bizi savaşa çəkməyə cəsarət edə bilərlər. Bizim başqa çıxış yolumuz yoxdu, qılıncı çəkib qisas kampaniyasına başlamalıydıq”. Sonra “dul imperatriça” özü vətənpərvərlik nümayiş etdirib “şəxsi” hesabından kampaniyaya 3 milyon lyan ayırır.

Bu uğursuz savaşdan bir müddət sonra (1898) imperator Quansyuy çox cəsarətli, amma imkansız bir işə girişir – islahatlara başlamağa cəhd edir. O, çox savadlı və bacarıqlı adam olan Kan Yuveyi islahatçılar komandasının rəhbəri təyin edir. Yuvey ölkənin konservativ və qapalı təhsil sisteminin Avropa təhsil sisteminə yaxınlaşdırılmasını, idarəetmənin modernləşdirilməsini təklif edir, amma kif atmış idarəetmə sisteminin qoruyucuları dəyişikliyə ciddi şəkildə müqavimət göstərirlər, yeganə real nəticə Pekində universitet yaradılması olur. Hərçənd onun açılışında iştirak etmək islahatçılara nəsib olmur, çünki “dul imperatriça” islahatçılara xəyanət edib onları çuğullayan general Yuan Şikay sayəsində hərbi çevriliş planından xəbər tutmuş və Quansyuyu taxtından imtinaya məcbur etmişdi ( O ana qədər Qərb dövlətləri onu xilas etməyə cəhd göstərmişdilər – Quansyuyun idarəçiliyində Çini müasirləşdirmək daha asan olardı deyə, – amma alınmamışdı). Həmin fərmanda həm də bu yazılmışdı ki, guya Quansyuy hələ keçən il çin xalqının ümummilli anası Tsı Sidən ölkəni idarə etməyi xahiş edibmiş – guya “xəstəliyinə görə”.

****

Beləliklə, imperatorun başlatdığı islahatlar hərəkatı məğlubiyyətə uğrayır, imperator İnyan adasına sürgün edilir və ömrünün sonuna kimi (1908) orda əsir həyatı yaşayır. Yəqin ki, Tsı Si onu da birdəfəlik yox etmək istəyərdi və çox güman, bunu Quansyuyun Qərbdə tanınmasına görə edə bilməyib. O zaman bir neçə başqa islahatatçını da ölümdən məhz Qərb diplomatlarının müdaxiləsi xilas etmiş, Kan Yuveysə qaçıb gizlənmişdi. Sonrakı illərdə, o, Tsı Si haqqında belə yazacaqdı: “Xarici ölkələrin konstitusiyalarından heç nə anlamayan və Çindəki quruluşu dəyişmək istəməyən hakimiyyət oğrusu, pozğun, axmaq, qərəzli qarı, sevgililərinin oyuncağı”.

Keçmiş maliyyə naziri Çan Lixuanın başını kəsməmək barədə diplomatların israrlı xahişlərinə əməl edən Tsı Si ölüm hökmünü sürgün cəzasıyla əvəz etmiş, az sonra məlum olmuşdu ki, Lixuanı sürgün yolunda boğub öldürüblər.

O ərəfədə ölkəni Çin tarixinin ən böyük xalq hərəkatlarından biri – ixetuan üsyanı bürümüşdü . Köhnə Çinin sonunun başlanğıcı olan bu üsyan (1899-1901) “Qərbin varvarlarına” qarşıydı. Xarici dövlətlərin, əsasən də Almaniyanın çəkdiyi dəmir yollarına görə kəndli təsərrüfatlarının, xırda istehsalçıların, əkinçiliyin və heyvandarlığın məhv edilməsinə etiraz edən üsyançılar üç il boyu Qərbə aid hər şeyi dağıtmaqla məşğul olmuşdular. Qərblilər gizli “İxetuan” təşkilatının yetirmələri olan bu şəxslərə təşkilatın adındakı yumruq sözünə (“tuan”) görə boksçular, hərəkata isə “Boksçular üsyanı” deyirdilər. Halbuki ixetuanlar mahir uşu ustasıydılar.

Üsyana münasibətdə Tsı Si bir müddət tərəddüd etmiş, ixetuanlardan istifadə edib-etməməklə bağlı qəti qərara gələ bilməmişdi. Sonra üsyançılara meyllənib avropalıları onların köməyilə ölkədən qovmaq xəttini seçmiş, amma onların məğlubiyyətinin qaçılmaz olduğu bilinən kimi ixetuanlara arxa çevirib Qərb dövlətlərinin koalisiyasına dəstək vermişdi (bu riyakarlığına görə “ikiüzlü Tsı Si” ləqəbini qazanaraq). İlk mərhələdə ixetuanların da mövqeyi qəti olmamışdı: yalnız “qərbli varvarlara” qarşı çıxsınlarmı, yoxsa Tsı Sinin despot rejiminə qarşı. Sonrakı mərhələdə “hamıya qarşı” devizini seçən üsyançılar Pekinə hücum etmək qərarı verib şəhərə doğru irəliləmiş, Tsı Si və saray əyanları Çinin qədim paytaxtı Sian şəhərinə qaçmalı olmuşdular. İxetuanlar Pekini qarət etmiş, dağıtmış, yandırmış, ardınca da diplomatik korpus yerləşən məhəlləni mühasirəyə almışdılar. 56 gün sonra 8 dövlətin (Böyük Britaniya, Almaniya, Rusiya, Avstriya- Macarıstan, Yaponiya, ABŞ ) 40 min nəfərlik birləşmiş ordusu şəhərə daxil olub üsyanı yatırmış, ixetuanları şəhərdən qovmuşdular. Bir müddət sonra Çin koalisiya üzvləriylə qeyri-bərabər şərtli müqavilə bağlamaq məcburiyyətində qalmış, ölkə Qərbdən daha çox asılı vəziyyətə düşmüşdü.

****

İxetuan üsyanından sonra Tsı Si islahat tərəfdarı kimi davranmağa başlayır. Pekin universitetinin açılışını şəxsən özü edir, qatara minib yenilik tərəfdarı olduğunu nümayiş etdirir, təhsil müəssisələrinə, o cümlədən, qızlar üçün açılmış məktəblərə gedir, hər fürsətdə maariflənmə tərəfdarı olduğunu deyir, amma mütləq Çin elminin Qərb elmindən üstün olduğunu da vurğulayır. Bununla belə, ac qarına dinlənən vətənpərvirlik nağıllarının istənilən effekti vermədiyini artıq o da anlayır, ona görə də xalqa konstitusiya söz verir, 1922-ci ilə qədər ordunu modernləşdirəcəyini vəd edir. Məlum olur ki, “dul imperatriça” 87 yaşda olacağı o ilə qədər hakimiyyətdə qalmağı planlaşdırır (40 illik hakimiyyəti boyu dövlət idarəçiliyinə Kan Yuvey kimi alimləri yox, Li Lyanyin kimi xədimləri cəlb edən birinin hələ 20 il də taxtda oturması ölkə üçün acınacaqlı perspektiv olardı).

Amma fələk onun saydığını saymır: 1908-ci ildə Tsı Si xəstələnir və vəfat edir. Bəs, İvyan adasındakı əsir imperator? Qəddar və məkrli xalasının ölümündən sonra o, nəhayət ki, öz vəzifəsini icra edə biləcəkdimi? Yox, çünki… bir gün əvvəl də o vəfat etmişdi.

Daha əvvəl “dul imperatriça” 2 yaşlı Pu İni – keçmiş sevgilisi Jun Lunun nəvəsini (Quansyuyun bacısı oğlunu) vəliəhd edəcəyini ona deyəndə imperator zəif bir müqavimət cəhdi göstərib “Yetkin yaşda olan birinin vəliəhdliyi daha yaxşı deyilmi” demişdi. Amma az sonra xalasıyla razılaşmış və bununla həm də öz ölüm fərmanına imza atmış olmuşdu.

Ayağının biri o dünyada olanda da intriqalarından əl çəkməyən Tsı Sinin “Mən imkan vermərəm ki, o, məndən çox yaşasın” deməsi və bir müddət sonrakı ekspertiza zamanı Quansyuyun cəsədinin qalıqlarında civə aşkar edilməsi bəzi tarixçilərdə imperatorun öz əcəliylə ölmədiyi ehtimalını doğurub. Saray tarixçisinin qeydlərinə əsasən Quansyuyu zəhərləməyə “dul imperatriça”nın baş xədim Li Lyanyini göndərdiyi fikri yaranıb. Tsı Sinin həyatı bu ehtimalı inandırıcı edən çoxsaylı faktlarla zəngin olduğu üçün imperatorun xəstəlikdən ölməsi və Tsı Sinin bundan çox sarsılması iddiası ağlabatan görünmür.

Hakimiyyətdə olduğu 43 il boyu talançılıqla, eyş-işrətlə məşğul olan bu qəddar qadının son nəfəsində Tsı Sinin “Bunca vaxt hakimiyyətdə oldum, amma xalqıma heç bir fayda vermədim” deməsi də ağlabatan deyil. Onun adına çıxılan “Heç vaxt imkan verməyin ölkəni qadın idarə etsin” sözlərini də cətin ki, Tsı Si özü demiş olsun. Çox güman, sonrakı illərdə bu fikir anormal dərəcədə pul və hakimiyyət hərisi olan rəhbərə qarşı ümummilli nifrətin ifadəsi olaraq ortaya çıxıb. Amma o öləndə bu nifrət hələ üzdə deyildi –böyük təmtəraqla keçən dəfn mərasimində Tsı Sinin cəsədi qoyulmuş xərəyin Pekindən 150 km uzaqdakı Dunlin şəhərinə aparılmasında 7000 çinli iştirak etmişdi.

Təəssüf ki, o mərasimdə ağlayanların sayı barədəsə informasiya yoxdur – tarix bu barədə susur. Bu da maraqlı məlumat olardı.

Ana səhifəMənim FikrimcəTzin imperiyasının imperatriçası – “Əjdaha” Tsı Si