Azadlığı məhdudlaşdırılmış şəxs: Ayağıma GPS vurulub, iş axtara bilmirəm

Qırılıb gedirik, dövlətin dəstəyini görə bilmirik

Source: meydan tv


Seymur Əlməmmədov deyir, məhkumluğu ona işləməyə imkan vermir, hüquqşünas isə bildirir ki, o, məhdudlaşdırılmış ərazidən kənarda da işləyə bilər

“100 manat borca görə bütün qışı soyuqda qaldıq. Qazı aylardır kəsiblər, borcu ödəməksə mənə yuxu kimi gəlir. İşıq da eyni səbəbdən kəsilib. Qonşu bir müddətlik kənara gedib, sayğacını işlədirik, onun sayəsində işıqda otururuq. Bu yaxınlarda qayıdıb gələcək, sayğacı qaytaracağıq, sonra da şam işığında oturacağıq. Uşağın 5 yaşı olacaq, hələ də gözüdolusu nə meyvə, nə ət yeyib… Qırılıb gedirik, dövlətin dəstəyini görə bilmirik. Nə iş verirlər, nə sosial dəstək var… Deyirlər, məhkumsan, sənə heç nə düşmür. Gözlə, cəzan bitsin”.


İmkansızlıqdan torpaqlarını satırlar

Saatlı rayonunun Qara Nuru kəndində yaşayan Seymur Əlməmmədov 3 nəfərdən ibarət ailəsini dolandıra bilmir. Səbəb işsizlikdir. Daha doğrusu, Seymur Əlməmmədov bu ilin yanvarında 1 il, 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, yaşadığı ünvandan 30 kilometrdən artıq aralana bilməz. Bu da kənarda iş axtarmasına, dolanmasına mane olur:

“Əvvəllər gedib rayon mərkəzində, ya başqa kəndlərdə onun-bunun sahəsində fəhləlik eləyirdim, gündəlik çörəkpulu gətirirdim. Bu yaxınlarda şərə düşdüm, marixuana ilə ilişdirdilər, məhkəmənin hökmüylə 1 il 6 aylıq ev dustaqlığına məhkum olunmuşam. Ayağıma GPS vurulub, evimə aparat qoyulub, özümə də polisdən bir telefon verilib. Qaldığım ünvandan 30 kilometrdən artıq aralana bilmirəm. Bu günlərdə Sabirabada keçdim ki, orda bir yer tapım, fəhləlik eləyim, dərhal polisdən zəng vurdular, dedilər, evdən aralanmısan… Mən nə edim? Necə edim? Uşaq acdır, yoldaşımın həyatda qalması üçün müalicələrə ehtiyacı var. Ünvanlı sosial yardım üçün müraciət edirəm, imtina cavabı verilir. Deyirlər, arayış gətir, iş yerini göstər… İndi harda rəsmi iş yeri var? Mənim iş yerim, normal maaşım olsa, yardımı neynirəm? Halbuki, 8 ay əvvələdək iki il ünvanlı sosial yardım almışıq. Yoldaşımın dərmanlarını o yardımla idarə edirdik. Reseptlər üst-üstə yığılır, borclar üst-üstə yığılır. Özümüz bir tərəfə, uşağa da çörək tapa bilmirəm”.

image_from_ios (1).jpg
S.Əlməmmədovun evi

Seymur Əlməmmədov deyir ki, kənddə əsas məşğuliyyət heyvandarlıq, əkinçilik olsa da, adamlar bunların heç biri ilə müxtəlif səbəblərdən məşğul ola bilmir. Nəticədə kəndli torpağını dəyərindən ucuz satıb ehtiyaclarını qarşılayır. Elə o, özü də eyni səbəbdən bir müddət əvvəl torpağını satıb:

“Yaşadğım evə ən yaxın yer o torpaq idi, orada əkib-biçib, satıb dolana bilərdim, onu da yoldaşım ağır xəstəliyə tutulanda satdım, müalicəsinə xərclədim. Üstəlik, ünvanlı sosial yardımı da 8 aya yaxındır kəsiblər, bəs biz nə yeyək, necə dolanaq? Yoldaşım yataq xəstəsidir, böyrəkləri işləmir, ona da, qızım Zəhraya da mən baxıram. Kənddə evin yaxınlığında iş yoxdur ki, məşğul olum”.


“Ev dustaqlığına görə kənara gedə bilmirəm”

Seymur Əlməmmədovun sözlərinə görə, üstəlik, barəsində ev dustaqlığı ilə bağlı məhkəmə hökmü olduğuna görə, kənddən kənara çıxıb işlə maraqlana bilmir.

Saatlı Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, indi hökumətin sosial dəstək məqsədilə bir neçə layihəsi fəaliyyətdədir. Ancaq Seymur Əlməmmədov barəsində məhkumluq hökmü varsa, bu layihələrə qoşulması mümkün deyil. Məhkumluğu başa çatdıqdan sonra o, rayondan kənara çıxmadan da çörəyini qazana bilər. Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata düşsə, özünəməşğulluq proqramlarına cəlb olunar. Üstəlik, “DOST” İş Mərkəzinin dəstəyi ilə maaşlı işlərə cəlb oluna bilər. Hazırda isə, o, yalnız məhkumluğunun başa çatmasını gözləməlidir.

image_from_ios (2).jpg
ev


Qanunlar işləməyə imkan verir

Ancaq hüquqşünas Yalçın İmanov deyir, qanunlar azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Seymur Əlməmmədova əmək fəaliyyəti ilə məşğul olmağa imkan verir. Hüquqşünasın sözlərinə görə, azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Cəzaların İcrası Məcəlləsinin 51-3.6.1 maddəsi belə məhkumların ailə vəziyyətindəki dəyişikliklərlə bağlı məsələləri əhatə edir. Məsələn, azadlığı məhdudlaşdırılmış məhkum digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etdikdə, xəstəliyi ilə bağlı ona yaşayış məntəqəsinin ərazisindən kənar tibb müəssisəsində uzunmüddətli tibbi yardım göstərilməsi zərurəti yarandıqda ərazi üzrə icra məmuruna müraciət etməlidir. İcra məmuru məhkumun yaşadığı ərazi üzrə məhkəməyə təqdimat verir, məhkəmə məhkumun üzərindəki nəzarətin yaşayacağı ünvanda həyata keçirilməsi üçün qərar qəbul edir. Əmək fəaliyyəti ilə məşğul olmaq da ailə vəziyyətinə aid olduğuna görə eyni qaydalara daxildir:

image_from_ios (4).jpg
ev

“Seymur Əlməmmədovun tapdığı iş məhdudlaşdırılmış ərazidən kənardadırsa, o, icra məmuruna müraciət etməlidir, icra məmuru isə məhkəməyə təqdimat verməlidir. Seymur Əlməmmədov işləyəcəyi ünvana yaxın yerə köçməli, onun üzərindəki nəzarət də həmin ərazi üzrə icra məmuruna tapşırılmalıdır”.

İndi Seymur Əlməmmədova kənarda tapdığı işə görə ərazi üzrə icra məmuruna rəsmi müraciət etmək qalır.

Ana səhifəBölgəAzadlığı məhdudlaşdırılmış şəxs: Ayağıma GPS vurulub, iş axtara bilmirəm