“Oğlanlar deyirdi, bu şəkli internetdə paylaşacam, ya da mənə 15 manat verəcəksən”

“Oğlanlar deyirdi, bu şəkli internetdə paylaşacam, ya da mənə 15 manat verəcəksən”

14 yaşlı şagird Elinanın intiharından sonra 162 saylı məktəbdə oğlanlar qızları gözümçıxdıya salmırlar. Bunu məktəbdə oxuyan şagird deyir. Əlavə edir ki, oğlanlar qorxur, qızları təkləsələr, onlar özlərinə nəsə edərlər. Amma 4 aprelə – Elinanın intiharına qədər məktəbdə vəziyyət başqa idi.

"Təsbehlə gəzir oğlanlar, yəni “polojeniya” deyirlər. Qızlardan elələri var ki, xoşlarına gəlmir, yanlarından keçəndə deyirlər ki, “ay uşaq, boynunu tut, bacın gəlir”. Elə söhbətlər olur, təhqiredici. Söyüş mənasında gedir də, yəni qızlar guya tərbiyəsizdirlər, pozğundurlar. Yəni heç vaxt bacın olmasın mənasında boynunu tut”. Əllərini çiyninə qoyurlar, guya söz demək istəyirlər. Ancaq sinəyə, yana əl vurmaq istəyirlər. Məsələn, bir qıza onu ediblər. Qız da Elinanın rəfiqəsi olub. Mənə etmək istəyəndə icazə verməmişəm. Daha cəld davranmışam”, – şagird deyir.

Qızlara qarşı cinsi qısnama, şantaj edən yeniyetmə oğlanlar əksər hallarda cəzasız qalırdılar. Yeniyetmə deyir ki, oğlanların üzərində bıçaq və digər kəsici alətlər olurdu.

"Lovğalıq edirlər, göstərirlər ki, məndə beşbarmaq var, mən “polojeniya”ya baxa bilərəm. Bıçaqlar çoxunun əlində var. Bıçaq, qutuda siqaretlər, demək olar hamısının pencəyində var. Bir dəfə şantaj hadisəsi olub. Özüm hələ uşaq idim, 7-ci sinifdə oxuyurdum, rus bölməsində oxuyan oğlan dostuma etmişdi. Onlar sevgili idilər, oğlan bundan sinəsinin şəklini istəyib. Qız göndərib, oğlan da deyib ki, bu şəkli internetdə paylaşacam. Ya da mənə 15 manat verməlisən”, – məktəbli danışır.

Elina Hacıyevanın bullinqə, başqa sözlə, qısnama, xor görmə, gözüm çıxdıya məruz qalaraq intihar etməsi sosial şəbəkələrin əsas mövzusuna çevrildi. “Bullinq gələcəyi bulandırır, Elina üçün susma” şüarları ilə kampanya başladıldı.

Sosial şəbəkə istifadəçiləri Elinanın ölümündə məktəb rəhbərliyini və həkimləri günahlandırır. Elə Einanın ölümünü gözləri ilə görən həmyaşıdı da.

"Elina üçüncü mərtəbədə idi, mən ikinci mərtəbədə oğlanla danışırdım. Elina özünü atanda gördüm. Zirzəmini yanındakı həyətə düşdü. Məktəbin oğlanları gedib Elinanı qaldırıb direktorun otağına apardılar. Üçüncü dərs hələ başlamamışdı, Elinanı isə 5-ci dərsdən sonra apardılar. Yəni saat 12:10 – da. Üçüncü dərsin zəngi isə 9:25 – də vurulur”, – 162 saylı məktəbin şagirdi deyir.

O bildirir ki, 162 saylı məktəbdə sinif rəhbəri Çimnaz Hacıyeva və direktor tez-tez Elinaya qarşı təhqiramiz ifadələr işlədirdi.

“Bir adamın digərini xor görməsi. Hansısa xüsusiyyətinə görə müəllimin uşağı xor görməsi, uşağın uşağı xor görməsidir. Və bu xor görmənin ayıb olduğunu bilməməsidir. Bizim bunu tənzimləyən bir qanuna ehtiyacımız var. Bu özümüzdən Amerika kəşf etmək deyil, çünki Amerika artıq bunu kəşf edib”, – hüquqşünas Ruslan Əliyev deyir.

Söhbət anti-bullinq qanunun qəbul olunmasından gedir. Hüquqşünas Ruslan Əliyev deyir ki, bullinqə qarşı qanun qəbul olunarsa, şagirdin şikayətini subüt etmək artıq tədris müəssisəsinin öhdəliyinə çevrilir.

“Müəllimlər, vəzifəli şəxslər biləcəklər ki, bu artıq aşağı səviyyəli təlimat və ya hansısa nazir qarşısında məsuliyyət deyil. Məktəbdaxili məsələ kimi yanaşıb, ört-basdır edə biləcəkləri bir şey deyil. Bu, artıq qanunla tənzimlənir.

Yəni Cinayət Məcəlləsinə necə yanaşırsa, elə yanaşacaq. Birinci növbədə yanaşmanın dəyişməyinə kömək ola bilər. İkinci məsələ odur ki, sübutetmə yükü birinci növbədə bölünəcək. Nə qədər ki, şagirdin dediyinin əksi sübuta yetirilməyib, onun dediyi haqlıdır. Müəllim və ya qarşı tərəf də daha çox maraqlı olmalıdır ki, sübut etsin, çünki yerinə yetirməsə, daha çox o məsuliyyət daşıyacaq”, – Ruslan Əliyev deyir.

Hüquqşünas həmçinin bildirib ki, qanun bir sıra Avropa ölkələrində, Amerikada tətbiq olunur. 2019-ci ildə Ukraynada “Bullinqlə mübarizə məqsədilə bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilməsi” barədə qanun qüvvəyə minib.

Azərbaycanda isə bu hadisədən sonra Təhsil Nazirliyinin məktəblərdə pəncərələri bağlatdırma xəbərləri yayıldı. Sonradan məlumat təkzib olunsa da, bəzi məktəblərdə tətbiq olunduğu söylənir. Həmçinin Elinanın ölümündən sonra 162 saylı məktəbdə Təhsil Nazirliyinin “Məktəbli dostları” layihəsi həyata keçirilir.

"Onlar bizi qoruyurlar. Onlara gedib desək ki, bu uşaq bizə sataşır, həmin uşaqları kənara çəkib danışırlar, valideynini çağırırlar”.

Müxbir: Elinadan sonra?

“Elinadan sonra olub. Yəni Elina olan vaxtı olsaydı, belə olmazdı. Elina indi sağ olardı”, – məktəbli deyir.

Ana səhifəVideo“Oğlanlar deyirdi, bu şəkli internetdə paylaşacam, ya da mənə 15 manat verəcəksən”