Yadigar Sadıqlı: Arif Hacılının xeyir-duası ilə mənə qarşı kampaniya başlayıb

Razim Əmiraslanlı: “Yadigar Sadıqlının sözləri obrazlı desək, “dırnaqdan başa” böhtandır“

Source:


Razim Əmiraslanlı: “Yadigar Sadıqlının sözləri obrazlı desək, “dırnaqdan başa” böhtandır“

Müsavat Partiyasının Divan üzvü Yadigar Sadıqlı başqan Arif Hacılının istəyi ilə ona qarşı kampaniya başlandığını iddia edib.

Bu barədə “Facebook” hesabında paylaşım edən Yadigar Sadıqlı bildirib ki, partiya üzvlərinin qapalı qrupunda başqan Arif Hacılının “xeyir-duası” ilə onu satqın, öyrədilmiş, Müsavatı parçalayan şəxs elan etmək uğrunda yarış gedir:

“Kimlərin etdiyini soruşmayın, əksəriyyətini heç tanımazsınız, profillərində hakimiyyət əleyhinə söz tapmazsınız”.

Meydan TV-nin “əleyhinizə kampaniya gözlənilən qurultayda başqanlığa namizədliyinizi irəli sürəcəyiniz haqda açıqlamanıza görədirmi” sualına Y.Sadıqlı “ola bilər” deyə cavab verib:

“Avtoritar idarəetmələrdə olduğu kimi ətrafda bir az parlaq və reytinqi olanlar partiyadan uzaqlaşdırılırlar. Müsavat Partiyasında da Tofiq Yaqubluya və mənə qarşı eyni proses gedir. Tofiq Yaqubluya qarşı Milli Şura bəhanələri vardı, mənə gəldikdə, son məclisdə yaranan mübahisədən istifadə edirlər”.

Y.Sadıqlı qurultayda namizədliyini irəli sürəcəyi haqda suala belə cavab verib:

“Bu cür davam etsə, qaragüruh məni partiyadan xaric etmək fikrindədir. Qismət olsa, namizədliyimi irəli sürəcəm”.

Partiya başqanı Arif Hacılı ilə əlaqə saxlamaq cəhdi nəticə vermədiyindən Meydan TV suallarını Divan üzvü Razim Əmiraslanlıya ünvanlayıb.

R.Əmiraslanlı Müsavat Partiyasında heç bir problem olmadığını söyləyib:

“Bunu çox səmimi deyirəm. Yadigar Sadıqlının sözləri obrazlı desək, “dırnaqdan başa” böhtandır. Elə bir şey yoxdur. Arif Hacılı heç bir zaman kiməsə qarşı kampaniya aparılmasına nəinki göstəriş verməz, heç bunu ağlından belə keçirməz. Bilmirəm, Yadigar bəy bunu nəyə əsasən deyir, amma Müsavat Partiyasından kimsə kimisə tənqid edə bilər, dediyi sözə, davranışına görə, lakin bu, o demək deyil ki, buna kimsə göstəriş verib”.

Müsavat Partiyasının sonuncu qurultayı 27 sentyabr 2014-cü ildə Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçirilib.

Qurultay zamanı baş tutan başqanlıq seçkilərində 449 nəfər seçici, 3 namizəd iştirak edib və 228 səs yığan Arif Hacılı partiyanın 6-cı başqanı seçilib.

Digər namizədlərdən Qubad İbadoğlu 200, Tural Abbaslı isə 19 səs toplayıblar.

Ana səhifəXəbərlərYadigar Sadıqlı: Arif Hacılının xeyir-duası ilə mənə qarşı kampaniya başlayıb