”Minsk Qrupu hər şeyi öz adıyla çağırsaydı, indi fərqli mənzərə olardı”

Bunların bir prinsipi var: gərək sülh olsun

Source: meydan tv


Azərbaycan və Ermənistan xarici işlər nazirlikləri bir-birlərini təkzib edirlər

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Polşaya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqların növbəti mərhələsi haqqında açıqlamaları Ermənistan tərəfinin etirazına səbəb olub.

Varşavada keçirilən mətbuat konfransı zamanı Elmar Məmmədyarov ABŞ-ın iki ölkənin xarici işlər nazirlərinin müzakirələri davam etdirmək üçün Vaşinqtonda görüş təşkil etmək təklifini səsləndirib.

Nazir 15 aprel Moskva görüşünü xatırladaraq deyib ki, Bakıya danışıqlarda irəliləyiş lazımdır:

“Deyə bilərəm ki, bu baxımdan elə də nikbin deyiləm, amma real danışsaq, səyləri ikiqat artırmaq lazımdır. Rusiya bunu edir, son görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak etdi. Dünən isə ABŞ-dan təklif aldıq. ABŞ dövlət katibi də danışıqlarda irəliləyişə nail olunmasına töhfə vermək niyyətindədir”.

Buna cavab olaraq, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan

AzadliqRadiosu

nun erməni xidmətinə Vaşinqtonda görüşün keçirilməsi barədə məlumatı şərh edərək, deyib ki, bu məsələ müzakirə mərhələsində olduğundan, birtərəfli anonslar və ictimai diskusiyalar praktikasından çəkinmək lazımdır.

“Bundan başqa görüş haqqında vaxtından əvvəl məlumat vermək danışıqlar prosesində olan tərəflərə və o cümlədən həmin həmsədrə olan hörmətsizlikdir”.

Danışıqların konkret mövzusuna gəldikdə isə Anna Naqdalayan deyib ki, hazırda danışıqlar hansısa bir proqram ətrafında aparılmır.

“Danışıqların əsas hissəsi bir-birinin mövqeləri ilə tanışlıq, onların aydınlaşdırılması və dəqiqləşdirilməsi üzərində gedir”, – A.Naqdalyan deyib.

Anna Naqdalyanın dediklərinə isə Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva cavab verib.

Mətbuata açıqlamasında o bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Azərbaycan xarici işlər nazirinin erməni tərəfi və ya ATƏT-in Minsk Qrupunun həmsədləri ilə keçiriləcək görüşlər və atılacaq addımlara dair şərhləri “3+2” formatında qəbul edilmiş birgə bəyanatlara tam uyğun olaraq edilir.

Leyla Abdullayeva qeyd edib ki, sözügedən bəyanatlar isə açıq şəkildə iki ölkə əhalisinin sülhə hazırlanması zərurətini dəstəkləyir.

“Ermənistan rəhbərliyi anlamalıdır ki, mövcud status-kvo qəbuledilməzdir, dayanıqlı deyildir və bu proses həmişəlik davam edə bilməz. Biz Ermənistan Xarici İşlər Nazirliyini “3+2” formatında qəbul edilmiş bəyanatlara qoşulmağa və daha praqmatik olmağa, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinə etimad göstərməyə və dəstək nümayiş etdirməyə dəvət edirik”.

Onun sözlərinə görə, əgər Ermənistan tərəfi etimad quruculuğundan və danışıqlarda səmimiyyətin yaradılmasından bəhs edirsə, o zaman Azərbaycan tərəfində olduğu kimi onlar da qarşılıqlı etimadın yaradılmasına çalışmalı və buna uyğun şərhlər verməlidirlər.

“Eyni zamanda, onlar regionda sülh, sabitlik və rifahın yaradılması istiqamətindəki səylərə qoşulmalıdırlar”, – Leyla Abdullayeva deyib.

Yaranmış situasiyanı Meydan TV-ə şərh edən siyasi icmalçı İlqar Vəlizadə xarici işlər nazirlikləri arasında təkzibləri günün reallığı adlandırıb.

İlqar Vəlizadə
İlqar Vəlizadə

O hesab edir ki, tərəflərin interpretasiyaları əsaslı olaraq fərqlənir və hər biri öz proqramını qurur.

“Azərbaycan tərəfi danışıqlarda proqram olduğunu deyir, erməni tərəfi isə bunu sadəcə söhbətlər sayır. Amma məsələ ondadır ki, bu danışıqlar Minsk Qrupu çərçivəsində baş verir, görüşlərin protokolları olur. Yəni hansısa struktur olmasa bu mümkün deyil. Əgər danışıqların gündəliyi varsa, bunlar ətrafında ardıcıl müzakirələr aparılır”.

İlqar Vəlizadə tərəflərin yanaşmalarına toxunaraq deyib ki, Azərbaycan işğal olunmuş, onlar isə azad olunmuş torpaqlardan danışır.

“Azərbaycan cəhbə xəttindən danışır, onlar Dağlıq Qarabağ adlı qurumun rəsmi sərhədi sayırlar. Əlbəttə, bu, acınacaqlıdır. Amma mövcud reallığa baxmayaraq nəticə gözləyirik. İndiki mərhələdə ərazilərin boşaldılması mümkün olmasa da, heç olmasa giriovların qaytarılması gerçəkləşsin. Baxmayaraq ki, onlar cinayətkar, biz isə girov sayırıq”.

Politoloq həmsədrlərin bu cür yozumlara susqunluqla yanaşmasını şərh edərək, deyib ki, ATƏT-in Minsk Qrupu prinsipi olmayan qurumdur.

“Bunların bir prinsipi var: gərək sülh olsun. Əgər ATƏT-in Minsk Qrupu hər şeyi öz adıyla çağırsaydı, indi fərqli mənzərə olardı. ATƏT-in Minsk Qrupu desəydi ki, yanaşmalar müxtəlif ola bilər, amma bu, işğaldır, o zaman indiki vəziyyəti yaşamazdıq. ATƏT-in Minsk Qrupu heç bunu da demir, sadəcə, susur”.

Rəsmi məlumata görə, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli,Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Ana səhifəXəbərlər”Minsk Qrupu hər şeyi öz adıyla çağırsaydı, indi fərqli mənzərə olardı”