None

Mənbə: Kürdşabanlılar orta məktəbdəki şəraitsizlikdən gileylidirlər

''Yeni məktəb tikiblər, amma nə istiliyi var, nə idman zalı''

Məqalə yeniləndi:  6 Mart 2019

Kürdşabanlılar orta məktəbdəki şəraitsizlikdən gileylidirlər

Göyçayın Kürdşaban kənd məktəbinin valideynləri şikayətçidir. Onlar kəndlərindəki məktəbin yeni tikildiyini, ancaq layihələndirmədə binanın necə isidiləcəyinin nəzərə alınmadığını söyləyirlər.

“Nəticədə uşaqlarımız sinif otaqlarında donur. Bu, harada görülüb ki, xərc çəkib, yeni məktəb tikəsən, ancaq həmin binanın necə isidiləcəyini düşünməyəsən?” - valideynlərdən Qismət Şirinov belə deyir.

“Bu millət həmişə əzab çəkməlidir də”

Q.Şirinov bildirir ki, məktəb binasının dizellə isidilməsi nəzərdə tutulub. Ancaq o da ki, çox vaxt olmur. Nəticədə, bu yaxınlarda müəllimlər valideynlərə sifariş göndəriblər ki, siniflərə elektrik sobaları almaq istəyirlər. Buna görə aralarında pul toplasınlar:

Qismət Şirinov

Qismət Şirinov

Mənbə: meydan.tv

“Elektrik sobası aldılar. O da ancaq ətrafını isidir. Balaca bir elektrik sobası azı 30-40 kvadratlıq sinfi necə qızdırsın? Yenidir, tikiblər, sağolsunlar, amma istiliyini də düşünmək lazım idi. Birini edəndə digərini niyə unudurlar? Bu millət həmişə əzab çəkməlidir də. Heç vaxt hər şey tam olmamalıdır, eləmi? Dizel verilməlidir. Onun da çoxunu basıb yeyirlər. Nəticədə otaqlar soyuq olur”.

“Dövlət məktəb tikib, zəhmət çəkib istiliyini də düşünsün”

Q. Şirinov anlaya bilmir ki, niyə məktəbi istiliklə valideynlər təmin etməlidir:

“Anlamıram, dövlət məktəb tikib, zəhmət çəkib istiliyini də düşünsün. Məktəb ilinin az qala 6 ayı soyuqlara düşür. Bunu düşünməmək olardımı?”

Valideynlərdən Ədalət Cəfərov isə deyir ki, uşağı səhər necə geyindirib, başına papaq qoyub məktəbə göndərirlərsə, dərsdə eləcə oturur:

“Geyimlə gedir, sinifdə geyimlə oturur, evə də eyni vəziyyətdə dönür. Uşaq ki sinif otağında üst geyimini soyunmadı, rahat yazıb, oxumadı, bu, təhsil almaq deyil. Gedəndə islanıb gedir, həmin islanmış paltarla oturur, dərsini keçib, qayıdır. İki gündən bir də pul toplayırlar”.

“Qışda bədən tərbiyəsi dərsi olmur”

Ədalət Cəfərov deyir ki, üstəlik, məktəbin idman zalı da yoxdur. Uşaqlarına bədən tərbiyəsi dərsi keçirilmir:

Ədalət Cəfərov

Ədalət Cəfərov

Mənbə: meydan.tv

“Həmin dərsi otururlar sinifdə. Ancaq yaydan yaya həyətdə oynayırlar. Qışda bədən tərbiyəsi dərsi olmur. Yayda da məktəb 1 ay olur axı. Bizim vaxtlarımızda kəndin məktəb komandası yarışlarda yüksək nəticələr göstərirdi. Yadımdadır, rayonda voleybol, futbol yarışları keçiriləndə 1-2-ci yerləri tutmuşuq. Bu uşaqlar həm də əylənməlidir axı. Nə normal istiliyi var, nə uşaqların sevdiyi fənn tədris olunur”.

“Daha məktəbə idman zalı tikə bilməzlər, heç olmazsa istiliyini həll etsinlər”

Emin Məmmədovun da övladları bu məktəbdə təhsil alır. O da həm bədən tərbiyəsi dərsinin keçirilməməsindən, həm də istiliyin olmamasından gileylənir. Deyir, bəlkə də bu kənddə gələcəkdə çox yaxşı idmançı ola biləcək uşaqlar var. Amma dərs keçirilmədiyindən, bu, heç vaxt üzə çıxmayacaq:

Emin Məmmədov

Emin Məmmədov

Mənbə: meydan tv

“Bu boyda qəşəng məktəb tikiblər. Ancaq nə istiliyi var, nə də idman zalı. Məncə, layihələndirmə zamanı bunlar nəzərə alınmalıydı. Xahiş edirik ki, bir tədbir görsünlər. Bundan sonra məktəbə idman zalı tikə bilməzlər, heç olmazsa istiliyini həll etsinlər. Bu ili birtəhər dözərik, yayda bu problemi aradan qaldıra bilərlər”.

“Həyətyanı sahəsi var, dərsləri orada keçə bilərlər”

Meydan TV məsələyə münasibət öyrənmək üçün Göyçay Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Ümumi şöbədən bildiriblər ki, Kürdşaban kəndindəki tam orta məktəb yeni tikilib və bütün standartlara cavab verir:

“İdman zalı barədə məlumatım yoxdur. Həyətyanı sahəsi var, dərsləri orada keçə bilərlər. İstilik sistemində də heç bir problem yoxdur”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  6 Mart 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/przhzs

Ən çox baxılan