Nazlı Ağayeva

Source: meydan tv

Caption: Nazlı Ağayeva

Şamlar yandı, vətən çıraqban oldu...

Bu əhvalatı mənə Bahadur Tahirbəyov çox əvvəllər dostu və həmkarı Nəcəf Nəcəfovun ölümündən sonra danışmışdı

Balaca vaxtlarımda paytaxtdan tətilə gələn tələbə qardaşımın pencəyini “təftiş edərək” qəşəng qələm axtarardım. Bir dəfə döş cibindən bayram şirniyyatı, şamlarla bəzədilmiş süfrə və yaraşıqlı bir kişinin şəkli olan ağ-qara açıqça tapdım. Aşağıda iki misra vardı:

“Şamlar yandı, vətən çıraqban oldu

Yarəb, nədən Şıxəli qurban oldu?”

Qələmi unudub yazıya baxa-baxa qaldım. Bu ara yaxınlaşan rəhmətlik qardaşım ehmalca açıqçanı əlimdən götürüb yerinə qoydu. Yetmişinci illərin fəal gəncləri Şıxəli Qurbanovun xatirə fotolarını ürəklərinin başında gəzdirirdilər...

***

Təsəvvür edin, sovet vaxtı rusca çıxan “Molodyoj Azerbaycana” qəzetinin bir aylıq cavan baş redaktoru, bir həftəlik məsul katibi və yeni vəzifə həsrətində olan redaktor müavini. Qəzet yığılıb çapa tam hazırdır, yalnız qol çəkmək qalıb. Redaktoru o vaxtın höküməti Mərkəzi Komitədə “girov götürüblər”, heç cür gəlib çıxa bilmir. İmza səlahiyyətli redaktor müavini şərt qoyub, hökmən bayram səhifəsindəki “novruz” sözü “bahar”la dəyişilməlidir. O sözün altındakı materialların buna qəti etiraz edən müəllifi və vəziyyəti idarə etməyə cəhd edən məsul katibin arqumentlərinə baxmayaraq məmur müavin geri çəkilmir. Nə olsun ki, müəllifin “qızıl qələmi” var, bayramın adı indiyə qədər necə yazılıb elə də yazılmalıdır. Novruz çaparlı o səhifə isə müəllif üçün bütün titullardan daha önəmlidir. Bu, yalnız yaradıcılıq, qonorar məsələsi deyil, söhbət daha dərin prinsiplərdən, müəllifin, redaktorun və məsul katibin birgə layihəsindən gedir.

Nəşriyyatda hamının sevimlisi Əbdül usta hazır nömrəni çapa verməlidir. Əbdül ustanı gözlətmək olmaz. Redaktoru rəsmilər buraxmır. Bu halda qol çəkəsi müavin özünə arxayındır. Müəllif düzəlişlə razılaşmasa, hətta senzuradan keçmiş səhifə bütöv çıxarılıb hazır “zaqon”la əvəz ediləcək. Adam heç vəchlə rusdilli qəzetə milli “Novruz”u buraxmaq istəmir. Məsul katibi xərcləmək olmaz. Redaktoru ləngidən qüvvə onu qol çəksə dərhal işdən atacaq. Məsul katib daxili telefonla vəziyyəti izah edir. Xəttin o başından saat kimi dəqiq Əbdül usta: “İzahatı özünüzə saxlayın, mənə qollu qəzeti göndərin. Bayramdı, çıxaq gedək evimizə”. Məsul katib: “Burda yalnız müəllifdir, o da redaksiyamızda işləmir. O qol çəksin?” Əbdül usta: “Nöş çəkmir, qoy çəksin də. Gül kimi yazılardı. Qollasın qəzeti, hamımızın canı qurtarsın. Fəhlələr də vaxtında evə gedib bayram aşına çatsınlar”.

Məsul katib daxili telefonu ehtiyatla yerə qoyub gərgin halda gülümsəyir:

– Bu da bizim Mərkəzi Komitəmizdir.

Qəzet “Novruz bayramı” ilə çapa gedir...

Bu əhvalatı mənə Bahadur Tahirbəyov çox əvvəllər dostu və həmkarı Nəcəf Nəcəfovun ölümündən sonra danışmışdı. Söhbət zamanı çoxdan tanıdığım güclü adamın bir neçə dəfə gizlincə kövrəldiyini hiss etmişdim.

O zamanlar yaradıcı mühit daha həmrəy idi. Gənclərin təşəbbüsünü həmkarları dəstəklədilər. Onu da deyim ki, məsul olmayan birinin qəzeti çapa imzalamağı o vaxtlar dövlət strukturları tərəfindən ciddi cəzalandırıla bilərdi.

Uşaqlıqları Şıxəli Qurbanovun milli xalq bayramı kimi rəsmiləşdirdiyi Novruza düşənlər o təbii, unudulmaz anların fəsil dəyişməsi kimi saxtalasdırılması, xalqın milli ruhunun əzilməsi ilə barışa bilməzdilər. Uzun-uzun illərdən sonra məhz rusdilli qəzetdə Novruz bayramı layihəsinin yaşıd müəllifləri həmin o nəsildən idilər: “Molodyoj Azerbaycana” qəzetinin redaktoru Nəcəf Nəcəfov, qəzetin məsul katibi Xanlar Məmmədov, “Novruz” səhifəsinin müəllifi Bahadur Tahirbəyov...

Səlahiyyətlərindən istifadə etməklə həyatını riskə ataraq Novruz bayramını xalqın yaddaşına, məişətinə yenidən bəxş etmiş böyük şəxsiyyət Şıxəli Qurbanovun ruhu şad olsun. Xalq hərəkatının ön cəbhəsində daim xalqın mövqeyindən çıxış edən barışmaz jurnalist Nəcəf Nəcəfova Allah rəhmət eləsin. Mərkəzi Komitəni vecinə almayıb mətbəə rəngli zəhmətkeş əlləri ilə novruzlu qəzetə can verən peşəkar Əbdül usta həmişə ehtiramla xatırlanacaq.

P.S. Qəzetin redaktor müavini Semaşkin o hadisədən sonra Mərkəzi Komitəyə təlimatçı-instruktor vəzifəsinə irəli çəkildi.

Pp.s. Bu günlərdə Novruz bayramı münasibətilə Azərbaycan kanalları adətləri üzrə ekranın küncünə Heydər Əliyevin şəklini yapışdırmışdılar...

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/6i8evp

Most Viewed