Neft Fondu dollar satışını artırıb

Nemət Əliyev bildirir ki, bu gəlirlilik səviyyəsi son 14 ilin ən pis göstəricisidir

Source: meydan tv

Natiq Cəfərli: ''Yerli istehsal olmadıqca ölkədə dollara tələbar artır''

Bu ilin yanvar-fevral ayında Azərbaycan Dövlət Neft Fondu 951,1 mln. ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib. Fondun məlumatına görə, bu məbləğ, ötən ilin eyni dövrü ilə müqayisədə 287,9 mln. dollar və yaxud 43,4 faiz çoxdur.

ReAL partiyasının məclis üzvü, iqtisadçı Natiq Cəfərli isə deyir ki, ölkədə büdcə xərcləri artdıqca, dollara təlabat artır, çünki xərclərin bir qismi korrupsiyaya yem olur, həmin vəsait dollara çevrilir:

“Ölkədə istehlak çoxaldıqca dollara təlabat artır, çünki ölkədə corab-tuman belə istehsal edilmir, geyim üçün xərclənən hər manatın 65 qəpiyi dollar olub Çinə-Türkiyəyə gedir. Ölkədə məntiqsiz layihələr olduqca dollara təlabat artır”.

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadçı deyr ki, ölkədə sağlıq durumu pisləşdikcə dərmana təlabat artır, deməli, dollar ölkədən çıxır:

“Ölkədə maaş-təqaüd-ödənişlər artıqca dollara yönələn manat da artır, çünki əhali qazandığının rəsmi rəqəmlərə görə 48 faizini qeyri-rəsmi hesablamalara görə 60 faizdən çoxunu ərzağa, yeməyə xərcləyir ki, bunun da 75 faizi ya birbaşa xarici maldır, ya da üstünə yerli yazılmış, tərkibi xaricdən alınan, burada isə sadəcə qablaşdırılan mallardır”.

AXCP Rəyasət Heyətinin üzvü, iqtisadçı Nemət Əliyevin isə fikrincə, Dövlət Neft Fondu 2018-ci ildə yeni rekorda imza atıb və bununla da sözün həqiqi mənasında şok yaşadıb:

“Dövlət Neft Fondu 38,5 milyard dollarlıq maliyyə vəsaitlərinin idarəçiliyindən vur-tut 0,35 faiz gəlir əldə edib. Belə yerdə deyiblər ki, aldım qoz, verdim qoz”.

Nemət Əliyev
Nemət Əliyev

Nemət Əliyev bildirir ki, bu gəlirlilik səviyyəsi son 14 ilin ən pis göstəricisidir:

“0,35 faizlik gəlir cəmi-cümlətanı 181 milyon manat və ya Mərkəzi Bankın hazırkı rəsmi məzənnəsi ilə çevirsək, 106,5 milyon dollar deməkdir. Belə çıxır ki, Neft Fondunun xarici ölkələrdə saxladığı milyardların hər 1000 dolları il ərzində vur-tut 4 manat 70 qəpik və ya 2 dollar 77 sent gəlir gətirib. Heç şübhə etmirəm ki, bu dərəcədə ucuz faizlərlə pul əldə etmək imkanı olsaydı, bir xalq kimi dünyanın ən varlı xalqları sırasında yer tuta bilərdik” – deyə, iqtisadçı qeyd edib.

Ana səhifəXəbərlərNeft Fondu dollar satışını artırıb