Qazaxıstanda hakim partiya Toqayevin prezidentliyə namizədliyini irəli sürüb

Nur Otan öz saytında verdiyi bəyanatda bildirib ki, partiya xüsusi olaraq keçiriləcək konqresdə namizədini bəlli edəcək.

Source: google.az


Nazarbayev xalqa çağırış edib

Qazaxıstanın iqtidardakı Nur Otan Partiyası müvəqqəti prezident Qasım-Jomart Toqayevin prezidentliyə namizədliyini irəli sürüb, – Azadlıq Radiosu xəbər verir.

Bu haqda bəyanat aprelin 23-də partiyanın qurultayında verilib.

"Mən Toqayevin namizədliyinin nəzərdən keçirilməsini təklif edirəm", – Nur Otan Partiyasının sədri Nursultan Nazarbayev deyib.

Nazarbayev 30 illik hakimiyyətindən sonra qəfil istefa verib və yeni prezident seçkilərinin keçirilməsinə zəmin yaranıb.

Nazarbey həmçinin ölkənin Təhlükəsizlik Şurasının sədri olaraq qalır və rəsmi olaraq "millətin lideri" statusunu daşıyır. "Hər kəsi onun namizədliyini dəstəkləməyə çağırıram," – Nazarbayev bildirib.

Partiya təklifi yekdilliklə qəbul edib. Nur Otan öz saytında verdiyi bəyanatda bildirib ki, partiya xüsusi olaraq keçiriləcək konqresdə namizədini bəlli edəcək.

1991-ci ildə Sovetlər Birliyinin dağılmasından bəri Qazaxıstana rəhbərlik edən və azadlıqlara dözümsüzlüyü ilə tanınan Nazarbayev 19 martda istefasını elan etmişdi və o vaxtdan etibarən parlamentin üst palatasının sədri olan uzun müddətli diplomat Toqayev ölkənin müvəqqəti prezidenti olaraq fəaliyyət göstərir.

Aprelin 9-da Toqayev erkən prezident seçkilərinin 9 iyunda keçiriləcəyini elan edib. Erkən prezident seçkisi ölkədə Nazarbayevin istefasından sonra siyasi keçid dövrünü qısaltmaq və qeyri-sabitliyi yumşaltmaq məqsədini daşıyır.

Səsvermənin elan edilməsi hakim partiyanın namizədinin potensial müxalif rəqiblərini kampaniya aparması üçün az vaxtla məhdudlaşdırıb. Bu, müxalifətin marjinallaşdığı bir ölkədə onların qələbəyə şanslarını azaldır. Qazaxıstanda siyasətin gedişatına hələ də Nazarbayev nəzarət edir.

Nazarbayevin böyük qızı Dariğa Nazarbayeva atasının siyasi varisi hesab olunurdu. Nazarbayeva Toqayev 20 mart tarixində prezident vəzifələrini icra etməyə başladıqdan sonra senatın spikeri seçilib.

Toqayevin namizədliyi polisin Almatıda etiraz edən gənc fəallardan bir neçəsini saxladıqdan sonra elan edilib. Fəallar ölkədə keçirilən maratona etiraz ediblər. Onlar böyük bir plakat açaraq "Siz həqiqətdən qaça bilməzsiniz" yazıblar. Bununla yanaşı gənclər ədalətli seçkilərə çağırış ediblər.

Tutulan fəallardan ikisi Asiya Tulesova və Beibarys Tolymbekov ölkənin qanunlarına zidd olaraq, icazəsiz ictimai etiraz etdikləri üçün 15 gün həbs cəzasına məhkum ediliblər. Aprelin 22-də eyni hərəkətə görə digər üç fəal cərimə olunub.

Qazaxıstanı son vaxtlar qeyri-adi şəkildə etiraz dalğaları bürüyüb. Etirazçılar hökuməti insanların ehtiyaclarını və istəklərini məhəl qoymamaqda günahlandırırlar.

Ana səhifəDünyaQazaxıstanda hakim partiya Toqayevin prezidentliyə namizədliyini irəli sürüb