Azərbaycanla Avropa Birliyi arasında imzalanacaq sazişlə bağlı ictimai dinləmələr keçirildi

Siyasilər sazişin şərtlərinin ictimaiyyətə açıqlanmasını istəyirlər

Source: Facebook – Qubad İbadoğlu

Demokratiya və Rifah (ADR) Hərəkatı aprelin 18-də VHP-nin qərargahında Azərbaycan və Avropa Birliyi arasında gözlənilən sazişə dair ictimai dinləmələr keçirib.

Tədbiri açan ADR sədrinin strategiyalar və siyasətlər üzrə müavini Adil Qeybulla sazişlə bağlı informasiyasızlığın müəyyən şayiələrə rəvac verdiyini bildirib:

“Sazişin ictimaiyyət üçün açıqlanmaması bizi naraht edir. İkincisi, sənədin açıqlanmaması Avropa Birliyinin dəyərlərinə ziddir. Bəli, Azərbaycan Şərq Tərəfdaşlığı Proqramından kənarda qaldı, amma sənədi imzalayanlar da təhdid edildilər, Ukrayna və Gürcüstan ərazilərinin bir hissəsini itirdi. Ona görə Azərbaycan işğala məruz qaldığından sazişi imzalayarkən hansı şərtlərin olması vacibdir. Yaxşı olardı, saziş referenduma və vətəndaş cmiyyətinin müzakirəsinə çıxarılardı. Ancaq sazişin gizlin şəkildə imzalanmaq niyyəti hakimiyyətin ehtiyat etdiyi məsələlərin olması şübhəsini yaradır. Bizim məlumatımıza görə, sazişdə seçki, məhkəmə islahatları, korrupsiya, vergi cinayətləri yer alıb, amma hansı şəkildə qoyulması sual altındadır. ADR olaraq sazişin imzalanmasının tərəfdarıyıq, amma şərtlərin də müzakirəyə çıxarılmasını vacib sayırıq”.

A.Qeybulla əlavə edib ki, mayın ikinci yarısında hərəkatın lideri Qubad İbadoğlu Avropa Birliyinin keçirdiyi dinləmələrdə iştirak edəcək:

“Əgər mövqe sənədi hazırlaya bilsək, bu sənəd bizim səsimiz kimi beynəlxalq tədbirdə avropalılara çatdırılacaq”.

Ötən 23 ilin 3 mərhələsi

Saziş barədə məruzəçi, beynəlxalq münasibətlər üzrə ekspert Xaqani Cəfərli xatırladıb ki, aprelin 22-də Azərbaycanla Avropa Birliyi arasında münasibətlərin yaranmasının 23 ili tamam olacaq. Məruzəçi deyib ki, 1996-cı ildə Bakı ilə Brüsell arasında əməkdaşlıq və tərəfdaşlıq sazişi imzalanıb. Ötən 23 ili şərti olaraq 3 mərhələyə bölmək olar:

“Birinci mərhələ 1996-2013-cü illəri əhatə edir. Bu dövr münasibətlərin qurulması və inkişafı sayıla bilər. Birinci mərhələdə Azərbaycan Avropa Şurasına daxil oldu, Avropa Birliyinin bir sıra təşəbbüslərinə qoşuldu, həm də Şərq Tərəfdaşlıq proqramının iştirakçısı idi. Bu proqram çərçivəsində Azərbaycan 6 dövlətdən Assosiasiya Sazişi barədə danışıqlar aparan tərəflərdən biri olub. Artıq 2013-cü ilin mayında Avropa Birliyinin Bakıdakı nümayəndəliyi noyabrda keçiriləcək Vilnüs Sammitində Azərbaycan Assosiasiya Sazişini imzalaya biləcəyini demişdi. Ancaq təəssüf ki, prezident İlham Əliyev sammitə qatılsa da, sazişi imzalamadı. Sənədi imzalamayanlardan biri də Ukrayna idi, bundan sonra bu ölkədə vəziyyət dəyişdi, Yanukoviç hakimiyyətdən getdi, ölkənin ərazilərinin bir hissəsi işğal olundu. Amma Ukrayna xalqı Avropa Birliyinə inteqrasiya xəttindən geri çəkilmədi, həm də son seçkilər bunu təsdiqlədi. Eyni fikirləri Gürcüstan barədə də demək olar”.

2013-2015-ci illərdə Bakı-Brüssel münasibətlərini böhranlı dövr kimi qiymətləndirən X.Cəfərli deyib ki, bu mərhələdə əlaqələr çox zəifləyib və İlham Əliyev 2015-ci il sammitinə qatılmayıb:

“2016-cı ilin əvvəllərindən münasibətlərin yeni mərhələsi başlayıb, Avropa Parlamentinin nümayəndələri ilə Mlli Məclisin üzvlərinin görüşü bura daxildir. Yekun olaraq ortalığa çıxan məlum saziş Assosiasiya Sazişi deyil, yəni Azərbaycanın Avroatlantik məkana inteqrasiyasını nəzərdə tutmur. Sazişdə Azərbaycandan bir sıra tələblər olsa da, Bakı bunların çoxuna əməl etmir, etməyəcək də. Azərbaycan Dünya Ticarət Təşkilatına (DTT) üzv olmadığı üçün Avropa Birliyi ilə münasibətlərində DTT-nin öhdəliklərindən irəli gələcək tələbləri üzərinə götürməlidir.

VHP-nin qərargahında Azərbaycan və Avropa Birliyi arasında gözlənilən sazişə dair ictimai dinləmələr
VHP-nin qərargahında Azərbaycan və Avropa Birliyi arasında gözlənilən sazişə dair ictimai dinləmələr

Danışıqların ən gərgin nöqtəsi bu hissədir. Ona görə Avropa dəyərlərinin sənəddə tam olaraq yer almasını gözləmək sadəlöhvlükdir”.

Ekspert deyib ki, bu gün Azərbaycanda 340 rusdilli və bir neçə qərb dillərində olan məktəb var. Ancaq Azərbaycanın inteqrasiya etmək istədiyi məkanın dili ingilis, fransız, ispan və alman dilləridir. Təəssüf ki, Azərbaycanda tədricən rus dilinin mövqeyi güclənir.

X.Cəfərli hesab edir ki, Azərbaycan cəmiyyəti hakimiyyətə təzyiq gücündə olmadığından ortalığa məhz qapalı danışıqların yekunu olan sazişlər çıxacaq. Təəssüf ki, siyasi qüvvələr də cəmiyyətin güclü olmasına istənilən səfərbərliyi nümayiş etdirməyiblər.

X.Cəfərlinin sözlərinə görə, Avropa Birliyinin rəsmilərinin son razılaşmasından sonra sənəd onların saytında dərc olunacaq. Sənədin Azərbaycan ictimaiyyətinə açıqlanmamasına gəlincə, yerli qanunvericiliyə görə bu məsələ rəsmi Bakının öhdəsinə buraxılıb.

Pənah Hüseyn: “Narahatlıqlar var ki…”

Xalq Partiyasının sədri Pənah Hüseynə görə, sənədlə tanış olmadan müzakirə aparmaq qeyri-ciddi təsir bağışlayır:

“Azərbaycan hökumətinin yerli qanunvericiliyə əsaslanıb sazişi cəmiyyətə təqdim etməməsi bəhanədir. Biz hakimiyyətdən şəffaflıq və demokratik prinsiplərə əməl etməsini tələb edirik. Belə şayiələr yayılıb ki, rəsmi Bakının sazişin tezləşdirilməsində maraqlı olmasının səbəbi Avropa Birlyinə olan seçkilərdir. Yəni hakimiyyət yeni qüvvələrin Avropa Parlamentində üstünlük qazanana qədər indiki tərkiblə sazişi imzalamaq istəyir. Ən əsası Rəsmi Bakının ərazi bütövlüyü məsələsində güzəştə getməsi təhlükəsidir. Narahatlıq var ki, Avropa Birliyi 4 dövlətlə bağladığı analoji sənəddən fərqli olaraq Azərbaycanın ərazi bütövlüyü məsələsinə yaxın durmur. Bunun da müqabilində radikal demokratik islahatlar tələbi də aradan qalxır. Əgər belə danışıq varsa, Azərbaycan xalqı xəbərdar olmalı və ciddi müqavimət göstərməlidir. Bir daha deyirəm, biz sənədin imzalanmasında maraqlıyıq, çünki avropalaşmaq 1918-ci ildə qurulan cümhuriyyətin fəlsəfəsidir. Ona görə ADR-in hazırladığı qətnaməyə ərazi bütövlüyü məsələsini daxil etsinlər”.

İqbal Ağazadə: “Biz danışıqların niyə ləngidiyini sual etməliyik”

Ümid Partiyasının sədri İqbal Ağazadə sazişin imzalanmasının Bakı, yoxsa Brüssel tərəfindən ləngidilməsi barədə ciddi məlumatların olmamasından narahatdır:

“Sadəcə, şayiələr var. Ona görə suallar yaranır: Birinci, Azərbaycan hakimiyyətinə inteqrasiya lazımdırmı? Məncə, lazım deyil. Deməli, ortalıqda Avropaya inteqrasiya ilə bağlı şərtlər var. Bu baxımdan biz danışıqların niyə ləngidiyini sual etməliyik. Səbəblər demokratik seçkilərdir, islahatlardır, yoxsa Ermənistanla Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fundamental məsələlər var? Bu sualların cavabını ya Avropa Birliyi, yaxud Azərbaycan hökuməti verməlidir. Məsələ belə qoyulmalıdır, Dağlıq Qarabağ məsələsi, ərazi bütövlüyü istisna olunmaqla, şərtsiz müqavilənin imzalanmasının tərəfdarıyıq. Hesab edirəm ki, biz hakimiyyəti daha tez sazişin imzalanmasına vadar etməliyik. Məsələ ondadır ki, Avropa Şurasına daxil olarkən Dağlıq Qarabağ probleminin heç bir halda müharibə yolu ilə həll olunmayacağı öhdəliyini müxalifət və iqtidar, siyasi partiyalar, gənclər təşkilatları üzərinə götürüb. Söhbət 2000-ci ilin mayında imzalanan müqavilədən gedir. Baxın, 19 il keçib, indi də jurnalistlərə deyirlər ki, gedin, cəmiyyətləri öyrənin. Bunu ona görə xatırlatdım ki, ATƏT, Avropa Şurası və Avropa Birliyi də problemin həlli yollarını tapa bilməyib. Ona görə ərazi bütövlüyü məsələsində israrlı olmalıyıq”.

İlqar Məmmədov: “Hələ adı və məzmunu da məlum olmayan sənəd haqda danışıqlar gedir”

ReAL Partiyasının sədri İlqar Məmmədov hazırlanan sənədin Azərbaycan rəhbərliyinin seçimi olduğunu söyləyib:

“Avropa İttifaqı 2011-ci ildə 6 Şərq Tərəfdaşlığı dövlətinin hər birinə Assosiasiya və Azad Ticarət sazişlərini təqdim etdi. Ancaq Gürcüstan, Ukrayna və Moldova hökumətləri həmin sazişi seçdi. Belarus imtina etdi, Ermənistan 2017-ci ildə “Hərtərəfli və genişlənmiş tərəfdaşlıq sazişi”ni imzaladı. Azərbaycanla isə hələ adı və məzmunu da məlum olmayan sənəd haqda danışıqlar gedir. Sadəcə, məlum olan odur ki, 2011-ci ildə Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzv dövlətlərinə verilən təklifdən irəli gedən prosesdir. Bu proses də Brüsselin yox, rəsmi Bakının seçiminə əsaslanıb. Belə bir şəraitdə Azərbaycan hakimiyyətinə demək ki, İlham Əliyev rejimi olaraq gedin Avropa İttifaqı ilə saziş imzalayın, bu, nə dərəcədə məntiqlidir? Bu, Azərbaycanla Avropa İttifaqı arasında Assosiasiya Sazişi olacaqsa, bunu başqa hökumət edəcək. Ona görə biz İlham Əliyev rejiminin getməsinin, hakimiyyətin dəyişməsinin tərəfdarıyıq. Yalnız bunun nəticəsində Azərbaycanla Avropa İttifaqı arasında saziş imzalamaq mümkündür. Amma hələ imzalamaq söhbəti yoxdur, çünki mətn məlum deyil. Tutalım saziş tamamlandı, bundan sonra Avropa Birliyinin üzv ölkələrinin dillərinə tərcümə olunmalıdır, ardınca bu ölkələrin hüquq mütəxəssisləri sazişin öz dövlətlərinin milli qanunverciliyinə uyğunluğunu yoxlamalıdır. Əgər bunlar baş tutsa, saziş paraflanacaq, bundan sonra dərc ediləcək, yekun hüquqi ekspertizaya göndəriləcək və sənəd imzalanacaq. Bundan sonra Avropa Parlamenti sazişi ratifikasiya etməlidir. Bəzi partiyalar və adamlar elə görüntü yaradıblar ki, artıq hər şey hazırdır və Brüssellə Bakı arasında strateji sənəd imzalanır. Hazırda haqqında danışıqlar gedən sənəd strateji saziş deyil, uzunmüddətli münasibətləri tənzimləyən sazişdir. Saziş bu il imzalana da, imzalanmaya da bilər. Məsələ ondadlr ki, daxildə və xaricdə bəzi qüvvələr və adamlar Azərbaycanla Avropa Birliyinin münasibətlərinin normal məcrəda getməsinin əleyhinədir. Ona görə bəzən sivil toplumu, siyasi partiyaları yönəldə bilərlər. İlham Əliyev rejimi ancaq elan olunan və hazırlanan cilddə saziş imzalaya bilər. Əgər biz başqa növdə saziş istəyiriksə, qarşıdan gələn seçkidə mövcud hakimiyyəti yola salıb keyfiyyətli və demokratik əməkdaşlıq proqramını özündə ehtiva edən saziş imzalayaq. Bəs bütün bu səs-küy, bizə qarşı ittihamlar nədəndir? Avropa Komissiyası Natiq Cəfərli və Erkin Qədirlinin Brüsseldə olmasından istifadə edərək onları məsləhətləşməyə dəvət etdi. Bəzi adamlar onların satıldığını bəyan etdi, ayıb deyilmi? Bundan sonra məcbur olduq ki, dəvət edən təşkilatı və adamlarına adların göstərək. Siyasi münasibətlərdə bu cür məsələləri manipulyasiya etmək ayıbdır”.

VHP-nin qərargahında Azərbaycan və Avropa Birliyi arasında gözlənilən sazişə dair ictimai dinləmələr
VHP-nin qərargahında Azərbaycan və Avropa Birliyi arasında gözlənilən sazişə dair ictimai dinləmələr

İ.Məmmədov təəssüflənir ki, bəzi siyasi partiyaların qeyri-hökumət mövqeyindən çıxış etməsi və ya İlham Əliyev rejimi ilə razılaşıb-razılaşmaması məlum deyil:

“Əliyev istəsəydi, Assosiasiya Sazişini 2011-ci ildə qəbul edərdi, amma o istəmir. Belə çıxır ki, həmin partiyalar Əliyevin hakimiyyətdə qalmasını istəyirlər. Xeyr, Əliyev hakimiyyətdən getməli, siyasi sistem dəyişməlidir. Yalnız bundan sonra sazişi imzalamaq mümkündür. Bu, ReAL-ın sazişlə bağlı siyasi mövqeyidir”.


Sülhəddin Əkbər: “Demokratik ölkə olmayınca, nə Avropa Birliyi, nə də NATO ilə əsaslı inteqrasiya prosesi getməyəcək”

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər rəhbərlik etdiyi təşkilatın əsas prinsipinin Avropa Birliyinə və NATO-ya üzv olmaq olduğunu deyib.

Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti öz dayaqlarını təhdid edən hansısa addımı atmaqda maraqlı deyil:

“Hakimiyyət nəinki Avropa Birliyinə üzvlükdə maraqlı deyil, ümumiyyətlə, inteqrasiya istiqamətində hansısa addım atmaq niyyətində deyil. Çünki Azərbaycanda siyasi sistem inhisarçılığın, korrupsiyanın, gizli iqtisadiyyatın üzərində qurulub və bu addım qurulan rejimin siyasi-maliyyə dayaqlarını təhdid edir. Digər tərəfdən, Azərbaycan hökuməti hesab edir ki, Avropa Birliyi və NATO ilə yaxınlaşacaqsa, ona yönəlik xarici – xüsusən də Rusiya və İran tərəfindən təhdidlər aktuallaşacaq. Bəzən deyirlər ki, biz bu addımları atsaq, Rusiya Azərbaycanda işğal zolaqlarını genişləndirəcək. Amma Moldova, Ukrayna, Gürcüstan assosiativ saziş imzalayıb və işğal olunmuş ərazilərinin sərhədlərindən kənara çıxılmayıb. İndi baxaq ki, Azərbaycan Brüsseldən necə görünür? Azərbaycan Avropanın kənar sərhədindədir və onları o qədər də maraqlandırmır. İkincisi, Azərvbaycan müsəlman ölkəsidir və bu da sivilizasiya baxımdan, xüsusilə də Avropadakı mühafizəkar dairələrin dəyərlərinə ziddir. Onlar ümumiyyətlə düşünürlər ki, bir müsəlman ölkəsində demokratikləşmə baş tuta bilərmi? Onlar heç zaman istəməzlər ki, Cənubi Qafqazın müsəlman ölkəsi olan Azərbaycan onunla konfliktdə olan xristian dövlətindən qabağa keçsin. Ona görə də, ölkədə demokratiyaya nə Azərbaycan hakimiyyəti, nə də Avropa tərəfindən ciddi şəkildə dəstək verilmir və verilməyəcək. Bundan başqa, Azərbaycan neft ölkəsidir və burada transmilli şirkətlərin ciddi maraqları var. Onlara gəlib bir nəfərlə saziş imzalamaq və bunu gizli saxlamaq daha rahatdır, nəinki demokratik bir hakimiyyətlə. Ona görə də demokratik ölkə olmayınca, nə Avropa Birliyi, nə də NATO ilə əsaslı inteqrasiya prosesi getməyəcək. Bu proses isə Vaşinqton, Brüssel və Azərbaycan hakimiyyətinin maraqlarına uyğun gedən prosesdir”.

Cəmil Həsənli: “101 siyasi məhbusu olan Azərbaycan Avropa İttifaqı ilə sazişmi imzalamalıdır?”

Avropaya inteqrasiyanın Milli Şura üçün prioritet olduğunu söyləyən qurumun sədri Cəmil Həsənli bildirib ki, onlar dövləti və xalqı Avropa sərhədləri içərisində görmək istiqamətində ictimai-siyasi fəaliyyətlə məşğul olurlar:

“Uzun müddət Azərbaycan hakimiyyəti avrointeqrasiyadan kənarda qalmaq istəyir. 2001-ci ildə sadəlövhcəsinə düşünürdük ki, Azərbaycan Avropa Şurasına daxil olduqdan sonra ölkə qərb dəyərlərinə uyğunlaşacaq. Amma tamam başqa mənzərənin şahidi olduq, məlum oldu ki, korrupsioner və kriminal hakimiyyət Avropa Şurasını öz dəyərlərinə uyğunlaşdırmağa başladı. Hətta şuranın rəhbərliyində olan şəxslərdən biri etiraf etdi ki, Azərbaycan hakimiyyəti Avropa dəyərlərini təhlükə altına alıb. İndi iş elə gətirib ki, hökumətin avrointeqrasiyadan kənar qalmaq limiti bitib. Amma prosesi elə aparmaq istəyir ki, bu, ailə hakimiyyətinin uzanmasına və möhkəmliyinə xidmət etsin”.

C.Həsənli Azərbaycanda siyasi məhbus probleminin aradan qalxmadığını söyləyərək əlavə edib ki, martda 51 siyasi məhbus azad edib, 101 nəfəri saxlayıblar:

“Yəni 101 siyasi məhbusu olan Azərbaycan Avropa İttifaqı ilə sazişmi imzalamalıdır? Yaxud işgəncələrə son qoyulubmu?

Aprelin 17-də Bakının küçələrində müxalifətçinin 14 yaşlı övladı hakim partiyanın əyyaşı tərəfindən döyüldüyünün və təhqir olunduğunun şahidi olduq. Onu döyənin tələbi o idi ki, Mehriban Əliyeva haqda tənqidinə gərə üzr istəməlisən”.

Əli Kərimli: “İkinci imitasiyanın olmaması üçün dərin tərəfdaşlıq sazişi istəyirik”

AXCP sədri Əli Kərimli deyib ki, sənədin paraflanmayana qədər ictimaiyyətə açıqlanmaması qaydadır, amma müxalifət sazişin cəmiyyətin müzakirəsinə çıxarılmasını tələb etməlidir:

“Bu, ümumi qaydadır. O zaman bizim rolumuz nədən ibarətdir sualı yaranır. Yəni, bu, o demək deyil ki, müxalifətin rolu yoxdur? Biz dövlət institutlarında təmsil olunmasaq da, Azərbaycan cəmiyyətində əksəriyyəti təmsil edirik. Hökumət də, dünya da bilir ki, əksəriyyəti biz təmsil edirik, ona görə biz daha çox niyyətimizi bəyan etməliyik. Onsuz da hansısa bəndi dəyişmək imkanımız yoxdur. AXCP olaraq hesab edirik ki, belə bir sazişin imzalanması Azərbaycan üçün müəyyən imkanlar yaradır. Təbii ki, danışıqları gedən sənəd Assosiasiya Sazişi deyil, amma biz dərin inteqrasiyanın tərəfdarıyıq. Hökumət istədi ki, başdansovdu saziş təklif etsin. Amma indiki saziş hökumətin təklifi də deyil, əksinə, əsl kompromisin nəticəsidir. Söhbət kifayət qədər ciddi, yüzlərlə səhifəlik sənəddən gedir və imzalayan tərəflər üzərlərinə öhdəlik götürəcəklər. Ona görə biz Avropa Birliyinə, Avropa Komissiyasına, Avropa Parlamentinə mesaj veririk ki, Azərbaycan xalqı bir dəfə avrointeqrasiyada yanıb. Avropa Şurası ilə bağlı böyük ümidlər puç olub. Çünki Avropa Şurası prinsiplərini tətbiq etməyib. Ona görə ikinci imitasiyanın olmaması üçün dərin tərəfdaşlıq sazişi istəyirik. Yəni Azərbaycan üzərinə hüquq və azadlıqlarla bağlı öhdəliklər götürməli olacaq, amma nə qədər?! Biz mövqeyimizi çatdırmalıyıq ki, Azərbaycan işgəncə otaqları, siyasi məhbusları, bloklanmış mediası, qapalı mitinq məkanlarlı ilə Avropanın tərəfdaşı ola bilməz. Konkret öhdəliklər olmalıdır, söhbət seçki, məhkəmə, hakimiyyət bölgüsü, azad media, hüququn aliliyindən gedir. Niyə biz bu sazişdə qeyd etdiyim bölümlərin tələb etməyək? Bizim tələbimiz o an yerinə yetirilməyəcək. Niyə Avropa Birliyi xalqın mövqeyini bilməsin? Bizim Avropa strukturları arasında bir ciddi müttəfimiz var, Avropa Parlamenti. Bu qurumun mövqeyi aydındır və biz Avropa Parlamentinin cızdığı çərçivəni ədalətli sayırıq. Onlar deyir ki, saziş hər iki xalqın maraqlarına xidmət etməlidir. Ona görə imkan vermək olmaz ki, istədikləri kimi imzalansın. Şərtlər qoyulmalıdır. Əgər azad rəqabət mühiti təmin olunmayacaqsa, Avropa Birliyinin bazarının Azərbaycana açılması nəylə nəticələnəcək? Fikir verin, kənd təsərrüfatının inkişafı adı altında özlərinə iri aqroholdinqlər yaradırlar, hamısı da hakim ailənin və məmur oliqarxiyasınındır. Məqsəd Dünya Ticarət Təşkilatından yayınmaqdır”.

Əli Kərimli hesab edir ki, sazişdə Azərbaycanın ərazi bütövlüyü tanınmaya bilməz. Çünki Avropa Birliyinin ərazi bütövlüyünə dəstək verən bir neçə sənədi var:

“İkinci, hökumətin də ərazi bütövlüyünü təsdiqləməyən hansısa sənədi imzalayacağını gözləmirəm. Burda ifadə formaları söhbəti var. Biz də ifadə formalarının Azərbaycanın maraqlarına uyğun seçilməsinə çalışmalıyıq. Amma onu da deməliyik ki, ifadə formalarındakı fərqliliyi Əliyev rejimi yaradıb. Gürcüstan, Ukrayna və Moldova hökuməti açıq şıkildə ərazilərinin Rusiyanın işğal etdiyini deyirlər. Bəs İlham Əliyev Rusiyanın adını çəkirmi? Ona görə bunu avropalıdan niyə gözləməliyik? Bax, fərq burdadır. Problem ondadır ki, Madrid Prinsiplərində Qarabağda münaqişədən əvvəl yaşayan əhalinin səsverməsi ilə yekun statusunun müəyyənləşməsinə Əıliyev razılıq verib. Biz də aqressiyamızı üçüncü tərəfə yox, rejimə yönəltməliyik. Yəni avropalılara çağırış etməliyik ki, xalq hökuməti seçməyibsə, bizim milli maraqlarımızı təmin etmək iqtidarında deyilsə, bu, o demək deyil ki, onun hesabını bizə kəsəcəksiniz?! Xalq kimi buna hüququmuz var!”

Ana səhifəXəbərlərAzərbaycanla Avropa Birliyi arasında imzalanacaq sazişlə bağlı ictimai dinləmələr keçirildi