None

Source: Meydan TV

Şahid qadın: Məni təhdid etdilər ki, gedib Anar Məmmədovun əleyhinə ifadə verim

Article was updated on :  27 February 2019

Şahid səsyazısında başına gələnləri etiraf edib

“Criminalaz.com” saytının baş redaktoru Anar Məmmədovun işi üzrə şahid qismində ifadə verən Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı olmuş Gülnar Muradova təzyiq nəticəsində işə cəlb olunduğunu deyir.

Fevralın 19-da məhkəməyə məcburi qaydada gətirilən şahid deyir ki, Anar Məmmədova qarşı heç bir ifadə verməyib, Kəpəz Rayon Polis Şöbəsinə çağırılaraq baş redaktora qarşı ifadə verməyə məcbur edilib.

Anar Məmmədov Gülnar Muradovanın ona göndərdiyi səsli mesajın məhkəmədə səsləndirilməsini hakimdən xahiş etsə də, rədd edilib. Həmin mesajda şahid həyat yoldaşının şərlənərək saxlanıldığını və təzyiqlər nəticəsində Anar Məmmədovun əleyhinə ifadə verməyə məcbur edildiyini deyir.

Şahid səsyazısında deyir ki, həyat yoldaşı Gəncədə işlətdiyi “Qızıl ev” çay evində baş vermiş kriminal hadisə ilə bağlı şərlənərək həbs edilib. O, yaşadığı evdən zorla aparılıb. Bundan sonra Gülnar Muradova polis şöbəsinə çağırılıb və Anar Məmmədova qarşı ifadə verməsi tələb edilib:

Baş verənlər barədə Meydan TV-yə danışan Anar Məmmədovsa deyir ki, Gülnar Mehdiyeva hadisədən xeyli əvvəl onlara şikayətçi kimi müraciət edib:

“Gülnar Mehdiyeva əvvəllər Gəncə şəhər Baş Polis İdarəsinin sabiq rəisi general-mayor Rasim Musayevin köməkçisi işləyib. 2018-ci ilin may ayında mənimlə əlaqə saxlayaraq Gəncədə işlətdiyi “Qızıl ev” çay evində baş vermiş kriminal hadisə ilə bağlı şikayətini bildirdi, probleminin ölkənin hüquq-mühafizə orqanı rəhbərlərinin diqqətinə çatdırmağımı istədi. Ondan müsahibə aldım, müsahibənin gedişində mənə Rasim Musayevin köməkçisi olduğunu dedi. Mən də bir neçə il əvvəl Rasim Musayevlə Elmar Vəliyev arasında mətbuatda oxuduğum məlumatlar barədə suallar verdim. O isə mənə həmin münaqişənin necə başlamasından qurtarmasına qədər danışdı. Həmin müsahibənin səs yazısı var, lazım gələrsə istənilər quruma, mediaya təqdim edə bilərəm. Müsahiubə zamanı Gülnar Muradovanın icra başçısı ilə rəis arasında münaqişə haqda dediklərini zərurət görmədiyimdən “criminal.az” saytında yazmadım. Elə o vaxtdan tanışlığımız yarandı və bir neçə ay sonra, daha dəqiqi desək, iyulun 3-də Gəncənin icra başçısı Elmar Vəliyev güllələnən gün hadisə ilə bağlı bəzi təfərrüatlar öyrənmək üçün ağlıma ilk Gülnar Muradova gəldi və ona zəng edərək Gəncədə nə baş verdiyini soruşdum. O, mənə bəzi məlumatlar verdi və onun məlumatları əsasında bir neçə məqalə hazırladım. Eyni zamanda Gülnar Muradovanın icra başçısı-rəis qarşıdurması ilə bağlı dediklərinə qayıtdım və hazırladığım məqalədə Gəncədə icra başçısına qarşı edilmiş sui-qəsd hadisələrində bir epizod kimi vurğuladım”.

““Məni təhdid etdilər ki, Anar Məmmədova qarşı ifadə verim”” - Şahid Gülnar Mehdiyeva

''Criminalaz.com'' saytının baş redaktoru Anar Məmmədov

''Criminalaz.com'' saytının baş redaktoru Anar Məmmədov

Source: Meydan.tv

Anar Məmmədov deyir ki, məhz həmin yazı hazırda ittiham olunduğu iki məqalədən biridir:

“Sonradan Gəncə hadisələri ilə bağlı yazılarıma görə Bakı Şəhər Prokurorluğuna çağırıldım. Gəncə hadisələri ilə bağlı yazdığım 9 yazı ilə bağlı müstəntiqin suallarına cavab verməli oldum. Həmin yazılardan ən azı 4-nü Gülnar Muradovadan aldığım məlumatlar əsasında hazırlamışdım. Daha sonra Gülnar Muradova mənə zəng edərək Bakı şəhər Prokurorluğuna çağırıldığını dedi. Ona istintaqa gedərək ifadə verməsini, hər hansı yolla yayınmağın mənasız olduğunu bildirdim. Həmin ərəfədə Kəpəz Rayon Polis Şöbəsinin rəisi kimi təqdim etdiyi Vüqar adlı şəxsilə telefon danışığına da mənə göndərdi. Həmin səs yazısından məlum oldu ki, Vüqar adlı şəxs onu idarəyə çağırır. Təxminən həmin vaxtdan sonra Gülnarla əlaqəm kəsildi. Ötən il, noyabrın 30-da mənə qarşı Cinayət Məcəlləsinin 281.2, 309.2 və 313-cü maddələrlə ittiham irəli sürülən gün bildim ki, Gülnar Muradova məcburi qaydada Bakı Şəhər Prokurorluğuna gətirilib və mənə qarşı ifadə verib. Bildirib ki, Anar Məmmədovun dövlətə qarşı təxribat xarakterli yazılar yazdığını görüb və bunlar ona pis təsir edib. Gülnar Muradovanın cinayət işimdə şahid olduğunu nəzarə alaraq onunla heç bir formada əlaqə saxlamadım. Lakin ötən il, dekabrın sonlarında, məhkəməm başlamasına 2-3 gün qalmış Gülnar Muradovadan “Whatsapp” nömrəmə video göndərildi. Ardınca yazdı ki, Gəncə polisi onun həyat yoldaşını evindən oğurlayıb. Daha sonra səsli mesajla mənə bildirdi ki, sentyabr ayında Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanov (bu ilin yanvarında işdən çıxarılıb) onu idarəyə çağıraraq ərini həbs edəcəyi ilə hədələyib. Deyib ki, Bakıya gedib 3 şahidlə birlikdə Anar Məmmədovun üzünə durursan. Dəqiqləşmə üçün deyim ki, Gülnar Muradovanın Faiq Şabanovla bağlı etirafedici səsli mesajında bəhs etdiyi zaman təxminən Vüqar adlı rəisin onu idarəyə çağırması ilə eyni vaxta düşür.

Gəncə sakinini polislər evindən aparıblar - Arxiv video

Fevralın 19-da isə Gülnar Muradova məcburi qaydada Ağır Cinayətlər Məhkəməsinə gətirilərək şahid kimi dindirildi. Məhkəmə ifadəsində mənə qarşı heç bir ifadə vermədiyini, Kəpəz Polisinə çağırılaraq mənə qarşı ifadə verməyə məcbur edildiyini dedi. Mən Gülnar Muradovanın mənə göndərdiyi səsli mesajının məhkəmədə səsləndirilməsini hakimdən xahiş etsəm də, rədd edildi. Ona görə də, Gülnar Muradovanın səsli mesajını və həyat yoldaşının saxlanılmasını əks etdirən videogörüntülərini mətbuata təqdim etdim.

Mən bunu obyektivlik, insanların hədə-qorxu ilə üzə durmaqla təhdid edilməsinə son qoyulması üçün edirəm. Çox istərdim ki, istintaq və məhkəmə orqanları şahidin mənə təqdim etdiyi sübutları nəzərə alsınlar. Təsəvvür edin, şahid özü ağır durumdadır, həyat yoldaşının həbs ediləcəyi ilə qorxudularaq jurnalistə qarşı ifadəsi alınır”.

Şahid Gülnar Mehdiyevanın səs yazısı

Source: Soundcloud

Baş redaktor deyir ki, vətəndaşların bu cür üz-üzə qoyulması praktikasına son qoyulmalıdır.

“Onlar niyə məhkəmə və istintaqda bir-birinin üzünə qoyulmağa məcbur edilməlidir? Yalandan və təhdidlə üzə duran vətəndaşlar məhkəmə istintaqı zamanı ifşa olunur və çətin vəziyyətə düşür. Necə ki, mənim, eyni zamanda digər həmkarlarıma qarşı ifadə verən qadınlar çətin duruma düşdülər,”- Anar Məmmədov deyib.

“Bastainfo” saytının baş redaktoru Mustafa Hacıbəyliyə qarşı açılmış cinayət işində də şahid qismində iki qadın ifadə verib və jurnalistin yazdıqlarından həyəcanlandıqlarını deyiblər. Lakin onlar jurnalistin suallarını cavablandırarkən mühakimə olunan şəxsin və saytın adını bilməyiblər.

Fevralın 21-də Cinayət Məcəlləsinin 309-cu (vəzifə səlahiyyətlərini aşma), 313-cü (vəzifə saxtakarlığı) və 281-ci (dövlət əleyhinə çağırışlar) maddələri ilə təqsirli bilinən

Mustafa Hacıbəyliyə hökm oxunub. Hakim Səbuhi Hüseynovun sədrliyilə çıxarılan hökmə əsasən, ona iki il sınaq müddəti olmaqla, 5 il 6 ay şərti cəza verillib. Anar Məmmədovun məhkəməsi hələ davam edir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  27 February 2019
Featured in:  
Shortlink:   http://mtv.re/4wmlvt

Most Viewed