None

Mənbə: meydan tv

Xaçmaz sakini: Gəlib çəkdiz, ümidləndirdilər, ancaq nəticə dəyişmədi

Məqalə yeniləndi:  27 Fevral 2019

Hərbi xidmətdə güllə yarası alaraq ordudan tərxis olunmuş gəncə hələ də əlillik təyin olunmayıb

“Meydan TV gəldi, Əzməmmədin son durumunu çəkdi, işıqlandırdı, bir canlanma başlandı, dedilər, araşdırıb məsələni həll edəcəyik. Ancaq bu canlanma qısamüddətli oldu. Biz hələ də Əzməmmədin əlillik təyinatı üçün süründürülürük”.

Ötən ilin noyabrında Xaçmazın Niyazabad kənd sakini Rəşidə Samullayeva Meydan TV-yə müraciət edərək bildirmişdi ki, hərbi xidmətdə güllə yarası alaraq ordudan tərxis olunan oğlu Əzməmməd Samullayevə əlillik təyin olunması üçün ailədən rüşvət istənilir. Ana iddia edirdi ki, bu rüşvəti rayondakı Tibbi Sosial Ekspertiza Komissiyası istəyir. Onun sözlərinə görə, sağlamlığını itirmiş oğluna nə sığorta, nə kompensasiya ödənilib. Hazırda Əzməmməd normal qidalana, əmək fəaliyyəti ilə məşğul ola bilmir. Meydan TV keçmiş əsgərin ailəsində çəkiliş də aparıb. Ailə üzvləri deyir, problem işıqlandırılandan dövlət qurumlarında Əzməmmədin işiylə bağlı bir canlanma hiss olunub. Bu, ailəni ümidləndirib. Ancaq Əzməmmədin əlillik təyinatı üçün qurumların qapılarında qalan yaxın qohumu Mehman Babayev deyir, bu ümidlər də puç olub.

"Gəncin heysiyyatıyla oynayırlar"

“Elə bil yarımcan edib ailəsinin üstünə göndərdikləri gəncin heysiyyatıyla oynayırlar. Əzməmmədə əlillik təyin olunması onun gələcəyi üçün vacibdir. Həm maddi, həm mənəvi baxımdan. Sabah ailə üzvləri olmadıqda əlillik pensiyası ilə dolanmaq, əlillərə olan güzəştlərdən istifadə etmək üçün. İndi o, ailəsinin ümidinə yaşayır, gələcəkdə valideynləri həyatda olmayanda durumu necə olacaq?” – qohumu deyir.

"Hamının yerinə bir xanım qərar verir"

Mehman Babayevin sözlərinə görə, yerli icra hakimiyyəti işə qarışandan sonra Əzməmməd xəstəxanaya yatırılıb, ona növbəti dəfə Forma-88 verilib. Ancaq rayon üzə 15 saylı Tibbi Sosial Ekspert Komissiyası yenə ailənin ümidini puç edib.

“Yenə imtina verdilər... Dedim, bu işin axırına çıxmalıyıq. Ölkədə saxta yolla əlillik təyin etdirən minlərlə dələduz pensiya alır, bu uşağın daxili orqanlarını güllə darmadağın eləyib, pulu yoxdur deyə, əlillik təyin etmirlər. Uşağı da, atasını da götürüb getdim Bakıya - Ekspertiza Mərkəzinə. Qəbul otağında gənc bir xanım əyləşdiriblər, hamının yerinə qərar verir. Müraciət edənlərə cərrahın da, pediatrın da, nevropotoloqun da yerinə bu xanım cavab verir. Axırıncı sözü də bu olur - əlillik düşmür... Deyirəm, axı sən gənc xanımsan, təcrübəsizsən, 30-40 ilin həkimi heç olmasa düşünür, vəziyyəti araşdırır, sonra bir cavab deyir, sən vəziyyəti bilməmiş, azı iyirmi xəsəliyi olan, içalatı dağılan adamın durumunu öyrənməmiş, bilməmiş deyirsən ki, buna əlillik düşmür”.

Şəxsiyyəti təsdiq edən sənəd

Şəxsiyyəti təsdiq edən sənəd

Mənbə: meydan.tv

Mehman Babayev deyir, sənədləri də qəbul etmirlərmiş, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə əlaqə saxlayandan sonra nəhayət, qəbul ediblər:

“Orada elə adamları gördük ki, Əzməmmədin vəziyyəti onların yanında şükürlüdür. Əlsiz, ayaqsız adamlar aylarla, illərlə gəlib-gedirlər, incidilirlər... Danışanda adam qəzəbini boğa bilmir. Sənədlərimizi qəbul etmirdilər, bizi gözlədirdilər. Nəhayət, nazirlik işə qarışandan sonra götürdülər, dedilər, gedin, gözləyin, 15 iş günü ərzində cavab göndərəcəyik. Mən də bildirdim ki, əgər ucdantutma “əlillik düşmür” cavabı göndərəcəksinizsə, bu xəstə uşağı əziyyətlə kənddən Bakıya gətirmişəm, demirsiz ki, buna əlillik düşmür, buyurun, bura ekspertiza mərkəzidir, uşağı başdan-ayağa yoxlayın, sonra qərarınızı verin. Yoxlamadılar”.

Əzməmməd Samullayevə növbəti dəfə cavab gəlib ki, onda əlillik əlaməti aşkar olunmadığı üçün əlillik təyin olunmur.

Xaçmaz rayon 15 saylı Tibbi Sosial Ekspert Komissiyasından bildirilib ki, Xaçmaz rayon Mərkəzi Xəstəxanasından Əzməmməd Samullayevin əlillik vəziyyətinin müəyyən olunması üçün daxil olmuş müayinələrin nəticələri araşdırılıb və onun səhhətində əlillik əlaməti aşkar olunmadığı üçün imtina yazılıb.

Keçmiş əsgərin ailəsi isə şikayətlərini davam etdirir. Onlar son aylar ərzində ölkə başçısına, başqa rəsmi qurumlara onlarla məktub və teleqram göndərsələr də, hamısı cavabsız qalıb.

Forma

Forma

Mənbə: meydan.tv

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  27 Fevral 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/glmjma

Ən çox baxılan