Rusiyanın güc strukturları opera müğənnisi ilə maraqlanır

Ehtimal ki, onlara müğənninin xeyriyyə fondu və ehtiyatsız bəyanatları şübhəli görünüb

Source: Фото: скриншот видео youtube канала Ossetia News

Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən Moskvada Şimali Osetiyadan (Rusiyanın tərkibidə respublika) olan opera müğənnisi Vadim Çeldiyev saxlanılıb. Çeldiyev özünə olan marağı Şimali Osetiyada təsis etdiyi və respublikanın yerli hakimiyyətinə narahatlıq yaradan xeyriyyə fondunun fəaliyyəti ilə əlaqələndirir.

Çeldiyev saxlanılması barədə martın 12-də “Kavkazskiy uzel” onlayn nəşrinə danışıb. Müğənninin sözlərinə görə, Moskvada saxlanılarkən ona siyasi baxışları və partiya mənsubiyyəti ilə bağlı “gülməli suallar” verilib.

Müğənni Vladiqafqazdan gəldiyi Moskva hava limanında saxlanılıb.

"Moskvaya hansı məqsədlə gəldiyimi soruşdular. Bu, nə sualdır? Vətəndaşdan öz ölkəsinin hüdudlarında niyə yerdəyişmə etdiyini soruşarlar? Onlara dedim: "Bunun sizə dəxli yoxdur. Şəhəri görməyə gəlmişəm. Siyasi baxışlarımı, hansı partiyanı müdafiə etdiyimi öyrənməyə çalışdılar. Gülməlidir. Heç birini müdafiə etmirəm,” – Çeldiyev söyləyir.

O, bir vətəndaş kimi hüquqlarının pozulduğuna etiraz edir. "Yerlilərimin gözləri qarşısında bir cinayətkar kimi bayıra çıxardılar. Sonra suallar verdilər. Cavablarımı hansısa kağıza yazdılar. Bu vaxt nəyə görə və niyə saxlanmağımla bağlı hər hansı sənəd təqdim etməkdən imtina etdilər", – o danışır.

Vadim Çeldiyev – Sankt-Peterburqdakı Marinski teatrının solistidir, Vətəninə, Şimali Osetiyanın Vladiqafqaz şəhərinə yaxınlarda, yanvarın sonunda qayıdıb. Həmin vaxt Çeldiyevin Vladiqafqazda aztəminatlı ailələrə yardım məqsədilə “İron Ziu” xeyriyyə fondunu təsis etdiyi məlum olub.

Çeldiyevin sözlərinə görə, opera müğənnisi karyerasına son verib və o cümlədən əsasını qoyduğu fondun xeyrinə dövri olaraq konsertlər təşkil edir.

"Bizim fondumuz yoxsullara, aztəminatlı insanlara, çoxuşaqlı ailələrə, xəstələrə yardım edir. Həmçinin gənc istedadlara kömək edirik. Dövlətin imtina etdiyi hər kəsə. Dövlətdən rədd cavabı alandan sonra insanlar bizim yanımıza gəlirlər. Fond öz yardımı ilə həm də hökuməti işləməyə məcbur və motivasiya edir. Biz sosial müdafiənin heç vaxt gedib çatmadığı evlərə baş çəkirik. Məsələn, qadın 15 ildir yeriyə bilmir, əlildir. Ona heç vaxt heç kim baş çəkməyib. Üstəlik, əlilliyi də rəmiləşdirilməyib. Mən o qadının müraciətini İnternetdə yerləşdirəndən sonra bircə gün ərzində onun birinci qrup əlilliyini rəsmiləşdirdilər. Biz sadəcə öz fəaliyətimizlə hökuməti işləməyə məcbur edirik. Onların işi haqqında həqiqəti söyləyirik, bu isə xoşlarına gəlmir", – Çeldiyev danışır.

“Kavkazskiy uzel” nəşri ilə söhbətində Çeldiyev onu da bildirir ki, hüquq-mühafizə orqanlarının onunla maraqlanması Rusiya prezidenti Vladimir Putinə səs vermədiyini nümayişkaranə bəyan etməsi ilə də bağlı ola bilər. Müğənni bu cür bəyanatı 2018-ci ilin payızında Vladiqafqazdakı “Elektrosink” zavodunun fəaliyyətinə qarşı etiraz aksiyasında səsləndirib.

"Bir nəfər Putinə müraciət edərək hamının onun elektoratı olduqlarını söylədi. Mən dözmədim. Mən Putinə səs verməmişəm, tanıdıqlarımdan da heç kim ona səs verməyib", – Çeldiyev qeyd edir.

Onun sözlərinə görə, Şimali Oseetiyanın hüquq-mühafizə orqanları tərəfindən söhbətə dəvət olunub, ancaq çağırış vərəqəsi olmadan getməkdən imtina edib.

"Mənə təki sakitləşim və susum deyə artıq vəzifələr və ya deputat olmaq təklif olunub. Ancaq mənə vəzifə yox, xalqımın rifahı və sabit həyatı lazımdır. Hakimiyyətdəkilərə deyirəm: "Sizin vicdanla işləməyə başlamağınızı gözləyirəm". O vaxt sakitcə bilet alıb yaradıcılıqla məşğul olmağa yollanacam. Məni sakitləşdirmək üçün bu cür şeylər düşünüb tapırlar. Vladiqafqaza qayıdanda mənə qarşı təxribatı kimin və nə üçün düşündüyü ilə mütləq maraqlanacam", – Çeldiyev deyir.

Vadim Çeldiyevin saxlanılmmasının onun mitinqdə söylədikləri ilə bağlı olduğuna Vladiqafqazda yaşayan jurnalist Alixan Xoranov da inanır.

“Çətin ki Moskvada kiməsə artistin bölgədəki fəaliyyəti maraqlı olsun. Ancaq onun mitinqdəki çıxışı Moskva hüquq mühafizəçilərində neqativ reaksiya doğura bilər”, – Xoranov hesab edir.

Xoranovun fikrincə, Moskvanın güc strukturları Çeldiyevi paytaxtdakı digər etiraz aksiyalarında, məsələn, İnternetə məhdudiyyətlə bağlı etiraz mitinqində iştirak edib-etmədiyini yoxlamaq üçün də saxlaya bilər.

Ana səhifəXəbərlərRusiyanın güc strukturları opera müğənnisi ilə maraqlanır