Zaur Qurbanlının ”Millətçilik və Din” yazısına cavab

Belə bir qeyri-ciddilik məqalə yazmaq işinə ən azından sayğısızlıqdır

Source: Amazonaws
Müəllif Fərid Zülfüqarlı

Litvada tələbə olarkən yəhudi əsilli bir professorum vardı, adı Leonidas Donskis idi. ABŞ və Avropada ciddi təhsil almış, çoxlu sayda kitab və məqalənin müəllifi idi. Həm Litvada həmçinin digər Baltik, Mərkəzi Avropa, Skandinaviya ölkələrində ciddi nüfuz sahibi, Litvanın çox öndə gələn liberal demokratı və millətçisi idi və bir müddət Avropa Parlamentində insan haqları üzrə Litvanın təmsilçisi vəzifəsində çalışmışdı. Uzun sözün qısası, ciddi intellektual və ictimai-siyasi xadim idi. Belə bir ciddi intellektualın mühazirəsində iştirak etmək ən böyük səadət olsun gərək! Yazıma onun aşağıdakı sözləriylə başlamağımı mənə 20-ci əsr Avropada siyasi ideyalar tarixindən verdiyi dərin biliklərə qarşılıq bir minnətdarlıq borcu olması ilə izah edərdim.

Professor Donskis hesab edirdi ki, “Hər şey ictimai və siyasi konteksdən asılıdır” və “millətçilik də digər şeylər kimi (məsələn nikah) asanlıqla ədalət və ədalətsizliyin, azadlıq və itaətin, zülmün və şəfqətin alətinə çevrilə bilər” və bunu aşağıdakı kimi izah edir:

Cəmiyyətin və onun fərdlərinin həyatı sanki dar və ya dayaz bir alətlər qutusundan götürülən alətlərlə yaradılmışdır. Hər kəs paltar geyir, hər kəsin yeməyə ehtiyacı var, hər kəsin intim həyatı və erotizm ehtiyacı var və hər kəs təhlükəsizliyə və tanınmağa can atır. Fəqət tam olaraq bu nöqtədə, sosial həyatın qaçılmaz ikiliyi ilə qarşılaşırıq: geyim, həm səfil cır-cındırı, həm də, dəbdəbəli ipək köynək mənasına gələ bilər; zənginlik insanların ləyaqətini qoruya və azadlıqlarını artıra bilər, lakin eyni zamanda onların çöküşünə də səbəb ola bilər; mütəşəkkil və legitim hakimiyyət cəmiyyətdəki pozğunluq və şiddət səviyyəsini azalda bilər, həmçinin bir çox günahsız insanın ölümünə səbəb ola bilər; seks zorakılıq aktı, şiddət və alçaldıcı bir hərəkət ola bilər, amma digər hallarda insanları azad və xoşbəxt edə bilər. Bunların hamısı əsl insan materialından, həmin şəxsin bədənindən və özünü reallaşdırmaq vasitələrindən meydana gəlir (Donskis 2009, 103).

Zaur Qurbanlının “Millətçilik və Din” başlıqlı son məqaləsini oxuyarkən məni üç əsas sual düşündürdü:

1) Meydan TV-nin belə bir yazını nəşr edərkən nə üçün müəllifdən ciddiyyət tələb etməməsi.

2) Bundan daha böyük sual isə qərbtəhsilli bir gəncin bu yazını yazarkən ələ aldığı anlayışları dərindən bilməməsi və dərindən bilmədiyi anlayışlar barədə inşa xarakterli tənqidi bir yazı yazması.

3) Din və millətçilik kimi ciddi anlayışların tənqidi təhlili üçün məqalədə qeyri-adekvat bir üsul seçilməsidir.

Belə bir qeyri-ciddi məqalə yazmaq işinə ən azından sayğısızlıqdır. Çünki din və millətçilik bir çox xüsusiyyətinə görə, məsələn, yaranma tarixləri, şərtləri, səbəbləri, nəticələri, siyasi-idealoji məqsəd və məramları baxımından bir-birindən ciddi fərqlənən anlayışlardır. Biri ruhani-teoloji digəri isə siyasi-ictimai kategoriyalardır. Bu iki anlayış özü də bir çox növə, formaya bölünür, fəlsəfi, ictimai, siyasi, ruhani və s. hərəkat və idealogiyalara ayrılırlar və hərəsinin bir qolu bir araşdırma mövzusu ola bilər. Müəllif hər iki anlayışı bir-birinə qataraq hətta məqalənin sonunda onları bir təriflə izah edir. Bu qeyri-adekvat tərifin geniş izahlı təhlilini aşağıdakı paraqraflarda aparacağam. Müəllif millətçi və ya dindar olmaya bilər və hətta inancsız və ya qeyri-millətçi (liberal, kosmopolit, feminist və s.) olmaq onun fundamental azadlığıdır. Lakin millətçilik kimi siyasi-ictimai, sosial və ya din kimi ruhani-teoloji, kulturoloji anlayışları ağ yuyub qara sərən bir məqalə yazırsa, bu məfhumları dərindən araşdırmalı və ən azından bu anlayışların tərifini və ya izahını düzgün vermək məsuliyyətini də unutmamalıdır. Bununla yanaşı qeyd etmək lazımdır ki, məqalə yazmağın da bir ədəb-ərkanı, üslubu və ən əsası faktuallıq məsələsi var ki, bunu müəllif, ümumiyyətlə, nəzərdən qaçırıb.

Məqalə yazmaq çox ciddi məsuliyyət tələb edir. Belə bir yazını xaricdə təhsil almayan biri yazsa idi, bu suallar məni heç düşündürməzdi, heç bu mətni yazmaq məcburiyyətində də qalmazdım. Xaricdə təhsil alan birisi kimi bilirəm ki, hər bir universitetin məqalə, araşdırma yazıları üçün ciddi tələbləri, şərtləri və müəyyən qayda-qanunları vardır və hər bir tələbə bu qaydaları ən azından magistratura işini yazanda öyrənməli olur. Xaricdə təhsilli biri kimi Zaur bəyin bu məsələlərə diqqət yetirmək məcburiyyətində olduğunu düşünürəm. Ola bilsin ki, Zaur bəyin

bu məqaləsi

cızma-qara (draft) xarakterli olub və ya millətçilik və din anlayışlarına özünün şəxsi münasibətini bildirib. Lakin müəllif burada bir sıra məsələlərin vacibliyini nəzərdən qaçırıb:

  1. Əgər müəllif məqaləni mətbuatda dərc edərək daha geniş ictimai müzakirəyə çıxardırsa, bir müəllif kimi fikirlərinə görə daha böyük məsuliyyət daşıyır. Məhz bu səbəbdən gerçəklikdən bir az da olsun uzaq olan yazıların daha geniş kütlələrə təqdim olunması, onların səhv məlumatlandırılması yalnışdır.
  2. Müəllif ələ aldığı anlayışlarla bağlı irəli sürdüyü iddiaları və səsləndirdiyi ittihamları ciddi əsaslandırılmalıdır. Əks halda, bu anlayışları dərindən bilmədən, araşdırmadan tənqid etmək haqlı olaraq oxucuda müəllif haqqında qeyri-peşəkarlıq və qeyri-ciddilik təəssuratı yaradır.
  3. İstənilən polemikanın məqsədi ümumi bilgiyə qatqı qatmaq prisinpinə xidmət etməlidir və ictiami fikrə yenilik gətirməlidir.

Meydan TV akademik araşdırma mərkəzi olmaya bilər

Müəllifin məqaləyə verdiyi giriş müəmmalı və qarışıqıdır və oxucuda bir sıra sual doğurur. Misal üçün: “Deyirlər, bütün ölkələrdə millətçi hərəkatları dövlət koordinasiya edir”: bu qənaət hardan hasil olunub və deyilənlər reallığı nə qədər əks etdirir? Deyənlərin mənbəyini qeyd etmək zəruri şərtdir ki, oxucu da məlumatın doğruluğunu yoxlaya bilsin. Bütün ölkələrdə ifadəsi nə qədər doğrudur? Dünyada hal-hazırda 195 ölkə var və bu ölkələrin hamısında millətçilik dövlət koordinasiyasındadır iddiası nəşr olunun məqalə üçün nə qədər doğrudur? Meydan TV akademik araşdırma mərkəzi olmaya bilər, lakin redaktor bu kimi ifadələrin yer aldığı bir məqaləyə düzəlişlər edilməsiylə bağlı müəllifə öz tövsiyəsini verə bilərdi.

İkinci cümlə: “Çünki çox təhlükəlidir. Məntiqlə düz gəlir, real olaraq, necədir, bilmirəm”. Burda düşüncəli istənilən oxucuda belə bir sual yaranır. Real olaraq necəliyini bilmədiyi bir mövzuda yazı yazmaq ehtiyacını müəllifdə yaradan nədir? Ümumiyyətlə, insan bilmədiyi anlayışları araşdırmadan necə məqalə yaza bilər?

Müəllif növbəti paraqraflarda millətçi hisslərə əlavə olaraq dini hisslər anlayışını da müzakirəyə daxil edir, onların tənzimlənməsini siqaret və spirtli içkilərin tənzimləməsi prosesinə bənzədərək iddia edir ki, bu kimi məhsullara vergi tətbiq olunmasa, insanlar çox zənginləşər, buna analoji olaraq da milli və dini hisslər tənzimlənməsə artar və çox ağır nəticələr verə bilər. Bu millətçi/dini hisslər və siqaret/spirtli-içki kokteyilinin (qarışımının) “elmi” izahından sonra müəllif millətçilik və dini təbliğatı onlara bənzədir və onların eyni şey olduğu nəticəsinə gəlir. Hətta daha irəli gedərək sübut etməyə çalışır ki, millətçilik və dini təbliğat daha təhlükəli və yoluxucudur, bunun alveri siqaret və spirtli içki biznesi kimi daha böyük gəlir mənbəyidir və s. Bu səbəbdən dövlətin onu tənzimlənməsi məntiqlidir.

Din xalqın tiryəkidir

İddia olunan fikirlərin heç bir elmi, tarixi və siyasi-sosial əasası göstərilmədiyi kimi cəhd edilən təhlil üsulunun (metod) qeyri-adekvat seçildiyi də açıq şəkildə nəzərə çarpmaqdadır. Ümumuyyətlə, bu kimi halları xarici universitetlərdə xüsusi nəzəriyyələr, araşdırma mövzuları (case study), simuliasiyalar, sorğular, kəmiyyət və keyfiyyət metodları (quantitative and qualitative methods) və s kimi ciddi elmi əsası olan alətlər vasitəsiylə təhlil edirlər. Avropa təhsili görmüş Zaur bəy millətçilik və din kimi siyasi və idealoji məfhumların tənzimlənməsini spirtli içki və siqaretə tətbiq olunan vergilər üzərindən deyil, problemin təhlilini elmi nəzəriyyə və metodlara (ən azından desctiptiv olaraq) söykənərək icra etsəydi, daha doğru olardı. Bəlkə bu istiqamətdə hansısa ölkə üçün bir keys stadi və ya hansı bir əsaslı nəzəriyyə var, əgər var idisə, o nümunələri göstərmək zərurətini müəllif nəzərə almalı idi. Ola bilsin ki, Zaur bəy Karl Marksın o məşhur “Din xalqın tiryəkidir” (Die Religion ist das Opium des Volkesis) ifadəsindən həvəslənərək belə bir təhlil aparmaq istəyib. Amma problem kifayət qədər ciddi araşdırılmayıb və əsaslandırılmalar natamam xarakter daşıyır.

Müəllif iddia edir ki, “(…) insanlar ictimai məsələlərə ilk reaksiyalarını verərkən, daha çox millətçi və ya dindar olurlar”. Sual yaranır, onların dindar və millətçi olması necə müəyyənləşdirilib? Bəlkə müəllif hansısa statistik hesabata dayanaraq bunu iddia edir və ya bəlkə şəhərə çıxıb, məsələn, hər 10 millətçinin birindən və ya hər 10 dindarın birindən selektiv sorğu aparıb. Belə bir iddianı etmək üçün müəllif hansısa fakta söykənmək məcburiyyətindədir. Müəllif misal üçün özünü nümunə çəkib desəydi ki, onun şəxsi həyatında belə bir hadisə yaşanıb, oxucu müəllifin səmimiyyətinə inanardı, lakin belə bir məqalə mövzusu üçün müşahidə sayının böyük olmas çox önəmlidir. Müşahidə sayları artdıqca, iddianın doğruluğu və ya yanlışlığı haqda əsaslı fikir bildirmək imkanı verəcəkdir.

Müəllifin aprel döyüşləri və dindar döyüşçü ilə bağlı şəxsi mülahizələrini mübahisələndirmək ehtiyacı duymuram. Lakin millətçilik və din kimi anlayışların təhlükəli olduğunu bu nümunələrlə sübut etmək cəhdlərinin gerçəkliklə yaxından-uzaqdan heç bir əlaqəsinin olmadığını iddia edirəm. Zaur bəyin məqaləsində apardığı müşahidələrin mənbəyi ilə bağlı heç bir məlumat verilməmişdir. Sadəcə “ağıllı-başlı, savadlı insanlar kimi tanıdığı insanlar” (başqa bir yerdə xaricdə təhsilli gənclər kimi qeyd edir) ifadəsiylə öz arqumentini əsaslandırıb. Bu səbəbdən onun iddialarını çürütmək üçün bir neçə fərziyyə yürüdərək bu məsələnin sadə bir təhlilini təklif etmək məcburiyyətində qalıram. Təhlilimi mürəkkəbləşdirən məsələlərdən biri müəllifin müşahidə (observation) kimi məhz xaricdə təhsilli gəncləri götürməsidir, həmçinin onların ümumi sayı da məlum deyil. Bu insanların ölkənin ərazi bütövlüyünə sevinməsinin (müəllif bunu “qətliamı alqışlamaq” adlandırır) həqiqətən də millətçiliyin təhlükəli bir şey olmasına əsas verməsi isə böyük sual doğuran ikinci bir problemli məsələdir. Zaur bəy bunu təhlükə hesab etdiyi üçün biz də bunu potansial təhlükə kimi fərz edək.

Qərəzli məlumat vermək müəllifin subyektiv çatışmazlıqlarından biridir.

Tutaq ki, Zaur bəy müşahidələri öz şəxsi “Facebook” səhifəsində aparıb və müşahidələrin sayı maksimum onun dost siyahısında olanların sayı qədərdir. “Facebook”da dost olduğumuz üçün onun şəxsi hesabında izləyicilərinin və dostlarının sayını əldə etmək o qədər də çətin olmadı. İzləyicilərin və dostların sayı ümumilikdə 5233 nəfər təşkil edir və xaricdə təhsil alan insanların sayını bilmədiyimiz üçün fərz edək ki, bunlar hamısı xaricdə təhsil alan insanlardır. Bu halda müşahidə sayı da 5322-ə bərabərdir. Təhlilimi maksimum dərəcə sadə aparmaq üçün fərz edək ki, təqribən bunun 100 nəfəri döyüş əməliyyatlarının uğuruna, 100 nəfəri isə idmançının qələbəsinə sevinir. Bu fərziyyə nə millətçiliyin, nə də dinin “təhlükəli uydurma” olmasını iddia etmək üçün statistik olaraq heç bir əhəmiyyətli əsas vermir. Ümumi müşahidə sayına nisbətdə hər iki qrup tələbələr ayrılıqda təqribən 1,9% təşkil edir. Apardığım təhlil çox nisbidir, lakin bu rəqəmlər daha az və ya daha çox ola bilər. Əgər təhsilli gənclərin sevinməsi həqiqətən də potensial təhlükə olsaydı və faiz nisbəti 40%, 50% və daha çox olsaydı, həyəcan təbili çalına və Zaur bəyin tənqidi məqaləsi özünü doğrulda bilərdi. Zaur bəy bu və ya digər formada sadə metoda əsaslanaraq öz tənqidi arqumentlərini izah etsəydi, daha uğurlu bir məqalə ərsəyə gələ bilərdi.

Müəllifin Aprel döyüşləri ilə bağlı “millətçiliyin əsiri olub bu qətliamı alqışlayırlar” ifadəsinə aydınlıq gətirməyi yuxarıdakı təhlil üçün zəruri hesab edirəm. Hər şeyi öz adı ilə çağırmaq lazımdır. Müəllif isə insanların qələbəyə sevinmək hissini “qətliamı alqışlamaq” adlandıraraq konteksdən kənara çıxardır. Belə ki, Merriam-Vebster (Merriam-Webster) lüğətinə görə qətliam “xüsusi qəddarlıq və zülm altında adətən çarəsiz (əliyalın) insanların kütləvi şəkildə qətlə yetirilməsidir”. Göründüyü kimi qətliam sözünün mənası bu konteksdən çox kənardır və çaşdırıcı məna danşıyır. Çünki Aprel döyüşlərində əliyalın insanların öldürülməsindən söz gedə bilməzdi. Bununla yanaşı, Zaur bəylə ortaq müşahidə platformamız olan “Facebook”dan (400 ortaq dostumuz var) mənim gördüyüm qədəriylə sözügedən xaricdə təhsilli gənclərdən heç kim durub bu “qətliamı” alqışlamayıb. Bəlkə onun dostluğunda olan kimlərsə bunu edib və mən bilməmişəm, buna artıq mənim təhlilimin obyektiv çatışmazlığı (drawback) adını vermək olar, çünki müşahidə saylarımız fərqlidirlər. Gənclər qələbəyə sevinirsə, onu öz adı ilə adlandırmaq lazımdır, “qətliamı alqışlamaq” adı verib çaşdırıcı və həmçinin qərəzli məlumat vermək müəllifin subyektiv çatışmazlıqlarından biridir.

Müəllifin vəhşi və qaniçən şir nümunəsi və onu peşəkarcasına institutlarla əlaqələndirməsi maraqlı olsa da, millətçiliyin bu insitutlara verdiyi töhfələrdən xəbərdar olmaması bir o qədər də üzücüdür. Çünki liberal millətçilik istər etnik, istərsə də dini və ya dil olsun, azlıqların hüquqlarına hörmət göstərilməsinin tərəfdarı olub. Bu kimi millətçilik forması, 19-cu əsrin əvvəlləri liberallar və bəzi sosialistlər arasında məşhur idi. Birinci Dünya Müharibəsindən sonra millətçiliyin əsas prinsiplərindən biri olan “milli öz müqəddəratını təyin etmək hüququ”-nu Millətlər Liqasında məsələ kimi qaldırılmışdır. İkinci Dünya Müharibəsindən sonra, bu millətçilik formasının ideyaları Birləşmiş Millətlər Təşkilatında və digər liberal beynəlxalq qurumlarda insan hüquqlarının, azad ticarət və beynəlxalq iqtisadiyyatın tənzimlənməsi üçün istifadə edilib (Harrison və Boyd 2010, 154-195).

İdeyaların debatı (illüstrasiya)
İdeyaların debatı (illüstrasiya)

Məqalənin sonunda müəllif iki dəfə millətçiliyi və dini “çox qədim instinkt” və ya “ibtidai hiss” adlandırır və müasir insana yaraşmayan uydurmalar olduğunu iddia edir. Sonunda tərifəbənzər bir cümləni görmək nə qədər sevindirici hal olsa da, Zaur bəy kimi Avropa təhsili görmüş bir gəncin millətçiliyi “çox qədim instinkt” hesab etməsi bir o qədər də kədərləndiricidir. Bu tərifəbənzər izah özü aydın şəkildə göstərir ki, müəllif qələmə aldığı anlayışı(ları) ciddi araşdırmayıb, öyrənməyib. Belə ki, mövzudan xəbəri olan hər kəs bilir ki, (və ya bilməlidir ki) millətçilik modern bir anlayışdır və bunu sübut edəcək yüzlərlə mənbə və kitab olduğu təqdirdə Zaur bəy belə bir nəticəyə hardan gəlib mənə çox müəmmalı qalır. Məlumat üçün öz araşdırmamdan aşağıdakı paraqrafı diqqətinizə təqdim edirəm.

XIX əsr Avropa cəmiyyətinin meydana gətirdiyi millətçilik, dünyanın sosial-siyasi həyatına daxil olan modern bir anlayışdır. 18-ci əsrdə baş verən sənaye inqilabı və maarifçilik hərəkatları Avropa cəmiyyətində siyasi hakimiyyətin bir ailəyə deyil, xalqa aid olması kimi tələbləri meydana gətirdi. Bu tələblər Amerikada (1765-1783) və Fransada (1789-1799) böyük xalq üsyanları və nəhayətində inqilablarla nəticələndi. Bu inqilablar millətçiliyin ilk təzahürlərinin – xüsusən də liberal millətçiliyin – yaranmasına səbəb olan böyük siyasi-sosial proseslər idi. XIX əsrin birinci yarısı Avropadakı millətçilik daha çox liberal baxışlara, birlik və bərabərlik ideyalarına sahib olsa da, ikinci yarısında o, daha çox müdafiə, kütləyönümlü, ideoloji və doktrin xarakter daşıyırdı (Zülfüqarlı 2018).

Müəllif Fərid Zülfüqarlı
Müəllif Fərid Zülfüqarlı

Zaur bəyin bu mövzuda tənqidi məqalə yazması çox təqdirəlayiq haldır, lakin məqaləni yazarkən tənqidi fikirlərin gerçəkliyi əks etdirməsi (faktuallığı), elmi və ya ən azından doğru-düzgün əsaslandırılması çox zəruri amildir. Məqalənin yazı üslubundan da anlaşıldığı kimi Zaur bəy millətçilik anlayışını dərin bilməməklə yanaşı, həm də onu sevmir və hər vəchlə onu səhv çıxartmağa çalışır. Bəlkə bu antipatiya özü bu bilgisizlikdən qaynaqlanır! “Millətçilik müsbət, yoxsa mənfi fenomendir” sualına cavab vermək üçün Bakı Araşdırma İnsitutunda nəşr olunmuş məqləmdən Ştromasın tərifini diqqətinizə çatdırmaq istərdim.

“Əgər bir millət özünü dünyada başqa bir millətin qanunlarından ayrılıqda müstəqil bir qurum kimi təsis edirsə, digər millətlər və bütünlüklə dünya tərəfindən müstəqil və bərabər hüquqlu tərəfdaş kimi tanınırsa, bu millətin millətçiliyi fərdin təkcə azadlıq hüququ deyil, yaşamaq hüququnun tanınması və təmin olunması tələbi qədər haqlıdır – bir millət (fiziki olaraq belə) fərdi insandan fərqli olaraq kollektiv kimlik kimi azadlıq olmadan yaşaya bilməz; sonda o, ya yaşadığı milli-dövlət tərəfindən assimilyasiya ediləcək (…) ya da, başqa bir şəkildə məhv ediləcək. Bütün digər hallarda millətlərin kollektiv kimlik kimi hüquqları da fərdlərin insan hüquqlarına aiddir. Bu, milli dövlətlərin bugünkü dünyasında, hər şeydən əvvəl, hər bir xalqın öz müqəddəratını təyin etmək və suveren dövlətçilik [hüququ] kimi interpretasiya edilir. Buna görə, əgər millətçilik ‘siyasi və milli vahidin bir-biri ilə harmoniyada olduğunu əsas götürən siyasi prinsip’ kimi başa düşülür [bu Ernest Qellnerin tərifidir] və hər bir millət üçün bərabər siyasi vəziyyətlər tələb edirsə, mənim fikrimcə, o, ədalətli düşünən hər bir insanın və hər bir azad və demokratik ölkənin bütün dəstəyinə layiq olan sağlam bir millətçilikdir” (vurğu orijinaldır) (Shtromas 1994, 201–202, sitat götürülüb Donskis 2009, 201-202).

Mən iddia etmirəm ki, bu izah ən doğru tərifdir və hər kəs buna inanmalıdır. Sadəcə Leonidas Donskisin təbirincə desəm, “qulyabani” görkəmində təqdim olunan millətçilik anlayışına qarşı – akademik ədəbiyyatda və intellektual çevrələrdə – bu kimi müsbət münasibətin olduğu nümunələrini də göstərməyə çalışıram. Bununla yanaşı nəinki millətçilik, bir çox mövzu ilə bağlı yarımçıqlıq sindiromunun (bilgisizlik və ya yarım-məlumatlılıq) Azərbaycanda yaratdığı yalan-yalnış məqalə və status yazma trendinin bu kimi ciddi anlayışları öyrənməkdə və anlamaqda bizə yardım etməyəcəyinə də tam əminəm. Ona görə istənilən mövzuda tənqidi məqalələr yazan və ya akademik araşdırmalar edən gənc dostlara yazmağa, araşdırmağa müqqəddəs bir iş kimi daha məsuliyyətli və ciddiyyətlə yanaşmalarını tövsiyə edirəm. Bilmədikləri və ya yarımçıq bildikləri mövzuları tam mənimsəmədən yazı yazmasınlar. Millətçilik mövzusunda daha çox məlumat əldə etmək istəyirlərsə, aşağıda yerləşdirdiyim ədəbiyyat siyahısına müraciət edə bilərlər.

Ədəbiyyat siyahısı

  1. Aggarwal. M. n.d. Article on Growth of Nationalism in Europe: Share your Knowledge on History!. Available from

    URL
  2. Andres. B, 1983 Imagine communities; “Reflection on the Origins and Spread of Nationalism”
  3. Alter, P., 1989. Nationalism (translated by Stuart McKinnon-Evans). London: Edward Arnold, p.123
  4. Azarian. R “Nationalism in Turkey: Response to a Historical Necessity” Available from

    URL
  5. Donskis, L., 2009. Nationalism and Patriotism Revisited: An East-Central European Perspective. A Litmus Test Case of Modernity: Examining Modern Sensibilities and the Public Domain in the Baltic States at the Turn of the Century, 5, p.279
  6. Donskis, L., 2009. Troubled Identity and The Modern World. Springer.
  7. Encyclopaedia of Nationalism, 2018. Available from

    URL

    :
  8. Ernest Renan, “What is a Nation?”, text of a conference delivered at the Sorbonne on March 11th, 1882, in Ernest Renan, Qu’est-ce qu’une nation?, Paris, Presses-Pocket, 1992. (translated by Ethan Rundell) Available from

    URL
  9. Fordham University, the Internet Modern History Sourcebook; Nationalism: available from

    URL

    :
  10. Gellner, E., 1996. Ernest Gellner's reply:‘Do nations have navels?’. Nations and nationalism, 2(3), pp.366-370.
  11. Gellner, E., 1983, Nations and Nationalism, Oxford: Blackwell.
  12. Goldschmidt, A. Jr. 1991. A Concise History of the Middle East San Francisco: Westview Press
  13. Giuseppe Mazzini, "Europe: Its Condition and Prospects," Essays: Selected from the Writings, Literary, Political and Religious of Joseph Mazzini, ed. William Clark (London: Walter Scott, 1880), pp. 266, 277 78, 291 92. Available from

    URL
  14. Halsall. P., 1997. Modern History Sourcebook: Giuseppe Mazzini: On Nationality, 1852. Available from

    URL
  15. Halsall. P., 1997. The Nationalism: Internet Modern History Sourcebook; Available from

    URL

    :
  16. Harrison, K. and Boyd, T., 2010. Understanding political ideas and movements. Manchester University Press.
  17. Hartman, G., 1992. The Origins and Growth of Baltic Nationalism as a Force for Independence. Lituanus, 38(3), p.72. Available from

    URL
  18. Hobsbawm, E.J., 1990. Nations and Nationalism since 1780: Myth, Programme, Reality. Cambridge, Canto-Cambridge University press, 19911, p.200613
  19. Hobsbawm, E.J., 2012. Nations and nationalism since 1780: Programme, myth, reality. Cambridge University Press

20. Holbraad, C., 2003. Internationalism and nationalism in European political thought. Springer.

21. Killashandra, Madison, Min, & Özge, 2013. Eric Hobsbawm, Nationalism Studies, Available from

URL

22. Mill, John Stuart. Considerations on Representative Government, 2004.

URL

23. Hodgson, J.G. ed., 1933. Economic nationalism (Vol. 9, No. 1). The HW Wilson Company.

24. Hoffman, J. and Graham, P., 2015. Introduction to political theory. Routledge.

25. Hoffman, J. and Graham, P., 2009, Introduction to Political Theory, Pearson/Longman, Available from

URL

26. Landau, J. 1984 Ataturk and the Modernisation of Turkey Boulder: Westview Press

27. Lewis, G. 1965 Turkey London: Ernest Benn Limited.

28. Miscevic, N., 2001 ed. 2014. Nationalism: Stanford Encyclopedia of Philosophy. Available from

URL

29. Məhəmməd Əmin Rəsulzadə. «Azərbaycan Cümhuriyyəti». ed. A. Rüstəmov, İ. Həmidəv və A. Həmidov — Bakı: Elm, 1990.—116 s.

30. Micheisen, K.E. and Kuisma, M., 1992. Development in Finland. Available from:

URL

31. Nəsib Nəsibovun, 2015 “Millət və Millətçilik Özətləməsi” Mənbə:

URL

32. Kohn, H., 1961. e.d. 201,8 The nationalis, Encyclopedia Britannica. Available from

URL

33. Smith, A. D., 1991, National Identity, Harmondsworth: Penguin.

34. Smith, A.D., 2013. Nationalism: Theory, ideology, history. John Wiley & Sons.

35. Smith, A. and Smith, A.D., 2013. Nationalism and modernism. Routledge. Availablfe from

URL

36. Watson, P., 2010. The German Genius: Europe's third renaissance, the second scientific revolution and the twentieth century. Simon and Schuster.

37. UKEssays. November 2013. What Is The Meaning And Importance Of Nationalism Politics Essay. Available from

URL

38. И.В.Сталин, Сочинения, т.2, 1946, с. 296-297.

39. Гегель, Сочинения, т. VIII, Москва-Ленинград, 1935, с. 75.

40. Zülfüqarlı. F., 2018. Millətçilik, onun mühafizəkar, liberal və radikal formaları, Baku Research Institute.

URL

Ana səhifəXəbərlərZaur Qurbanlının ”Millətçilik və Din” yazısına cavab