Ağsuda: Zəlzələdən evləri yararsız hala düşən sakinlər şikayətçidir

Hər dəfəsində də deyiblər ki, qəzalı evlərə biz baxmırıq

Source: meydan tv


''Gecələr səksəkə içində yatırıq, qorxuruq, ev başımıza uçsun''

Bu il fevralın 5-də episentri Ağsu rayonu olan 6 ballıq zəlzələdən sonra orada qəzalı vəziyyətə düşən fərdi evlərin təmiri ilə bağlı şikayətlərə qeyri-obyektiv baxıldığı deyilir.

Ağsu sakinləri bu qənaətdədir.

Onların Meydan TV-yə dediklərinə görə, səslərini nə yerli icra hakimiyyətinə, nə də Kəmaləddin Heydərova çatdıra bilirlər.

Zakir Allahverdiyev söyləyir ki, yaşadıqları ev 1949-cu ildə inşa olunub. Kərpicdən tikildiyi üçün tamamilə yararsız vəziyyətə düşüb. Zəlzələdən sonra isə divarda iri çatlar əmələ gəlib:

“Məlum zəlzələdən sonra ev daha da yararsız hala düşdü. Ağsu Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etmişəm. Hər dəfəsində də deyiblər ki, qəzalı evlərə biz baxmırıq. Daha sonra Fövqəladə Hallar Nazirliyindən komissiya gəlib evə baxış keçirdi. Getdilər, sonradan bildirdilər ki, guya ev yaşamaq üçün yararlıdır. 70 ilin evidir, burada adam yaşayar? Dam başımıza uçur. Tavanı sallanıb, divarlarda da iri çatlar yaranıb. Başımıza uçan evin harası yararlıdır? Məcbur olub, təkrar olaraq, FHN-nin qaynar xəttinə zəng etdim. Mənə bildirdilər ki, şikayətiniz qeydiyyata alındı, Ağsu Rayonu İcra Hakimiyyətinə ötürüləcək. İki aydır hələ də gözləyirəm. Heç bir xəbər-ətər yoxdur”.

Ariz Sadayev isə dəfələrlə etdiyi müraciətə Ağsu Rayon İcra Hakimiyyəti tərəfindən əhəmiyyət verilmədiyini bildirir. On nəfərdən ibarət üç ailənin ikiotaqlı evdə yaşadığını bildirən şikayətçi, “gecələr səksəkə içində yatırıq, qorxuruq, ev başımıza uçsun”, – deyir:

image_from_ios (2).jpg
Zakir Allahverdiyev

“Ev atamdan qalıb, 1938-ci ildə tikilib. Pis vəziyyətdə idi, fevral ayında baş verən zəlzələdən sonra isə daha betər günə qaldı. Əvvəlcə getdim, İcra Hakimiyyətinə qeydiyyata dayandım. Xeyli gözlədik, xəbər-ətər çıxmadı. Təkrar getdim, dedilər ki, qeydiyyatda deyilsiniz. Bunlar adamlara fırıldaq gəlirlər, aldadırlar. 10 nəfər adam iki otaq və bir mətbəxdən ibarət evdə yaşayır. İcra başçısına deyirəm ki, sabah ev başımıza uçsa, sən cavabdehsən, çünki maraqlanmırsan. Deyir ki, bizlik deyil. Bizi sanki başlarından edirlər. Ev çöküb, yarılıb, arxası uçmaq üzrədir. Fərli-başlı döşəməsi də yoxdur. 81 ilin evidir, artıq kərpiclər də ovulub gedir.

Burada fərli rəhbərlik yoxdur. Elə adamlara ev tikirlər ki, inanın, onlara heç ev lazım deyil. Səbəbini isə tapa bilmirik. Sonuncu dəfə icraya gedəndə dedilər ki, get bir evdə neçə adamın yaşamağına dair sənəd gətir. Guya mən yalan danışıram. Özüm Ağsu rayon Su Kanal İdarəsində işləyirəm, aldığım da 180 manatdır, birtəhər dolanırıq. Bu pulla qarnımızı doyduraq, ya ev tikək?”.

image_from_ios (1).jpg
zəlzələnin yaratdığı çat

Ağsu Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsindən Meydan TV-yə bildirib ki, şikayətçilər təkrar İH-nə yazılı müraciət etsinlər:

"Evlərin siyahıya alınması və müvafiq tədbirlərin görülməsi ilə Fövqəladə Hallar Nazirliyinin rayondakı şöbəsi məşğul olur. Vətəndaşlar gəlsinlər, İH-nə müraciət etsinlər. Qeydiyyata alındıqdan sonra yönləndirək, Fövqəladə Hallar Komissiyasının üzvləri gedib yerində baxıb, qiymət verəcəklər".

Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxlamağa cəhd göstərsək də, baş tutmayıb.

Rayon Fövqəladə hallar Komissiyasının hesabatında isə bildirlir ki, bu günə qədər komissiyaya 1400-dən artıq müraciət daxil olub:

"Komissiya müraciətləri fərdi qaydada araşdırır, dəymiş ziyan müəyyənləşdirilir. Artıq müraciətlər əsasında 1250-dən artıq ev və obyektə baxış keçirilib. Mənzil və obyektlərin vəziyyəti barədə akt təqdim edilərək aidiyyəti qurumlara təqdim olunub. Hazırda araşdırmalar davam edir".

image_from_ios (4).jpg
Ariz Sadayev

Fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda, Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.

Prezident İlham Əliyev Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

Ana səhifəBölgəAğsuda: Zəlzələdən evləri yararsız hala düşən sakinlər şikayətçidir