''Yeddi günbəz'' kompleksi yox olmaq təhlükəsindədir

XVIII-XIX əsrə aid türbələrdə sufi din adamlarına aid olduğu güman edilən məzarlar da var

Şamaxıda orta əsrlərə aid qədim məzarlıqdakı “Yeddi günbəz” türbələr kompleksi baxımsızlıqdan yox olmaq təhlükəsi ilə üz-üzədir.

Rayonun Şəhriyar kənd sakini İsrafil Vəliyev Meydan TV-yə deyib ki, bəzən burada mal-qara otarana da rast gəlmək olur:

“Mal-qaranı qəbristanlıqda otarırlar, çünki nəzarət edən yoxdur, özbaşnalıqdır. Halbuki, bura Şamaxının orta əsrlərə aid ən qədim məzarlığıdır. Buradakı yeddi türbədən yalnız üçü tam formada qalıb. Onlardan biri tamamilə, üçü isə yarıya qədər dağılıb. Heç maraqlanan da yoxdur. Təəssüf ki, Şamaxıya turizm baxımından yatırım qoymağa ərinirlər. Halbuki, buradakı tarixi abidələrlə çox diqqət çəkmək olar. Bu gedişlə, Şamaxının ən qədim məzarlığı da, “Yeddi günbəz” türbə kompleksindən olan-qalan hissə də tarixə qovuşacaq”.

Müsahibimiz deyir ki, Şamaxıda olan tarixi abidələrə sanki bir qarşı laqeyidlik, biganəlik var:

“Hər daşı tarix doludur. Amma burada nə araşdırma aparırlar, nə də tarixi abidə kimi qoruyurlar. Sanki bilərəkdən məhv etməyə çalışırlar”, - deyə İsrafil Vəliyev əlavə edir.

Şamaxı şəhərinin ərazisində yerləşən “Yeddi günbəz” türbələr kompleksinə 7 türbə daxildir. Birinci türbə Şirvan xanı Ağası xanın qardaşı Məhəmmədhüseyn bəyin oğlu Şıxəli bəyin xatirəsinə- 1816- cı ildə, ikinci türbə Ağası xanın adı kitabədə pozulmuş oğlanlarından birinin xatirəsinə -1806-cı ildə, üçüncü türbə Bibixanım bəyimin (Ağası xanın xanımı, Mustafa xanın anası, Səfərəli sultanın qızı) xatirəsinə -1807-ci ildə, dördüncü türbə Mustafa xanın xanımı, Şəki xanı Səlim xanın qızı Asiya bəyimin xatirəsinə -1810-cı ildə, altıncı türbə Mustafa xanın xanımı, Qazıqumuq xanı Surxay xanın qızı Xan Bikənin xatirəsinə -1847-ci ildə, yeddinci türbə Mustafa xanın oğlu Azad xanın xatirəsinə -1865-ci ildə inşa edilib.
Beşinci türbə tamamilə dağıldığı üçün kitabə və başdaşılar oxunmur. Bütün türbələr Şirvan xanlığının Sərkər sülaləsinin üzvlərinə aid xatirə abidələridir. Dördüncü türbənin üzərində usta Tağının adını göstərən kitabə var.

XVIII-XIX əsrə aid türbələrdə sufi din adamlarına aid olduğu güman edilən məzarlar da var.

İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə rəhbəri Rafael Tağızadə Meydan TV-yə bildirib ki, ərazidə turizm marşrutu üzərində yerləşən bütün tarixi abidələrin bərpası nəzərdə tutulub:

“Şamaxı ilə bağlı böyük layihələr var. Dövlətimiz həmin abdələrin yenidən qurulmasına dəstək olacaq. “Yeddi günbəz” kompleksində də abadlaşma, səliqə-səhman işlərinin aparılması nəzərdə tutulub. Yaxın vaxtlarda abidələrin bərpası ilə bağlı qərarın veriləcəyi gözlənilir”.

Hazırda əksər turizm şirkəti öz marşrutlarına “Yeddi günbəz”i daxil edir.

 

 

 

 

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/1f68d1

Ən çox baxılan