None

Mənbə: Meydan tv

Zibillik ərazisinin sakinləri

Məqalə yeniləndi:  27 Fevral 2019

Xaçmazlılar zibilxananın mühafizə zolağına alınmasını istəyirlər

“Yayda iy-qoxudan burada dayanmaq mümkün olmur. Ölmüş itlərin leşini gətirib atırlar bura. Hətta üzərini belə torpaqlamırlar, açıq qalır. Axşamçağı adamlar evə doluşandan sonra zibilxananı yandırırlar. Tüstü, pis qoxu ətrafı bürüyür, dolur insanların ciyərinə. Uşaqlarımızı 5 dəqiqə bayıra buraxa bilmirik”.

Xaçmaz rayonu, Dağıstan küçəsi

Xaçmaz rayonu, Dağıstan küçəsi

Mənbə: Meydan.tv

Xaçmaz şəhəri Dağıstan küçəsinin sakinləri şikayətçidir. Onların narazılığı həmin ərazində yerləşən zibilxananın mühafizə zolağına alınmaması ilə bağlıdır.

“Bu ərazi bütün Xaçmaz rayonunun zibilxanasıdır. Burada qanuni tikililər, yaşayış massivi olsa da, mühafizə zolağı yoxdur. Gün ərzində əraziyə gətirilən maşın-maşın zibillər isə hara gəldi boşaldılır. Yayda həyətdə 5 dəqiqə oturub, çay içmək mümkün deyil. Bura yaşamalı yer deyil”, - Zərifə Məmmədova belə deyir.

“Yeddi ildir ki, burada yaşayıram, bura hər zaman belə olub. Zibil çoxalır, traktor gətirib, ətrafa yayırlar. Xaçmaz rayonunun bütün zir-zibilini gətirib, bura tökürlər. Maşın gəlir, uzağa getmir, zibili eləcə evlərin yaxınlığında boşaldıb gedir. Camaat da iydən-qoxudan yay-qış ağzı-burnu bağlı vəziyyətdə gəzir”, - deyə Cəbrayıl Mirzəyev əlavə edir.

Xaçmaz rayonu, Dağıstan küçəsi

Xaçmaz rayonu, Dağıstan küçəsi

Mənbə: Meydan.tv

Onun sözlərinə görə, ərazidəki tikililər qanunidir. Zibilxana isə tikililərdən xeyli uzaq məsafədə olmalıdır. Mühafizə zolağı olmadığı üçün də zibillər evlərin yaxınlığına boşaldılır.

“Evlər qanuni tikililərdir. Lakin əlimizdəki sənədlərə məhəl qoyan, camaatın şikayətinə baxan yoxdur. Zibilxana evlərdən kənara çəkilməlidir. Müraciət edirik, deyirlər ki, həmin ərazi rəsmi zibilxanadır, təyinatını dəyişmək mümkün deyil. Biz zibilxananın köçürülməsini deyil, mühafizə zolağının bərpa edilməsini tələb edirik. Etiraz edirsən, deyir ki, burada ev tikməzdin. Əlimizdə olan sənədlərə baxan da yoxdur”, - Qabil Əliyev söyləyir.

Xaçmaz rayonu, Dağıstan küçəsi

Xaçmaz rayonu, Dağıstan küçəsi

Mənbə: Meydan.tv

Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Qalib Səfərəliyev Meydan TV-yə açıqlamasında problemdən xəbərdar olduqlarını və həllinə çalışacaqlarını deyib:

“Həmin ərazi şəhər zibilxanasıdır. Oradakı evlərin əksəriyyəti qeyri-qanuni tikililərdir. Boş yer olub, zəbt edib, ev tikiblər. Orada böyük texnikamız- traktorumuz var. Traktor həmin zibilləri kürüyüb, arxaya atır. Başa düşürəm, problemli məsələdir. Orada mənim də evim olsa, yayda iydən qala bilmərəm. Zibilləri yandırırlar, üfunət iyi olur. Biz çalışırıq ki, zibilxananın yerini dəyişək, qıraq bir yerə köçürək. Bu da bir neçə günün işi deyil. İstənilən halda məsələni həll etməyə çalışacağıq”.

Xaçmaz rayonu, Dağıstan küçəsi

Xaçmaz rayonu, Dağıstan küçəsi

Mənbə: Meydan.tv

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  27 Fevral 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/hxu6sx

Ən çox baxılan