”Ərim məni döyməkdən zövq alırdı”

Rəsmi: ”Təkcə 2016-cı il ərzində ölkə üzrə 4114 münaqişəli ailə qeydiyyata götürülüb”

Source:


Rəsmi: ”Təkcə 2016-cı il ərzində ölkə üzrə 4114 münaqişəli ailə qeydiyyata götürülüb”

“Məktəbi bitirib sevdiyim adamla ailə qurdum. Düzdür, ailəm narazı idi, oxumağımı istəyirdilər. Ona görə elçiləri qapıdan qaytardılar. Mən də qoşulub qaçdım. İki övladımız oldu, ancaq normal günüm, həyatım olmadı”, – Zahidə Əliyeva (ad şərtidir) belə deyir.

Z.Əliyeva deyir ki, ailə qurandan sonra ata və anası ondan üz döndərib. Tamamilə tək qalıb. Odur ki, gələcəkdə qarşılaşdığı çətinliklərin öhdəsindən təkbaşına gəlməli olub:

“İki il hər şey yaxşı oldu. Sonradan problemlər başladı. Həyat yoldaşımı tanıya bilmirdim. Hər gecə döyülürdüm. Sonra da məni cinsi münasibətə məcbur edirdi. Bir müddət sonra anladım ki, o, məni döyüb daha sonra cinsi münasibətdə olmaqdan zövq alır. Hamilə olduğum zamanlarda da döyülürdüm. Amma ayrılmaq, boşanmaq haqqında düşünmürdüm. Həmin vaxt təkcə qızımız doğulmuşdu, sonradan oğlum da oldu. Mənimsə əlimdən ev təmizləmək və yemək bişirməkdən başqa heç nə gəlmirdi. Ayrılıb nə edəcəyimi bilmədiyim üçün dözürdüm”.

Z.Əliyeva övladlarını təkbaşına böyüdə bilməyəcəyi üçün evliliyini 9 il davam etdirib. Deyir, döyüldüyünü uşaqlarından gizlətmək mümkün olmayandan sonra ayrılmaq qərarı verib:

“Valideyn iclasına, uşaqların məktəbdəki tədbirlərinə çağırırdılar, utana-utana gedirdim. Üzümdən qızartı, göylük əksik olmurdu. Hiss edirdim ki, uşaqlar hər şeyi anlayır və içdən-içə atalarına düşmən olurlar. Nəhayət, bir gün evi tərk edib, xalamgilə getdim. Xalam tək yaşayır, həyat yoldaşını itirib, qızı da xaricdə təhsil alır. 3 aya yaxın onlarda qaldım. Xalamın dərzi dükanında işə başladım. Sonra da onun köməyilə tanınmış qadın geyim mağazalarından birində işə düzəldim. Tam olaraq dərzi işi deyil. Kimsə gəlir palto bəyənir, ancaq əyninə uzundur, kəsirəm və ya qısadır, bir az açıram. Paltarların, şalvarların ayağını kəsirəm. Fevralda boşanmağımın 1 ili tamam olur. Peşman deyiləm”.

Z.Əliyeva ailəsi ilə də münasibətləri düzəldib. Deyir, sosial layihələrə də qoşulur, maraqlı layihələrdə könüllü iştirak edir:

“3 ay hər 6-cı gün kimsəsiz uşaqlara dərzilik kursları keçən qrupa kömək etdim. Həmin dərnəkdə özüm də saç kəsmək, yığmaq öyrəndim. İdmanla da məşğul oluram. Bu müddət ərzində həyat yoldaşım dəfələrlə barışmaq istəyib, ancaq mən baş qoşmamışam. Hazırkı həyatım daha yaxşıdır. Ailəm, əsasən də qardaşım kömək edir deyə maddi durumum da yaxşıdır. Əsas məsələ isə öz gəlirim var. Qadın pul baxımından müstəqil olanda ardı gəlir, həyatında hər şey düzəlir. Mənim 7 il çəkdiyim zülmün səbəbi də elə maddi asılılıq idi. Yoxsa 7 il az qala hər gün döyülməyə dözərdimmi?”

 “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunu 22 iyun 2010-cu ildə qəbul olunub. Bu qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir. Qanunun maddə 1, 1.0.4. bəndində məişət zəminində psixi zorakılıq – bu qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətləri zorakılıq kimi əsaslandırılıb.

Bundan əlavə, Nazirlər Kabineti məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma qaydası müəyyənləşdirib. Əgər şikayətdə cinayət tərkibi yoxdursa, yalnız zərərçəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı olduqda araşdırmalıdır.

“Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl deyir ki, qanun var, ancaq onun işləməsi üçün milli fəaliyyət planı yoxdur:

“Hamı deyir, qanunun icra mexanizmi yoxdur, ancaq həmin icra mexanizminin olması üçün də fəaliyyət planı lazımdır. 2010-cu ildə qəbul olunan qanunun üstündən 7 il ötüb. Hələ də plan yoxdur. Bu, çox xoşagəlməz haldır. Plan yoxdur, deyə qadınlar hələ də bərabər imkanlardan faydalana bilmirlər. Hüquq baxımından hər şey əladır, kağız üzərində hər şey təmin edilib, ancaq reallıqla götürəndə həmin bərabər imkanlar yoxdur”.

Ş.İsmayıl deyir ki, bu sahədə problemlər, bariyerlər çoxdur. Odur ki, işə kompleks yanaşmaq lazımdır:

“Dediyim kimi, əvvəlcə qanunun milli fəaliyyət planı, onu həyata keçirən mexanizm, icra planı olmalıdır. Ayrılan büdcə aydın şəkildə göstərilməlidir. İcrasına məsul olan tərəflər görüləcək işləri aydın göstərməli, cavabdeh qurumlar bəlli olmalıdır. Gözlənilən nəticələr əvvəlcə qeyd edilməlidir. Bu, bir növ bütün qurumlar, o cümlədən dövlət qurumları üçün kompleks formada olmalıdır. Dediklərim olmayınca, biz ölkə olaraq bu sahədə yalnız pərakəndə işlər görmüş oluruq”.

“Təkcə 2016-cı il ərzində ölkə üzrə 4114 münaqişəli ailə qeydiyyata götürülüb. Ancaq çox vaxt zorakılığa məruz qalan şəxslər dövlət qurumlarına müraciət etmirlər. Belə ailələr aşkarlananda münaqişəli ailə kimi qeydiyyata alınır və hər ay həmin ailənin vəziyyəti yoxlanılır, hesabatı yazılır”.

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin böyük məsləhətçisi Tural Hüseynzadə belə

deyib

.

Şəhla İsmayıl isə deyir ki, 2010-2016 -cı illərdə 765 qadın qətlə yetirilib. Bu, yalnız əldə edilə bilən rəqəmlərdir:

“Rəsmi statistikaya görə, 2010-cu ildə 89, 2011-ci ildə 59, 2012-ci ildə 114, 2013-cü ildə 93, 2014-cü ildə 94, 2015-ci ildə 66, 2016-cı ildə isə 121 qadın intihar edib. Bütün bunları nəzərə alaraq, deyirəm ki, vəziyyət ağırdır. Həyəcan təbili çalmaq lazımdır. Yeri gəlmişkən, BMT-nin CEDAW komitəsi var. Qadınlara qarşı bütün növ ayrıseçkiliyin aradan qaldırılmasının icrasına nəzarət edirlər. Azərbaycan 4 ildən bir onlara hesabat verir. Həmin qurumun açıqladığı sonuncu icmalda həmin bizə dediyim milli fəaliyyət planının yaradılması tövsiyə olaraq qoyulub. Planın olmaması neqativ hal kimi qiymətləndirilib”.

Şəhla İsmayıl deyir ki, ümumiyyətlə, gender bərabərliyi məsələləri təhsilə daxil edilməlidir. Gender əsaslı stereotiplərə qarşı, gender rolları ilə bağlı çox dərin və hərtərəfli iş aparılmalıdır. Hətta buna uşaq bağçalarından başlanmalıdır. Analarla, atalarla iş görülməlidir:

“Nəsildən-nəslə ötürülən mədəni, ideoloji məqamlar heç bir halda keçid almamalıdır, genişlənməməlidir. Bir də siyasi-iqtisadi forma dəyişməlidir. İstənilən bir qadının özünə güvəni üçün iqtisadi bacarıqları, iqtisadi bilikləri, iqtisadi imkanları güclü olmalıdır. Yoxsa hər zaman zorakılıq qurbanı olacaq. Onun ən bəsit forması da psixoloji zorakılıq olacaq. İqtisadi asılı, möhtac, təhsilsiz olacaq, buna görə də zorakılıq halı baş verəndə nə etməli olduğunu bilməyəcək. Öz ayağı üzərində durmağı bacarmayacaq”.

Şəhla İsmayıl deyir ki, qadın konstitusiyanın ona verdiyi bərabər hüquqlardan faydalanmalı, çalışmalı, təhsilini davam etdirməlidir:

“Sabah başına hər hansı bir zorakılıq halı gələrsə, nə etməli olduğunu bilməli, gələcəyi ilə bağlı qərarını verməyi bacarmalıdır. Ən azından qadına seçim verilməlidir. Əgər qadın məktəbə özü getmək, təhsilini özü davam etdirmək istəmirsə, etməsin. Təbii, söhbət yuxarı siniflərdən gedir. Amma bu, onun öz qərarı olmalıdır və ya qadın ailə qurmaq istəyirsə qursun, işləmək istəmirsə, evdə otursun. Ancaq bunu həqiqətən də özü istəsin”.

Z.Əliyeva da düşünür ki, qadın öz həyatının qərarlarını verərsə, problemlərin yaranmasının qarşısı da alınar…

Ana səhifəMənim Fikrimcə”Ərim məni döyməkdən zövq alırdı”