Tavat Vəliyeva

Mənbə: meydan tv

Başlıq: Tavat Vəliyeva

''Uşağımı nə sağaldırlar, nə də öldürürlər''

4 yaşlı Hüseynin anası həm dövlətin biganəliyindən narazıdır, həm də həkimlərdən...

Siyəzənin Gilgilçay kəndində yaşayan 4 yaşlı Hüseyn doğulandan həyatda qalmaq uğrunda mübarizə aparır. O, serebral ifliclə dünyaya gəlib. İndi nə gəzə bilir, nə də danışır.

“Gecə zəng vurdular ki, gəlin, ölür”

Hüseynin nənəsi Sürəyya Vəliyeva deyir ki, uşaq dünyaya gələndən onu həyatda saxlamaq üçün vuruşublar:

“Gecə saat 3-də zəng vurdular ki, gəlin, ölür. Siyəzəndə bir çarə qıla bilmədilər. Əvvəlcə Qubaya aparmağı təklif elədilər. Sonra təcili Bakıya çatdırdıq. Bir ay şüşə altında qaldı. İki-üç ay səsi çıxmadı”.

Uşağın anası Tavat Vəliyeva əlavə edir ki, hamiləlik dövründə imkansızlıqdan müalicə ala bilməyib:

“Başı normadan böyük doğulmuşdu. Zondla yemək verirdilər. Boğulurdu. Halsız olurdu. Ana südü icazə vermirdilər. Bakıda gəzmədiyimiz xəstəxana qalmadı. Bir yaşına qədər çox müalicə elətdirə bilmədik. Çox ağır vəziyyətdə yaşayırdıq. Sonra bacardıqca müalicəyə aparmışıq. Yoldaşım fəhlədi. Hər cür ağır işlə məşğul olur ki, uşaq sağalsın. Nə qazanırsa, hamısını müalicəyə veririk”.

“Həkimlər bizə daimi müştəri kimi baxır”

Ailə uşağın müalicəsi üçün hər cür zəhmətə qatlaşır. Ən çox həkimlərdən gileylənirlər. Tavat Vəliyeva deyir, bizə daimi müştəri kimi baxırlar:

“Bu illər ərzində həmişə yaxşı həkim axtarmışıq. Hərəsi bir müalicə metodu deyir. Bir həkim tapmışdılar, ilk dəfə müayinəyə gedəndə 20 manat verdim. Dedi: “Bu nədi verirsən?” 9 ay nə qədər pulumuzu aldı. 10-cu ay dedi ki, bu uşağın müalicəsi mənlik deyil. Yandırıb yaxdı bizi...”

sənədlər

sənədlər

Mənbə: meydan.tv

Hüseynin atası az qala, hər gün işləyir. Bəzən günlərlə evdən uzaq yerlərdə fəhləlik edir ki, müalicəyə pul ayırsın.

Tavat Vəliyeva deyir: “Almaniyadan gələn cənubi azərbaycanlı həkim vardı. Bir günə 340 manat xərcimiz çıxırdı. Beş gün yanına apardıq. Heç bir xeyri olmadı. Nə qədər ruhdan düşdük. Müalicəni dayandırdıq. O pulu zülmlə qazanırıq. Həkimlərin məqsədi yalnız istifadə eləməkdi. Uşağımı nə sağaldırlar, nə də öldürürlər”.

“Mehriban Əliyevanın məktubunu açıb oxumuşdular”

Vəliyevlər ailəsi övladlarını öz imkanları daxilində müalicə etməyə çalışırlar. Kiçik büdcə ilə müalicənin heç bir effekt vermədiyini gördüklərindən keçən il ölkənin vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya müraciət ediblər. Tavat Vəliyeva deyir ki, onun məktubuna reaksiya verilib – Fond onun şikayətini araşdırılmaq üçün Səhiyyə Nazirliyinə göndərib, lazımi tədbir görülməsi tapşırılıb. Bu barədə şikayətçinin özünü də məlumatlandırmaq üçün onlara da cavab məktubu göndərilib. Ananın sözlərinə görə, Heydər Əliyev Fondundan onlara göndərilən məktubu gedib götürəndə zərf açılmış vəziyyətdə olub:

“Mehriban Əliyevanın məktubunu açıb oxumuşdular. Bundan sonra da məni Siyəzən xəstəxanasına çağırıb, aldatdılar. Bir kağıza qol çəkdirdilər. Demə, o kağızda yazılıbmış ki, heç bir şikayətim yoxdu. Qol çəkməyə məcbur elədilər. Yanımda da heç kim yox idi. Ondan sonra ikinci dəfə məktub yazdım. İkinci məktubuma heç cavab gəlmədi. Bəlkə də, cavab gəldi, özləri açıb oxudular, mənə çatdırmadılar”.

“Necə əzab çəkdiyinə baxa bilmirəm”

Hüseyn günün əksər hissəsini ağlayır. Gözünə azacıq yuxu gedir, amma oyananda çox əsəbi olur. Kiçik qardaşını tutub dişləyir. Yaxınlaşanların saçını yolur, üzünü cırmaqlayır. Amma anası onun haqqında ümidlə danışır: “Əslində, hər şeyi dərk eləyir. Nə deyirəmsə, başa düşür. Baxdığı bütün cizgi filmlərinin qəhrəmanlarını tanıyır. Bu da onun hesabına başa gəlib ki, nəyimiz var, satıb müalicəyə sərf eləmişik, daha heç nəyimiz qalmayıb. Ukraynada müalicə məsləhət görmüşdülər, imkansızlıqdan gedə bilmədik...”

Anası deyir ki, təxminən bir ay öncə yenə qohum-qardaşdan pul toplayıb Hüseyni İrana aparıblar. Orada həkim sağalacağına söz verməsə də, onlarda azacıq ümid yaradıb:

Tavat Vəliyeva oğlu Hüseynlə

Tavat Vəliyeva oğlu Hüseynlə

Mənbə: meydan.tv

“Bizi burada həkimlər çox aldadıb. Elə dərmanlar yazırdılar ki, həm baha, həm də uşağı aqressiv eləyirdi. Yalandan tam sağaldacaqlarına söz verirdilər. Bircə İrandakı həkim konkret söz vermədi, amma dedi, yaxşılaşmasına çalışacam. Burada dərmanlar baha olduğundan, İrandan üç aylıq dava-dərman alıb gətirmişik”.

T.Vəliyeva danışır ki, müalicəni dayandırmaq başqa fəsadlar ortaya çıxarır. Bir dəfə müalicəsini kəsəndə uşağın başında şiş əmələ gəlib. Aparıb kəsdiriblər. İkinci dəfə müalicəni saxlayanda gözünün içində ağ çıxıntı peyda olub. Müalicəni davam etdirən kimi gözündəki problem həllini tapıb. Gah bədəninə yara çıxır, gah da gözləri qızarır, üzü şişir.

“Necə əzab çəkdiyinə baxa bilmirəm. Tez-tez ağrıdan başını divara vurur”, - ana belə deyir. Sonra ağlayır...

“O 82 manat heç bir həftəlik dərmanına çatmır”

Anası deyir ki, dövlətdən cəmi 82 manat pensiya alırlar. Bu da Hüseynin heç bir həftəlik dərmanına çatmır: “Uşağa, ümumiyyətlə, pensiya vermirlər. Mənə dedilər ki, o 82 manat da xəstə uşağa baxmağa görə sənin özünə verilir. İnanın, 82 manat heç bir həftəlik dərmanına çatmır. Onu bir dəqiqə gözdən qoymaq olmur. Ona görə evin dolanışığı üçün əlavə işlə də məşğul ola bilmirəm. Yaxşı, bəs biz necə eləyək? Dövlət orqanları niyə bunu düşünmür?”

Hüseyn bütün günü açıq hava istəyir. Nə istədiyini soruşanda hər şeyə baş işarəsi ilə “yox” cavabı verir, bircə havada gəzməyə “hə” deyir. Küçədə qucaqda gəzdirəndə özünəməxsus şəkildə sevinir.

“Beyninə oksigen çətinliklə gedir deyə, açıq havada daha rahat olur,”- anası deyir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/khdx0w

Ən çox baxılan