”8 Marş” bizə nələri göstərdi?

Patriarxallıq o qədər güclüdür ki, cəmiyyətimizə rus işğalından sonra gəlmiş sekulyarizmi asanlıqla qurban verə bilərlər

Source: Fərqanə Novruzova


Patriarxallıq o qədər güclüdür ki, cəmiyyətimizə rus işğalından sonra gəlmiş sekulyarizmi asanlıqla qurban verə bilərlər

Bir müddət əvvəl Bakıda gözəl təşəbbüs baş verdi. 8 martda bir qrup gənc yürüş etmək istədi. Təbii ki, bura Azərbaycandır, imkan verilmədi. Amma yürüşün (və ya yürüş cəhdinin) nəticələri oldu. Məlum oldu ki,

1) Marginal da olsa, ölkədə qadın hüquqlarını müdafiə edən aktivistlər var və onlar qüvvədir, onlara apelyasiya olunacaq. Müxalif qüvvələr onları hesaba qatmalı olacaqlar. Nəzərə alsaq ki, Azərbaycan müxalifəti də elə iqtidarı qədər patriarxal, cinsi ayrı-seçkiçidir, bu, çətin olacaq, amma olacaq.

2) Polislər üçün, rejim üçün “məsələnin siyasiləşdirilməsi” deyə bir səbəb, əsas yoxdur. 8 Marş yürüşünün "Facebook" “ivent”inin (dövlətin rəsmi açıqlamasında bu, məhz “ivent” yazılmışdı) informasiya hissəsində P.S. var idi ki, siyasi şüar səsləndirilməyəcək, siyasi şüar qaldırılmayacaq. Yəni “ay hökumət, biz sakitcə özümüzün şarlı, rəngli, şən, al-əlvan yürüşümüzü keçirib, dağılışacağıq. Amma hökumətin başı xarab deyil. Onlar bilirlər ki, ev sökülməsinə etiraz da siyasidir, qadın hüquqlarını müdafiə etmək də, hətta nərd oynamaq hüququ uğrunda mübarizə də. Çünki hamısı sərbəst toplaşma, birləşmə azadlıqlarının reallaşmasıdır. Hökumət siyasi rəqiblərinə qarşı düşmənçilik etmir, hökumət xalqa, hüquqa, haqq və azadlıqlarımıza qarşı düşmənçilik edir.

3) Ölkədə iqtidar-müxalifət, varlı-kasıb kimi bölgülərdən daha ciddi konfrontasiya var – yaşlı və cavan. Ümumiyyətlə, hazırda dünyada bu məsələ get-gedə daha problemli hal alır. Belə ki, Afrika, Latın Amerikası, Asiya kimi zəif inkişaf etmiş ölkələrdə əhali daha sürətlə artdığına görə orta yaş həddi daha aşağıdır. Məsələn, Afrikada orta yaş 18-dir. Müqayisə üçün – Avropada bu, 42 yaşdır. Qoca Qərb gənc dünyanı idarə edir. Dünyada milyardlarla gənc insan var ki, tarixdə olub keçənlər, modern dəyərlər və s. əksəriyyətinin vecinə deyil kimi görsənir. Onlar dəyişiklik istəyirlər və belə görünür ki, bunu alacaqlar. Amma bu, hansı dəyişikliklər olacaq, bu, gəncliyin özü kimi proqnoz edilməsi çətin bir məsələdir. Azərbaycanda da əhali artır, gənclər meydana çıxır. Onlar nə Elçibəyi görüblər, nə 2003 hadisələrini xatırlayırlar. Onlar dəyişiklik istəyirlər, ağsaqqallara, hətta ölkə uğrunda böyük əməyi keçmiş qocalara da hörmət-zad etməyi düşünmədən xəyallarındakı həyatı yaşamaq istəyirlər. Onların vaxtı azdır. Onlar 18 yaşlarını ən azı bir amerikan gəncin 18 yaşı kimi çılğın yaşamaq istəyirlər. 19 yaşda artıq başqa şey istəyəcəklər. Onların qabağındakı əsas maneə qocalardır, “əxlaqsızlıq” yox, AXCP-Müsavat davası yox, ermənilər yox… Onlar üçün bu cəmiyyətin köhnəlmiş qəlibləri, daşlaşmış stereotipləri o qədər də əhəmiyyət kəsb etmir. Təbii, bütün gənclər belə deyil, bir hissəsi köhnə stereotiplərdə ilişib-qalıb, amma gələcək zincirləri qıranların əllərindədir. “8 Marş” yürüşündə gənclərə hücum edən qoca arvadlara, bu gəncləri sosial şəbəkələrdə söyən qoca qafalı “gənclər”ə, eləcə də “mən feminist deyiləm”, “kişilərin hüquqları pozulmur?”, “qadın hüquqları yox, insan hüquqları” deyən patriarxal düşüncə daşıyıcılarına baxanda bu qoca-cavan nəsil cəbhəsini aydın görmək olur. “8 Marş” bizə bunu əyani şəkildə göstərdi. Müvəqqəti olaraq, qələbə qocaların tərəfində oldu, amma biz zamanı qabaqlayan görüntülərə şahid olduq. Tezliklə qaliblərlə məğlubların yeri dəyişəcək. Patriarxal hakimiyyətin müdafiə etdiyi qoca nəsil arxivə gedəcək və gələcəyi gənclər müəyyən edəcək.

4) O da məlum oldu ki, qadın hüquqlarını məhdudlaşdıran hər hansı ideologiyaya Azərbaycan cəmiyyəti “hə” deməyə hazırdır. Məsələn, “Əxlaqsızlaşıb, Qərb kimi olmaqdansa, qızlarımızın bəkarətini toydan əvvəl itirməsindənsə, onların dövlət tərəfindən məcburi çadralanması yaxşıdır” fikrinə Azərbaycanda islamın heç bir qaydasına riayət etməmiş xeyli insan razı olar. Çünki onlar üçün əsas hədəf sekulyar həyat tərzi yox, qadınların azadlığının qarşısının alınmasıdır. Patriarxallıq o qədər güclüdür ki, cəmiyyətimizə rus işğalından sonra gəlmiş sekulyarizmi asanlıqla qurban verə bilərlər. Sosial şəbəkələrdə özünü sekulyar kimi tanıtmış xeyli aktivistin, gəncin bu məsələdə dindarlara ağız-ağıza verib qışqırışması bunu sübut edir.

Ana səhifəXəbərlər”8 Marş” bizə nələri göstərdi?